"LONDONDAKI VANDALİZM AKTINA QƏSDƏN ŞƏRAİT YARADILIB" - Ekspert əsas məqsədin nə olduğunu açıqladı

6-08-2022, 00:08           
"LONDONDAKI VANDALİZM AKTINA QƏSDƏN ŞƏRAİT YARADILIB" -
"Aydın görünür ki, Britaniya və Azərbaycan arasında soyuqluq yaratmaq məqsədlərdən biridir"

"Londonda baş verən vandalizm hadisəsi götərir ki, Britaniya hökuməti Vyana anlaşmasından doğan öhdəliklərini yerinə yetirməyib. Diplomatik toxunulmazlığı olan bir məkana radikalların rahatlıqla girib 2 saatdan çox bir müddətdə istədikləri etməyə imkan verib. Burada bir nömrəli məsuliyyət Britaniya hökumətinin və həmin ölkənin yetərli təhlükəsizlik tədbirləri görməyən təhlükəsizlik qurumlarının üzərinə düşür".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Əlsəgər Əhmədoğlu Britaniya paytaxtında Azərbaycan səfirliyinə qarşı həyata keçirilən cinayət aktının hüquqi və siyasi məqamlarını şərh edərkən bildirib.

Ekspert qeyd edir ki, hadisənin məqsədli şəkildə təşkil edilməsi həmin radikal qrupun vandalizm aktını Youtube platformasında və sosial şəbəkələrdə heç bir məhdudiyyətlə üzləşmədən yaymasıdır: "Normalda insanlar yaydıqları adi şeyləri "sözləşməyə ziddir" deyib dərhal silirlər. Mən də bu videonun linkini öz səhifəmdə tənqid edərək paylaşmışdım. Orada aydın görünür ki, polis sadəcə hadisənin müşahidə edir və heç bir müdaxilə etmir. Bu tip hadisələr adətən yarım saat çəkir, amma polis radikal qrupa iki saat şərait yaradır ki, səfirliyi girib onu dağıtsın, bayrağmızı endirsin, şüarlar yazsın və s. Yəni ilk ağıla gələn hadisənin polisin kontrolunda siyasi icazəli aksiya olduğu barədə alqı yaradır".

Ə.Əhmədoğlu daha sonra vandalizm aktının başqa mümkün hədfləri barədə fikirlərini açıqlayıb: "Əlbəttə, burada açıq şəkildə deyə biləcəyimiz məqamlar var ki, aksiya Böyük Britaniya və Azərbaycan arasında yaxın münasibətlərə zərbə vurmaq məqsədi daşıya bilər. Bunu hansısa radikal qrupun, həm də Britaniyada olan ayağı ilə etmək mümkündür, elə baş verənlər də onu göstərir. Olay bizi sevməyən, Britaniya ilə yaxşı münasibətlərimizdən ciddi narahatlıq keçirən qüvvələr tərəfindən həyata keçirilə bilər. Bu tip radikal qruplar adətən bir cibdən maliyyələşmir, onların əllləri bir neçə cibdə ola bilər. Ona görə də bunlar İrandan fərqli kimlik kimi görünsələr də ümumumi deyimə baxdıqda onların tələbləri ilə İranın rəsmi tələbləri çox oxşardır. Onların sığındığı liman eynidir, din pərdəsi altında bu işi aparmağa çalışırlar. Onlar daim Peyğəmbərə, onun nəslinə, Həsənə, Hüseynə və s. nümayəndələlərə sayğı göstərmək aspketindən tələblər irəli sürürlər.. Halbuki etdikləri vandallıq ümumiyyətlə insanlığa sığmır. Etdiklərini heç bir din pərdəsi altına gizləmək, örtmək mümkün deyil".

Ekspert əlavə edir ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən artan nüfuzu, təbii ki, Türkiyənin bölgədə artan rolu, Britaniyanın bizə dolayı dəstəyi onu qısqanan tərəfləri rahatsız edir.

"Hadisəyə müharibə zamanı və ondan sonra İranın sərhədimizə böyük miqdarda əsgər yığıb hərbi təlimlər keçirməsi, Prezident İlham Əliyevin buna cavab olaraq Zəngilanda "Harop"un başını sığallaması, daha sonra Zəngəzur dəhlizi müzakirə edilərkən İranın "bu bizim qırmızı xəttimizidir, min illik yoldur", deyərək ali dini rəhbər səviyyəsində münasibət bildirməsi, Bakıdakı İsrail səfirinin "Təbriz nağılları"nı paylaşması konteksindən baxsaq, baş verənlərin hansısa xırda aksiya kimi düşünmək yanlış olar. Təbii ki, yaxın zamanlarda görəcəyik ki, burada məqsəd nə olub. Amma aydın görünür ki, Britaniya və Azərbaycan arasında soyuqluq yaratmaq məqsədlərdən biridir. Burada Britaniya tərəfinin ciddi qüsuru var. Ümid edirəm ki, yaxın zamanlarda baş verənlərin səbəbi haqqında Azərbaycan tərəfinə normal, ağlabatan cavablar veriləcək" – deyə,ekspert vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.