Dünya bu təyyarəni izləyir-Pelosi Tayvana gedərsə...

31-07-2022, 10:18           
Dünya bu təyyarəni izləyir-Pelosi Tayvana gedərsə...
Biz gecə yatarkən, yaxud səhər yuxudan durarkən, bəlkə 24 saat sonra dünyada daha bir münaqişə ocağı yarana bilər, bu dəfə ABŞ-Çin arasında...
Ağ Evdə oturanlar və Amerikanın siyasi isteblişmenti ya ağlını itirib, ya da dünyanın əsəbləri ilə oynamaqdan zövq alırlar. Ola bilər, dünya ilə məzələnirlər: “Biz beləyik, nə istərik, onu edərik”. Kabadayılıq kişiyə yaraşan işdir, amma onun da bir ədəbi var. ABŞ özünü ədəbsiz aparır. Bu ölkəyə ilk dəfə 2003-cü ildə belə güvənsiz baxmışam, bir də son 5-6 ildə. Tramp bir cür ağılsız idi, Bayden isə anlaqsız... Yəqin demək istəyirlər ki, ABŞ-da prezident kimi olursa-olsun, biz sistemi oturuşmuş dövlətik, hətta avtopilotda da idarə oluna bilər... O boyda ölkə indi elə Baydenin reytinqi səviyyəsinə düşüb, hər mənada kiçilib.

Azərbaycanda bir məmurun qudurğan oğlu maşını bərk sürəndə sosial şəbəkələr partlayır: “Tez olun, cəzalandırın!” bağırırlar. Baydenin oğlu isə bu qədər hoqqalardan çıxır, narkomandır, pozğundur, amma Konqres bir araşdırma aparmağa belə cəsarət etmir. Ona görə yox ki, orada azadlıq fışqırır, xeyir, ona görə ki, orada da elə qudurğanların ölkəsində olduğu kimi hakimiyyətdə oturandan qorxurlar. Adamın pisinə gəlir ki, öz ailəsinin ipini yığa bilməyən bu cür dövlət başçıları dünyaya hökmranlıq etmək istəyirlər, milyonlarla insanın taleyilə oynayırlar. Amma indi milyonlar da bəs etmir, milyardlara-Çinə keçiblər.

Söhbət Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfərinin yaratdığı təhlükədən, yeni müharibə qoxusundan gedir. Pelosi Asiyaya səfəri çərçivəsində Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapura gedəcək. Bu səfərin əsas intriqası onun Tayvana uçub-uçmayacağı sualıdır. Təsəvvür edin ki, bu gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-40C” təyyarəsi göyə qalxandan sonra Pelosinin hara gedəcəyini xüsusi proqramla (Flightradar) canlı olaraq 100 min adam izləyib! Təyyarə isə hələ ki, Havay adasındakı hava limanına enib.

Biz dinc xalqıq, sülhü sevirik, o səbəbdən belə qarışıq-dolaşıq işlərdən əksəriyyətimizin heç xəbəri də yoxdur. Amma reallıq budur ki, biz gecə yatarkən, bəlkə səhər yuxudan durarkən, bəlkə 24 saat sonra dünyada daha bir münaqişə ocağı yarana bilər. Bu dəfə ABŞ-Çin arasında...
Çin lideri iki gün əvvəl Baydenlə(onunla danışmağın faydası varmı?)iki saat telefonda danışıb və son olaraq xəbərdarlıq edib ki, ABŞ odla oynamasın, Pelosi Tayvana gəlməsin. İndi dünya həm də bunu maraq və təşfişlə izləməkdədir: Pelosi Tayvana getsə, nə olacaq?

Çin ərazisi hesab etdiyi Tayvan üçün hazırlıqlara başlayıb, ordu hazır vəziyyətə gətirilib. Hətta Çinin hava məkanını bağlaya biləcəyi, ABŞ-ın üçüncü şəxsinin təyyarəsi Tayvana enmək istəyərsə, enişə məcbur ediləcəyi, hətta vurula biləcəyi barədə də iddialar var. Çin Müdafiə Nazirliyi bildirib ki, Pekin Pelosinin Tayvana səfərinə hərbi cavab verəcək, “ordu buna sakit baxmayacaq”. Çin Xarici İşlər Nazirliyi də bildirib ki, Pelosi Tayvana səfər edərsə, Pekin qəti və sərt tədbirlər görəcək.

Amerika da dinc durmayıb, Pelosinin Tayvana təhlükəsiz enişi üçün ətraf bazalarda hazırlıqlar olduğu deyilir. ABŞ Ronald Reyqan təyyarədaşıyan gəmisini də Çin yaxınlığına göndərib.

Tayvan isə beynəlxalq hava limanında hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bundan əlavə, Tayvan qırıcılarını aviabazadan səmaya qaldırılıb.

Pelosinin niyyəti gerçəkləşərsə, bu, belə ranqlı dövlət adamının son 25 ildə adaya ilk səfəri kimi tarixə düşə bilər. Maraqlıdır ki, Pelosi hələ aprel ayında konqresmenlərlə Tayvana getmək arzusunda imiş, lakin koronavirusa yoluxduğu üçün səfər təxirə salındı.

sqsqsqsqsqs.jpg (106 KB)

İyulun 27-də CNN bildirib ki, Çin bu gərginlikdən öz siyasi məqsədləri üçün istifadə edə bilər. Bəzi beyin mərkəzləri isə hesab edir ki, ikinci dəfə koronavirusa yoluxan Bayden Çinlə qarşıdurma istəmir və Pelosinin Tayvana gedə biləcəyi sadəcə, Çinin əsəblərini yoxlamaq məqsədi daşıyır.

İndi Pelosi Tayvana getməzsə, deyəcəklər ki, ABŞ Çinin hədəsindən qorxdu, getsə isə...Bunun nə ilə nəticələnə biləcəyini isə mütləq biləcəyik.



Nazim SABİROĞLU,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.