Erməni din xadimlərinin “qan-qan” çağırışına Şeyxin “dişsiz” mövqeyi - AXI NİYƏ?!

27-07-2022, 10:39           
Erməni din xadimlərinin “qan-qan” çağırışına Şeyxin “dişsiz” mövqeyi - AXI NİYƏ?!
Məlum olduğu kimi, erməni din xadimləri zaman-zaman gəncləri silahlanmağa və türkləri öldürməyə çağırır. Bugünlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşüb. Görüş zamanı erməni din xadimlərinin məlum çağırışı da müzakirə olunub. A. Paşazadə qeyd edib ki, erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənir: “Azərbaycan və Gürcüstanın ali dini liderləri hər zaman sülhün tərəfdarı olublar. Hər iki ölkənin ali dini liderləri bunu dəfələrlə bəyan ediblər. Lakin təəssüflər olsun ki, digər qonşumuz Ermənistanın din xadimləri bunun əksini edirlər. Erməni kilsəsi və rəhbərliyi, din xadimləri çox təəssüf ki, revanşizmə çağırışlar edirlər. Daim pozuculuq fəaliyyəti ilə məşğul olan erməni din xadimləri gəncləri silahlanmağa, müharibəyə və öldürməyə çağırırlar. Bu isə çox böyük təhlükələrə səbəb ola bilər. Onlar tarixdən dərs götürməlidirlər”.

Erməni keşişin müharibə çağırışına Şeyxülislam Allahşükür Paşazadənin, sadəcə, “təəssüflənirəm” fikrini səsləndirməsi ekspertlər tərəfindən yetərli hesab edilmir. Onların fikrincə, məlum çağırışla bağlı daha kəskin addımlar atıla bilərdi. Bildirilir ki, şeyxülislam məlum məsələ ilə bağlı Roma papasına, bütün dünya dini liderlərinə çağırış edərdi ki, erməni keşiş qan, müharibə istəyir. Erməni keşişlərin qan tökmək çağırışı ilə bağlı bəyanat verilməli idi. Bu məsələ beynəlxalq aləmdə ictimailəşdirilməli idi.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Hansı dinə mənsub olmasından asılı olmayaraq, din xadiminin dağıdıcılığa, pozuculuğa və sülh əleyhinə çağırış etməsi qınanmalıdır. Xüsusilə yaşadığımız dövrdə bəşəriyyətin üzləşdiyi çətinliklər və sonsuz savaşlar fonunda din xadimlərinin dialoq yaratması, insanları ayıq-sayıqlığa dəvət etməsi olduqca mühümdür. Özünü ilahi dəyərlərə bağlı bilən şəxs başqa necə davrana bilər? Mənasız qurbanların verilməsinə, xalqının daha da acınacaqlı duruma düşməsinə necə razı ola bilər? Bu inanc adına bir faciədir, insanların inamı ilə manipulyasiyadır. İnformasiyanın sürətlə yayıldığı bir dönəmdə erməni keşiş özünün əsl simasını göstərərək dünyaya özünü rüsvay etdi, dünyanın önündə ümumbəşəri dəyərləri tapdaq altına atdı.

Şeyxülislam Hacı Allahşükür Paşazadə İkinci Qarabağ müharibəsi və ondan sonrakı dönəmdə mütəmadi olaraq Azərbaycandakı dini konfessiya liderləri ilə birlikdə erməni vəhşiliyi və vandalizminə etiraz bəyanatları verib, müxtəlif ölkələrin dini liderləri və beynəlxalq dini qurumların Azərbaycana dəstək verməsi üçün çalışıb. Şeyxin müharibənin bitməsindən dərhal sonra dünya liderlərinə müraciətini xatırlatmaq olar. Bu müraciətdə müharibənin Ermənistan tərəfindən başladılması, Azərbaycan xalqına qarşı cinayətlərin törədilməsi barədə faktlara əsaslanan ətraflı məlumat verilib. Bundan əlavə, o, Azərbaycandakı dini konfessiya liderləri ilə birlikdə Qarabağa səfər etmiş və həmin dini liderlər Ermənistanın bütün dinlərə qarşı hörmətsizlik edib riyakarcasına özünü məzlum göstərməsindən hiddətləndiyini bəyan etmişdilər. Bu dəfə isə Allahşükür Paşazadə üçüncü ölkədə, başqa xalqın dini lideri ilə görüş zamanı bu xəbərə münasibət bildirib. Şəraitə uyğun olaraq, onun münasibəti həm təmkinli, həm diplomatik tələblərə, həm də dini əxlaqa uyğun olaraq mümkün qədər kəskin idi. Mən də hesab edirəm ki, erməni din xadimlərinin xristianlığın mahiyyətinə uyğun olmayan, öz xalqını fəlakətə sürükləyən bəyanatlarına adekvat münasibət bildirilməli və erməni kilsəsinin təcavüzkarlığa dəstək verən dağıdıcı fəaliyyəti dünyanın nüfuzlu din xadimləri, xüsusilə xristian din xadimləri tərəfindən kəskin şəkildə qınanmalıdır. Bu, həm xristian dininin simasının qorunmasına, həm də dinin əsas prinsiplərindən biri olan ədalətə xidmət hesab oluna bilər". Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı AG Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a fikirlərini açıqladı: “Erməniləri bütün fəaliyyətlərə istiqamətləndirən daim kilsə olub. Ümumiyyətlə, ermənilər həmişə kilsə ətrafında konsolidasiya olublar. Erməni kilsəsi isə tarixin bütün dövrlərində aqressiyanı təbliğ edib. Şeyx kimə çağırış eləsin? Tarixən türklərə və müsəlmanlara qarşı ideoloji savaşın önündə olanlaramı? Onlar indiyə kimi nə ediblər? Məncə, biz başqa ibrət götürməliyik. Din xadimlərimiz xalqımızın dini maarifləndirilməsində fəal olmalı, döyüş bölgələrinə ən güclü vaizləri göndərməliyik. Tam əksinə, bizim ruhanilər elə bir mücahidə və şəhadət çağırışı etməlidir ki, erməninin və ”dayılarının" “yetişmişi dura-dura kalı tökülsün”. Ona görə dünyaya səslənişdə bir xeyir görmürəm. Erməni bir dildən anlayır. Qana qan, dişə diş. Şuşada səslənən azanların Zəngəzurun tamamında səslənməsi zamanı gəlmədimi?!"

Dini ekspert Kənan Rövşənoğlu da mövzu ilə bağlı düşüncələrini bizimlə bölüşdü: “Erməni kilsəsi hər zaman işğal və separatçı hərəkatın əsas dəstəkçisi və ilham qaynağı olub. Məlum olduğu kimi, ermənilər uzun bir tarixi dövrdə dövləti olmayan xalq olub və bu zaman erməni icmasının əsas siyasi-ideoloji mərkəzi rolunu kilsə oynayıb. Yeni kilsə ermənilər üçün mərkəz, birləşdirici vasitə olub. Doğrudur, XIX əsrdə etnik millətçilik amili kilsəni sıxışdıranda ermənilər arasında da populyar millətçi siyasi təşkilatlar yarandı, məsələn, Daşnaksütyun kimi. Amma buna baxmayaraq, kilsə rolunu qoruyub saxlamağa çalışırdı. Bu səbəbdən də kilsə çox zaman bu cür üsyan və separatçı hərbi kampaniyanın önündə yer alırdı. Əlbəttə, bu zaman erməni kilsəsi bir dini mərkəz rolundan daha çox etnik siyasi hərəkatın ideoloji mərkəzi kimi çıxış edirdi. Digər tərəfdən, ermənilər öz cinayətkar fəaliyyətlərinə dəstək tapmaq üçün xristian dünyasında din amilini qabardıb, baş verənlərin müsəlman-xristian qarşıdurması görüntüsü verməyə çalışıblar və buna müəyyən mənada nail olublar. Yəni bir sözlə, kilsə və din amili erməni separatizmi və işğal hərəkatında çox vacib silah rolunu oynayıb. Hələ də oynamaqda davam edir. 2020-ci ildə Fransa Milli Assambleyasının ”Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması" adlı qətnaməni qəbul etməsi erməni kilsəsinin rolu idi. Amma əlbəttə, bu dinin rolu deyil, dinlər, o cümlədən xristianlıq müharibə və terrora çağırış edə bilməz. Bu, dinin rolunun dəyişdirilməsidir. Əlbəttə, ayrı-ayrı zamanlarda dindən, o cümlədən xristianlıq və İslamdan da bu cür məqsədlər üçün istifadə cəhdləri olub. Amma bu, hər zaman qınanıb. Dinin həssas, ülvi çağırışlarını müharibə və terror kimi cinayətlərə qurban vermək olmaz".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.