Mədə yanmasını saniyələr ərzində yox edən qidalar
17-05-2024, 09:34
Yediyimiz-içdiyimiz bir çox qida mədə yanmasına və mədə ağrısına səbəb ola bilir. Zamanla bu simptomlar reflüks, qastrit və xoralara çevrilir.
Uzunmüddətli həll yolu olmasa da, mədə yanması zamanı istehlak edildiyi anda effekt verən bir neçə qida var.
Həmin qidaları təqdim edirik:
Ayran: soyuq ayran turşuluğa qarşı faydalı antidotdur. Mədə yanmasını aradan qaldırmaq üçün bir stəkan soyuq ayran içmək olar. Ayran mədədəki turşuluğu neytrallaşdıran laktik turşu ehtiva edir. Laktik turşu mədənin selikli qişasını örtərək, qıcıqlanma və reflüks simptomlarını azaldır, mədəni rahatlaşdırır.
Bundan əlavə, ayran təbii probiotikdir. Probiotiklərdə olan yaxşı bakteriyalar qaz meydana gəlməsini və şişkinliyin qarşısını alır.
Banan: həzm prosesini sürətləndirən yüksək lif tərkibinə görə bağırsaq və mədə sağlamlığı üçün son dərəcə faydalıdır. Banan kaliumla zəngindir və mədədə selik istehsalını çoxaldaraq artıq turşu əmələ gəlməsinin qarşısını alır. Həmçinin mədədəki artıq turşu istehsalının zərərli təsirləri ilə mübarizə aparır. Yetişmiş banan mədə problemlərinə qarşı əla antidotdur.
Soyuq süd: südün yüksək miqdarda kalsium ehtiva etdiyi və buna görə də sümük sağlamlığı üçün super qida olduğu məlumdur. Ancaq kalsiumun reseptsiz satılan antasidlərin əsas tərkib hissələrindən biri olduğunu bilirdinizmi? Kalsium pH balansını qorumağa kömək edir. Həzmi yaxşılaşdırır.
Qeyd edək ki, bütün bunlar mədə yanması və ya mədə ağrısı zamanı ani effekt verən, qısamüddətli həll yollarıdır. Mədədə problemlər mütəmadi hal alıbsa, vəziyyəti ciddi qəbul etmək və həkim müayinəsindən keçmək lazımdır. \\Medicina.az