AMEA-ya hücumu kim təşkil edib - Məqsəd nədir? VİDEO

28-07-2022, 16:01           
AMEA-ya hücumu kim təşkil edib -
AMEA-ya qarşı AzTV-nin başladığı kampaniyaya ötən gün Real TV rəhbəri Mirşahin də qoşulub.

Yəni: AzTV ən gənc, təcrübəsiz müxbiri ilə prosesə başlamışdısa, Real TV öz rəhbəri ilə məsələyə reaksiya verdi.

Qəribədir: iyulun sonu, alimlərin böyük əksəriyyətinin məzuniyyətdə olduğu bir vaxtda AMEA birdən-birə kimin yadına və niyə düşməlidir?

Artıq Ramiz Mehdiyev də yoxdur ki, sifarişin hansısa düşərgədən gəldiyi haqda ehtimallar irəli sürülsün.

Görünür, bu, başqa kampaniyadır: AzTV AMEA adlı qurumda işləyənin olmadığını çox primitiv formada nümayiş etdirir, dərhal sonra isə Mirşahin baltanı kökündən vurur: “Bu qurum lazımdırmı?”



Hər iki süjetdə Prezident İlham Əliyevin AMEA-da alimlər qarşısındakı çıxış və göstərişlərindən istifadə edilməsi isə kampaniyanın koordinasiya edildiyi anlamına gəlir.

Əslində, kampaniyasız da AMEA-nı ləğv etmək olar, əgər hakimiyyətdə bu barədə fikir iyulun sonunda peyda olubsa, xüsusi antitəbliğata qəti ehtiyac yoxdur. AMEA-nı bir qurum kimi ləğv edib, Təhsil Nazirliyinə birləşdirmək də islahatların tərkib hissəsi kimi daim hallanıb – bu da mümkündür.

Ancaq bunu kampaniya halına salmaq, həm də məzuniyyət vaxtı – bu, bir az qeyri-məntiqlidir.

Mirşahinin süjetində ən ciddi vurğu Akademiyada “döyüşə qocaların getməsi və uduzması” tezisi üzərində qurulub və ən ciddi nöqsan da burdadır.

Əvvəla ona görə ki, Akademiya rəhbərliyində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bacısı, tanınmış alim və akademik Nərgiz xanım Paşayeva da təmsil olunur.

N.Paşayeva bu qurumda vitse-prezidentdir. AMEA haqda hökumətyönlülər tənqid səsləndirərkən, bu faktı da nəzərə alsalar, “siyasi səhvdən” qurtulmuş olarlar.

İkincisi, AMEA-nın faktiki idarəedicisi olan Arif Həşimov olduqca nüfuzlu alimlərimizdən biridir və peşəkar təşkilatçıdır.

Nəzərə alsaq ki, Ramiz Mehdiyev yeni yola salınıb və idarəetmənin A.Həşimova keçməsi ilə məzuniyyət günləri başlayıb, akademikə ən azı vaxt tanımaq etikadan olardı.

A. Həşimova zaman vermək, daha sonra tənqidlərə başlamaq lazımdır. Akademik “bismillah” eləməmiş hər yerdən üstünə tökülmək qeyri-etik və media obyektivliyinə yaraşmayan hərəkətdir.

Üçüncüsü, AMEA-da hansı proseslər getdiyini, nələr dərc edildiyini, hansı araşdırmalar aparıldığını, hansı “tarixin” tapıldığını öyrənmədən, bilmədən, alimlərin iş rejiminə bələd olmadan “qamçını” ələ almaq ədalətsizlikdir.

Elə rəy yaranmasın ki, AMEA-nı müdafiəyə girişmişik: bu qurumda kifayət qədər nöqsanlar var, işləri qənaətbəxş deyil, yeni texnologiyalar və yeni düşüncə ilə tam işləyə bilmirlər və s. Ancaq tənqid əsaslandırılmış olmalıdır.

Dördüncüsü, “uduzmaq” məsələsi... Gərək, AMEA-nın “tənqidində” bu “silahdan” istifadə olunmazdı. Çünki…

AzTV və Real TV də daxil olmaqla, böyük texniki imkanları, komandası və məhdudiyyətsiz yayım imkanları olan, hər kəsin evinə girmək fürsəti verilmiş və yaxşıca maliyyə buraxılmış kanallar tək bircə kompüterlə canlı yayım və yaxud debatlar təşkil edən blogerlərə, yutuberlərə, sosial şəbəkə fəallarına rüsvayçı hesabla uduzurlar.

İndi detallara varıb, biabırçı statistikanı da bura əlavə edib, əziz həmkarlarımızın qanını qaraltmaq istəmirik…

Əgər sözügedən televiziyalarda peşəkar və illərin jurnalistlləri oxucu auditoriyası toplaya bilmirsə; əgər peşəkarlar və illərin tanınmış jurnalistləri biabırcasına yutuberə uduzursa; üstəlik, onların istənilən mövzuda danışığı dərhal ictimai anti-reaksiya doğurursa, əvvəlcə özlərinə baxmalıdırlar, özlərini dəyişməyi bacarmalıdırlar, təbliğat formasını tapmalı, ictimaiyyətin rəğbətini qazanmalıdırlar.

/hurriyyet.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru