Hərbi jurnalist etiraz edir: "...yazılarımda yalan, təhqir, aşağlama, şər, böhtan ola bilməz!"

31-07-2022, 08:27           
Hərbi jurnalist etiraz edir:
Rəsmi açıqlamadan da məlum olduğu kimi mənə də prokurorluq tərəfindən xəbərdarlıq olundu.
Dəvət etdilər. Getdim. Hörmət çərçivəsində söhbətimiz oldu.
Amma!
Ammaya gəlməzdən əvvəl bir məsələyə toxunum. Prokurorluq orqanları əsasən şikayət əsasında araşdırma aparır.
Demək ki, bir şikayətçi tərəf var. Ancaq o tərəfin kim olduğunu bilmirəm. Hansı yazı olduğunu da həmçinin. Yazdığım yazılara hüquqşünas gözü ilə baxdığım üçün cinayət, inzibati xəta tərkibin olub-olmamasını özüm də bilirəm.
Əgər bir qurum və ya şəxs yazımda hansısa pozuntu görürsə niyə məhkəməyə müraciət etmir, onu anlamıram.
Ən əsası o qurumların hüquq idarələri guya yazını oxuyanda bilmir ki, orda hansısa bir tərkib yoxdur?
Gələk bu məsələlərdə ən çox əsəbləşdiyim yerə. Qurumlar şikayət göndərəndə niyə şikayət etdikləri insanları peşələrinə uyğun olaraq yox "sosial şəbəkə istifadəçisi" adı altında təqdim edirlər? Şəxsən mən jurnalistikadan getsəm, sosial şəbəkədən də imtina edərəm. Başqa ölkəyə də getsəm, Azərbaycanı beynimdə bitirərəm. Sosial şəbəkə istifadəçisi imiş. Hər qurumun sosial şəbəkə hesabı var. Qurumlara "sosial şəbəkə istifadəçisi olan filan qurum" yazsaq xoşlarına gələr?
Jurnalist qurumları nə üçündür? O qurumların topası bir işə yaramırsa niyə var? Jurnalistin yazısında cinayət və ya inzibati tərkib yoxdursa, Mətbuat Şurası var, MİA var.
Ortaqlıqda bir şəkil dolaşır. O şəkilə uyğun olaraq da ittihamlar yağdırılır. Atamla belə siyasi və ya digər məsələlərə baxışımız eyni deyil. Bu nə axmaq yanaşmadır?
Yazılarımda tənqid həmişə olur, ən yaxın insanları belə doğum günündə tərif edə bilməyən adamam. Ancaq yazılarımda yalan, təhqir, aşağlama, şər, böhtan ola bilməz! Ona görə də "yalan informasiya" mənim yazılarıma yapışmır.
İstər dövlət qurumlar, istər jurnalist təşkilatları, elə jurnalistlərin özləri də nəticə ilə uğraşırlar. Səbəbi isə düşünən yoxdur. Nə vaxt səbəbi düşünəcəyik, bu ölkə arzuladığımız səviyyəyə gələcək.
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.