"Neytral Azərbaycan "dost" Ermənistandan daha yaxşıdır..." - dzen.ru
26-05-2023, 21:31
"Rusiya üçün Azərbaycanı öz tərəfinə çəkmək Ermənistanla son dərəcə qeyri-müəyyən və etibarsız "əməkdaşlıq" etməkdən açıq-aşkar daha sərfəlidir".
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın "dzen.ru" nəşrində dərc edilən məqalədə deyilir. Məqalənin tərcüməsini təqdim edirik.
"Birincisi, Azərbaycan daha varlıdır və Ermənistanın saxlanılmasına sərf edilən vəsaitə ehtiyacı yoxdur.
İkincisi, sırf coğrafi baxımdan Azərbaycan bu gün daha vacibdir, bu ölkədən İrana, daha sonra Fars körfəzindən Hindistanadək yol keçir.
Planlaşdırılan "Şimal-Cənub" marşrutunun gerçəkləşməsi Azərbaycan olmadan çox çətin olacaq, çünki yükləri Xəzər dənizinədək daşımaq üçün gəmilərə yükləmək, daha sonra İranda yenidən vaqonlara və ya yük maşınlarına yükləmək lazım gələcək.
Ermənistanla bizim ümumi sərhəddimiz yoxdur, o, ada kimidir, yeganə faydası onun ərazisində yerləşən bir neçə hərbi bazalarımızdır (onlara da yol yenə də ya Gürcüstandan, ya da Azərbaycandan keçir).
Ermənistandan perspektivdə İrana və ya Türkiyəyə dəhliz kimi istifadə edilməsi hələlik nəzərdən keçirilmir.
Ola bilsin ki, ona görə də Paşinyana təzyiq göstərilərək o, Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını tanımağa məcbur edilib.
Dünən Əliyevlə Paşinyan arasında açıq söz atışması göstərib ki, güzəşt könüllü olmayıb, böyük ehtimalla, Paşinyan, sadəcə, çıxılmaz vəziyyətə salınıb. Onun siması həmişəkitək turşumuş-qaşqabaqlıdır, Əliyev isə, əksinə, gözəl ovqatda olub və qələbədən açıq-aşkar zövq alıb.
Belə "hədiyyə" əvəzinə, ümid edək ki, Əliyev öz ərazisində İrana nəqliyyat dəhlizinin yerləşdirilməsinə etiraz etməyəcək.
Onun ölkəsinə bu, yalnız fayda gətirər, həm pullar, həm status, zamanla Avrasiya İqtisadi Birliyinə və hətta BRİKS-ə qoşulmaq istəyi də yarana bilər. Burada pis nə var ki? ABŞ uzaqdadır, qonşularla isə yanaşı yaşamaq lazım gələcək.
İndi amerikalıların reaksiyasını gözləmək lazım gələcək, çünki bu sazişlər onlar üçün sanki "oraqla barmaqların kəsilməsinə" bənzəyir...
Unutmayaq ki, İrəvanda, nədənsə, dünyada böyüklüyünə görə ikinci olan ABŞ səfirliyi yerləşir və o, mahiyyət etibarilə bütün Cənubi Qafqazda suları bulandıran "eşşəkarısı yuvasıdır" və həm bizə, həm də İrana problemlər yaradır.
Və bu səfirlik orada olduqca, Ermənistan etibarlı və ya, heç olmasa, sadəcə, müstəqil tərəfdaş ola bilməz. Onu saxlamaq baha başa gəlir, amma xeyri də yoxdur.
Böyük ehtimalla, hazırda ermənilərə "milli maraqlara xəyanətə qarşı" müxtəlif cür etirazlara çağırış ediləcək və əldə edilən razılaşmaları pozmağa cəhdlər göstəriləcək.
Paşinyan aradan götürülə də bilər, hərçənd, onu əvəz edən, kimliyindən asılı olmayaraq, heç nə edə bilməyəcək. Rusiya "erməni xalqının öz tarixi əraziləri uğrunda mübarizəsinə" dəstək verməyəcək, bunsuz isə hər şey olduğu kimi qalacaq.
Rusiya üçün Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması daha sərfəlidir. Ona görə də amerikalılar üçün Paşinyanı özü kimi analoji əbədi qaşqabaqlı siyasətçiyə dəyişməyin elə bir mənası yoxdur.
Amma Azərbaycanla onlar, düşünürəm ki, işləməyə başlayacaq və bu yaxınlarda İrana açılan dəmir yolunu bağlamağa cəhd edəcək.
Əlbəttə, bizim üçün ideal variant Paşinyanın Qərbdən asılı olmayan, Amerika səfirliyini, heç olmasa, yarıbayarı azaltmağı bacaran (yaxşı olardı ki, o, 10 dəfə-2500-dən 250 nəfərədək azaldılsın, hərçənd, bu da çoxdur) daha müstəqil adama dəyişmək olardı.
Lakin təəssüf ki, bizim səfirlik çox kiçikdir, bizim qeyri-kommersiya təşkilaları isə orada olsa da, yaxşı işləməyi bacarmır.
Daha ideal variant isə Azərbaycanı Rusiya-Hindistan-Çin düşərgəsinə tərəf çəkmək olardı. O zaman Ermənistanı da anqlosaksların asılılığından qoparmaq və onları Cənibi Qafqazdan sıxışdırıb çıxarmaq daha asan olardı".