Valideynlərin nəzərinə: Yeni məktəbli formaları BU TARİXDƏ satışa çıxarılacaq

31-07-2022, 13:34           
Valideynlərin nəzərinə: Yeni məktəbli formaları BU TARİXDƏ satışa çıxarılacaq
Gələn tədris ilindən yeni məktəbli formalarının tətbiq edilməsi nəzərdə tutulsa da, valideynlər hələ də övladlarının məktəbə hansı formada getməli olduğundan məlumatsızdır. Belə ki, Nazirlər kabinetinin qərarı ilə ümumtəhsil məktəblərində təhsilalanların geyimləri üçün 4 forma müəyyən edilib. Ancaq təhsil müəssisələrinə bu geyimləri sifariş etmək səlahiyyəti verilməyib. Bununla belə, formaların hansısa birininin seçilməsinə məktəbin Pedaqoji Şurası qərar verəcək. Təhsil eksperti Elşən Qafarov deyir ki, yeni tədris ilinin başlamasına 2 aydan az vaxt qalmasına baxmayaraq, məktəbli geyimləri ilə bağlı hələ nə qiymətlər müəyyənləşib, nə də sifarişlər olunub.

Mütəxəssis bildirir ki, qərarda formaların üzərində hər məktəbin ayrıca embleminin vurulması əks olunsa da, bunun kimin hesabına hazırlanacağı göstərilməyib.

Elşən Qafarovun sözlərinə görə, bu il məktəbli geyimləri üçün valideyinlər daha çox vəsait ödəməli olacaqlar. Onun fikrincə çoxuşaqlı ailələrin, şəhid və qazi övladlarının formaları dövlət hesabına alınmalıdır.

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov açıqlamasında bildirib ki, məktəbli geyimlərinin tikilməsi üçün hələ parçalar gətirilməyib. Qiymətlər də yalnız bundan sonra müəyyənləşəcək. Köynəklərin materialları 100 faiz pambıq, şalvar və yupkaların 60 faizi yun olduğu üçün qiymətlərin dəyişməsi istisna edilmir. Formaların satışına isə avqustun 10-dan başlanması gözlənilir. İlkin olaraq isə ibtidai siniflər yeni formalarla təmin olunacaqlar.

Təhsil naziri Emin Əmrullayev məktəbli formasının qiymətinin Nazirlik yox, bazar tərəfindən müəyyən edildiyini deyib. Nazir həmçinin bildirib ki, direktorun məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti yoxdur. Bu tövsiyəedici qaydalardır və şagirdlər arasında fərqin qoyulmamasını nəzərdə tutur.(xəzərxəbər)














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.