Niyə Elm və Təhsil Nazirliyi? - “Yeni nazir təyinatı olacaqsa...”

29-07-2022, 18:41           
Niyə Elm və Təhsil Nazirliyi? -
“Qloballaşan dünyada elmin qarşısında duran vəzifələr genişlənir, elmin bütün sahələri üzrə yeni paradiqmalar ortaya çıxır. O paradiqmaların öyrənilməsi və tətbiqi istiqamətində tədqiqatlar aparılır”. TEREF.AZ xəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Azərbaycanda Elm və Təhsil Nazirliyinin yaradılması, AMEA-nın bəzi müəssisələrinin bu nazirliyin tabeliyinə verilməsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, postsovet məkanına daxil olan ölkələrin əksəriyyətində Elm və Təhsil Nazirliyi yaradılıb:

“Litvada, Qazaxıstanda, Gürcüstanda və Rusiyada bunu görə bilərik. Elm və təhsilin vəhdətinin dərinləşməsi üçün nazirliyin fəaliyyəti altında birləşmək işləri sürətləndirə, gənclərin elmə cəlb olunması üçün geniş imkanlar yarada bilər. Cənab Prezidentin ötən gün imzaladığı fərman olduqca vacibdir. Bu gün AMEA Rəyasət Heyətinin üzvləri qərarı dəstəklədilər, onlar da hesab edirlər ki, təhsil və elmin vəhdəti ölkədə iki sahədə innovasiyaların dərinləşməsinə səbəb olacaq.

Dördüncü sənaye inqilabı dövründə yaşayırıq, dördüncü sənaye inqilabının təhlili mərkəzi yaradılıb. Bu paradiqmaya diqqət etdikdə görürük ki, elm və təhsil mühüm rol oynayır”.

E.Əliyev elm xadimlərinin Elm və Təhsil Nazirliyində vəzifəyə gətirilməsi məsələsində də toxunub. Onun fikrincə, quruma yeni nazir təyin olunacaqsa, müavin və digər vəzifələrə də yeni işçilər gətiriləcək:

“Prosesə Akademiyadan nə qədər alimin cəlb olunub-olunmaması məsələsi məlum deyil. Ancaq Elm və Təhsil Nazirliyinə birləşdirilən institutlarının rəhbərlikləri elmi tədqiqat istiqamətlərini davam etdirəcəklər. Düşünürəm ki, sərbəstlik daha çox olacaq. Son dövrlər şahidi olurduq ki, institutların səlahiyyətləri məhdudlaşdırılıb, müstəqilliyi azadılıb”.

Deputat hesab edir ki, nazirliyin fəaliyyətində maliyyə məsələsinə də xüsusi diqqət yetiriləcək:

“Bir çoxları əsas mahiyyəti bilmədən ixtisarlardan, məhdudiyyətlərdən danışırlar. Bunların heç biri baş verməyəcək. Geniş səlahiyyətlərə malik bir nazirlik olacaq. Elm və təhsil siyasətini həyata keçirəcək nazirlik olacaq. Nazirliyə elmə bələd olan, tanınmış şəxslərin cəlb olunması işləri daha funksional edəcək”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.

Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.