Ağ Ev Kremli Qarabağdan “çıxarır”: - Laçın məsələsi həll olunur?

27-07-2022, 19:22           
Ağ Ev Kremli Qarabağdan “çıxarır”: -
Azərbaycan və Ermənistanın rəsmi nümayəndələri iki ölkənin liderlərinin görüşü barədə danışıqlar aparır.

Bu barədə bu gün brifinqdə hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının rəhbəri Eduard Ağacanyan bildirib.

“Bildiyim qədər, liderlərin (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan) görüşünün keçirilməsi üçün danışıqlar aparılır, lakin konkret tarixiləri deyə bilmərəm”, - o əlavə edib.

Qeyd edək ki, görüşün yeri ilə bağlı ekspertlər müxtəlif ehtimallar irəli sürür. Bunlar arasında daha çox Brüssel və Tiflis şəhərlərinin adı çəkilir. Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin mayın 22-də Brüsseldə baş tutan görüşündən sonra yayılan açıqlamada müzakirələrin iyul-avqust aylarında davam etdiriləcəyi bildirilirdi. Bu baxımdan, növbəti Brüssel danışıqlarının vaxtı çatıb. Ona görə də iyulun sonu-avqustun əvvəlində Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüşün təşkili mümkün ola bilər.

Digər variant isə Azərbaycan və Ermənistan arasında görüşün ABŞ-ın vasitəçiliyi ilə keçirilməsidir. Belə ki, ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə telefon danışığından bir gün sonra Eduard Ağacanyanın verdiyi açıqlama görüşün baş tutmasında təşəbbüsün rəsmi Vaşinqtona aid olduğunu deməyə əsas verir. Ancaq bu, görüşün ABŞ-da keçirilməsi anlamına gəlmir. Entoni Blinken İlham Əliyev və Nikol Paşinyanla söhbətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 16-da Gürcüstan paytaxtında keçirilən görüşünü dəstəklədiyini bildirib və həmin müzakirələri davam etdirməyə çağırıb.

Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşünün əsas təşəbbüskarının ABŞ olduğunu nəzərə alsaq, Vaşinqtonun liderləri də Tiflisdə bir araya gətirmək istədiyini söyləmək olar. Qeyd edək ki, Rusiyadan fərqli olaraq, Avropa İttifaqı və ABŞ birbaşa vasitəçiliyə üstünlük vermir. Qərb bu prosesin daha çox ikitərəfli formatda, yəni Azərbaycan və Ermənistan liderlərinin öz arasında keçirilməsini təklif edir. Bu mənada danışıqlar neytral məkanda da aparıla bilər. ABŞ-ın müzakirələr üçün Vaşinqtonu deyil, Tiflisi seçməsi də sözügedən səbəblə bağlıdır.

Görüşün gündəliyinə gəlincə, hazırda daha aktual məsələ Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Azərbaycanın xarici işlər naziri Tiflisdə görüşlərin səmərəli və davamlı alınması üçün Ermənistan Ordusunun qalıqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasını tərk etməsini əsas şərt kimi irəli sürüb. Digər vacib məsələ isə Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni alternativ yolun çəkilməsi müqabilində işğal dövründə Laçın rayonunda və kəndlərində qanunsuz məskunlaşmış ermənilərin həmin ərazini tərk etməsi ilə bağlıdır. Artıq yolun inşası başa çatıb və istifadəyə verilməyə hazırdır. Lakin ermənilər Laçından çıxmaq istəmir. Ona görə də liderlərin görüşündə çox güman ki, Ermənistanın Laçınla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi gündəlikdə dayanan əsas məsələlərdən olacaq. Teref.az-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, həmçinin sülhün əldə edilməsi prosesindən yayınır. Ekspert hesab edir ki, Entoni Blinkenin Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana telefon zəngi ABŞ-ın hazırda tərəflər arasında yüksək səviyyəli görüşün təşkili üzərində iş apardığını göstərir:

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tiflisdəki görüşü müzakirələrdə müəyyən irəliləyiş olduğunu göstərdi. Həmin müzakirələr də ABŞ-ın vasitəçiliyi ilə baş tutmuşdu. ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların Rusiyanın iştirakı olmadan aparılmasının tərəfdarıdır. Biz bu prosesdə Avropa İttifaqının da çevik rol oynadığını müşahidə edirik. Vaşinqton da Brüsselin bu vasitəçilik siyasətini dəstəkləyir. Ancaq Moskva Avropa İttifaqının vasitəçilik səylərini sabotaj etdiyinə görə ABŞ da prosesə qoşulub və Ermənistanı Azərbaycanla sülhə yönəldur. ABŞ Ermənistanı manevr etməməyə çağırır. Düşünürəm ki, yeni görüş Tiflisdə baş tuta bilər. Tiflis Azərbaycanla Ermənistan arasında danışıqların rəmzidir. Tiflis formatı göstərir ki, Azərbaycan və Ermənistan üçüncü dövlətin müdaxiləsi olmadan öz arasında birbaşa dialoq qura bilər. Vaşinqton da Gürcüstan paytaxtında belə bir görüşün baş tutmasına çalışır. Azərbaycan belə danışıqlara hər zaman hazırdır. Sadəcə olaraq, Paşinyan Moskvadan çəkinir. Ona görə ABŞ-ın Ermənistana müəyyən təzyiqləri ola bilər. Çünki bu görüş regionda yeni nizamın formalaşması baxımından ABŞ-ın və Avropanın maraqlarına cavab verir. Eyni zamanda, Qərbin də prosesdə rolunu artırır”.

Ekspert hesab edir ki, görüş baş tutarsa, silahlı erməni birləşmələrinin Qarabağdan tam çıxarılması, yeni yolun çəkilməsi müqabilində Laçın şəhərinin Azərbaycana qaytarılması, sülh prosesinin real danışıqlar müstəvisinə keçməsi müzakirə predmeti ola bilər:

“İndiyə qədər Azərbaycan və Ermənistan liderləri Rusiyanın, Avropa İttifaqının vasitəçiliyi ilə bir araya gəlirdisə, artıq Vaşinqton missiyanı əlinə alır. ABŞ müzakirələrdə ATƏT-in Minsk qrupunun vasitəçiliyini qaldırmayacaq. Əgər Vaşinqton bunu etsə, Azərbaycan danışıqlardan imtina edə bilər. Bunu Dövlət Departamenti də bilir. Əgər ABŞ görüşü təşkil edə bilsə, Vaşinqton tərəfindən Ermənistana təzyiq olarsa, gələn ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.