“Maraqlı və təbii masaj təklif edirəm” təklifinin altında nə gizlənir
14-05-2015, 16:58
Çətin adam tapılar ki, masaj olunmasını istəməsin. Bədəni rahatladan masajın ən zəif forması belə insanın yorğunluğunu çıxarır. Min illərdir ki, masaj sağlamlıq və cavanlaşma vasitəsi sayılır. Qədim romalıların maraqlı masajı vardı. Saatlarla davam edən masaj nəticəsində bədənə 2 litr zeytun yağı yeridilmirdisə, bu masaj faydalı hesab olunmurdu. Qədim Misirdə də daha çox zadəgan təbəqə və hərbiçilər 4 saat masaj olunurmuş. Bir də misirlilər dənizdən götürdükləri müalicəvi palçıqla dəvə südünü qarışdırıb dəridə bir neçə santimetrlik xüsusi maska təbəqə yaranana qədər masaj edirmişlər, bu maska qan dövranına xeyirli imiş.
Çində bədənin müvafiq nöqtələri ilə masajın tarixi lap qədimdir. Vaxtilə bu masaj psixoloji, ruhi vəziyyəti düzəltmək üçün edilirdisə, indi daha nüfuz qazanmış və çox adamın müraciət etdiyi masaj formasıdır. Bu gün şəhərimizdə Şərq, Asiya masajını təklif edən saysız masaj salonları var. Bir neçə il əvvəl geniş yayılmış Çin, tay masajı edən salonları indi az görmək olar. Bunun da səbəbləri var. Vaxtilə göbələk kimi çoxalan belə salonların əsas məqsədindən başqa kişi müştərilər üçün nəzərdə tutulduğu, intim xidmət göstərdiyi aşkarlandı. Belə salonların çoxu bağlandı. Bu o demək deyil ki, indi vəziyyətə nəzarət ürəkaçandır. Hazırda masaj adı ilə əxlaqsızlıqla məşğul olan “xidmətçilər” daha müasir varianta əl atıblar.
İnternet yolu ilə istəklərinə nail olmaq, pul qazanmaq arzusunda olanlar saysızdır: “Maraqlı və təbii masaj təklif edirəm”, “sakitləşdirici masaj edirəm”, “yalnız kişiləri masaj edirəm”, “yalnız qadınları masaj edirəm” və s. kimi qəribə təkliflərə rast gəlmək olar. Sonuncu “masajist”lə telefon əlaqəsindən məlum olur ki, yalnız qadın masaj edənlər gənc oğlanlar, kişiləri masaj etmək həvəsində olanlar isə qadınlardır. Leyla adlı qızın elanı isə belədir: “yalnız rusdillilər müraciət etsin”. Bu elan daha cəlbedici olduğu üçün Leyla ilə əlaqə saxladıq.
Məlum oldu ki, elan sahibinin adı uydurmadır. Dəstəyi qaldıran xanım doğma dilində dedi ki, rusdillilər daha mədəni olurlar: “Biz onların nə istədiyini bilirik, seçim onlarındır. Bizim masajistlər bahalı qızlardı, küçədən keçən hər kəsi əlimiz altına salmırıq. Kişi, qadın fərq etməz, müraciət edən üçün masajistlərimiz var. Masaj üçün yeri müştəri təyin edir.”
Analitik.az-ın müraciət etdiyi başqa bir masajist qadın isə yalnız kişiləri masaj etdiyini dedi. “Kişilər adamı incitmirlər, qadınlar çox saf-çürük edirlər, adamın işləməsinə imkan vermirlər. Mənim üstünlüyüm odur ki, hər müştəri üçün fərdi, birdəfəlik yağ, yataq dəsti, hamam dəsmalı təşkil edirəm. Masajın yarım saatı bütün bədən üçün 50 manatdır. Bu vaxta qədər məndən qane olmayan görməmişəm.” Adını vermək istəməyən xanım masaj işini özünün öyrəndiyini dedi.
Bu da daha vacib məsələni ortaya qoyur. “Masajistlər” əxlaq çərçivəsində fəaliyyət göstərsələr belə, savad, bilikdən kəm olanların kor-koranə insanları ovuşdurmaları nə dədrəcədə doğrudur? Məsələ ondadır ki, bu gün masaj tibbi göstəriş olmaq və sağlamlıq üçün təyin olunan prosedur formatından çıxıb. Bu işin biliciləri az da olsa var. Belə şəxslərin işi göz qabağındadır, tibbi təhsili olmasa belə, masaj barədə, insan bədənin nahiyələrindən təsəvvürü var. Onlar hansısa poliklinika, xəstəxana, saglamlıq mərkəzi nəzdnində aşkar fəaliyyət göstərirlər. Amma “massajist” adı ilə elan verənləri dindirəndə, məlum olur ki, onların nəinki sertifikatı, heç etdikləri xidmət barədə məlumatı yoxdur. Kimisə sığallamağı, yağlamağı masaj hesab edirlər. Sosial şəbəkəyə daraşan belə “masajist”ləri aşkar etmək çətin deyil. Belə səhifə adminlərdən biri ilə söhbətdən, həmin səhifəyə qoyulan şəkillərdən məqsəd aydın şəkildə ortaya çıxır. Sual yaranır. Masajistin müştəri ilə romantik münasibəti nə deməkdir? Yaxud masajistlə müstərinin hamamda nə işi var? Belə “qəhrəman”la söhbətdən məlum olur ki, 30 yaşlarında olan gəncin hər hansı təhsili yoxdur, masaj barədə heç nə bilmir. Təkcə müştəri xanıma təklifini edir. İlk seans pulsuz olamaqla, 5 seansın qiyməti 70 manata başa gəlir. Gənc oğlan yalnız evlərə gedir. Komandaları səyyar fəaliyyət göstərir, qadın masajistləri də var. Birinci seansın pulsuz olması nə ilə əlaqədardır,- sualına isə cavab belə oldu: “Bəlkə xanımı masajım qane etmədi...”
Bir sözlə, səyyar fəaliyyət göstərən, əxlaqsızlığa “masaj” donu geydirənlərin bir mənfəəti də var. Belə ki, bu xidmət sahibləri hər hansı obyekti kirayələməməklə, vergidən, əlavə xərclərdən yayınmış olurlar. Həm də çirkin işlərini daha məxfi saxlaya bilirlər. Müştəriləri yaxşıca sorğu-suala tutmadan “iş”ə başlamırlar. Belə qrupları idarə edən xüsusi işbazlar var. Qeyd edək ki, müxtəlif fəaliyyətlər altında əxlaqsızlıqla məşğul olanlar arabir hüquq-mühafizə orqanları tərəfindən aşkar olunur. Söz yox ki, el arasında belə əxlaqsızlıq yuvalarının təşkili, qorunmasında ayrı-ayrı polislərin də əli olması haqda şaiyələr yayılmaqdadır. Fakt odur ki, məsələ Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mühafizə İdarəsinin nəzarətindədir.
Statistikaya nəzər salsaq, ötən il - 2014-cü ildə idarənin səyi nəticəsində, 79 fahişəliyə cəlbetmə faktı, 3 yeniyetmənin fahişəliyə cəlb edilməsi halı, 86 əxlaqsızlıq yuvası aşkarlanıb. Nə qədər mübarizə aparılsa belə, ölkədə belə obyektlər mövcuddur. Bu səbəbdən şübhəli vəziyyət görən hər kəs idarənin 152 saylı “qaynar xətt”inə müraciət edə bilər. Nəzərə alaq ki, yüngül həyat tərzi keçirən şəxslər təkcə əxlaqsızlıqla məşğul olmur, həm də neçə-neçə insanın ağır infeksion xəstəliyə yoluxmasına səbəb olur. Eləcə də, ailəli qadın və kişiləri yoldan çıxarararaq, bununla ailə təməlinə zərbə vururlar...