Moskva və İrəvanın Qarabağda yeni oyunu: - Araikin "istefası"nın izi ilə

2-09-2023, 00:01           
Moskva və İrəvanın Qarabağda yeni oyunu: -
Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı qondarma qurumun terrorçu başçısı Araik Arutunyan dünən "istefa" verdi. Xunta rejiminin başçısı sosial şəbəkə hesabında "vəzifəsindən" getdiyini yazıb. Terrorbaşı bildirib ki, 2020-ci ilin mayında “prezidentlik” fəaliyyətinə başladıqdan sonra “Arsax”ın “sərhədlərini” gücləndirməyə başlayıb, amma 44 günlük müharibə ərzində Azərbaycan qalib gəlib.

“Əlbəttə ki, məğlubiyyətin bütün günahını dörd aylıq “prezidentin” üzərinə yıxmaq olar və mən məsuliyyətdən qətiyyən yayınmıram. Amma inanın ki, bizim hər birimizin öz statusuna görə məsuliyyət payı var idi. Hər halda, mən bir neçə dəfə bəyan etmişəm, indi də günah payıma görə erməni xalqından bir daha üzr istəyirəm”, - Arutunyan bildirib.

Xunta rejiminin başçısı "istefa"dan əvvəl "sərəncam"la "dövlət naziri" Qurgen Nersisyanı da "vəzifəsindən" azad etdiyini, onun yerinə "Təhlükəsizlik Şurasının katibi" Samvel Şahramanyanı "təyin etdiyini" və ona "böyük səlahiyyət" verdiyini qeyd edib:

Bu gün isə Arutunyan "istefa" məktubunu qondarma rejimin "parlamentinə" təqdim edib.

TEREF.AZ-ın məlumatına görə, terrorbaşının "istafası" və bundan sonra rejimin taleyi ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Araikin “istefası” separatçıların vəziyyətdən çıxış yolları axtarışından, ümumilikdə, Qarabağdakı prosesləerin inkişafını yönləndirmək məqsədindən qaynaqlanır:

- Burada əsas həlledici məqam Ağdam-Xankəndi marşrutunun açılması məsələsidir. Bununla bağlı separatçılar arasında ciddi fikir ayrılığı var, lakin anlayırlar ki, Bakının tələbi ilə razılaşmalıdırlar. Bu həm mövcud problemlərin həlli, həm də Rusiyanın istəyi ilə bağlıdır. Separatçılar Ağdam yolunun açılması məsələsini Bakı ilə müzakirə etmək istəyirlər, daha doğrusu, bunu etməyə məcburdurlar, lakin bu məsələni Araik həyata keçirə bilməz. Təkcə ona görə yox ki, onun haqqında cinayət işi açılıb, həm də bu məsələ ilə bağlı Xankəndidəki bütün “qüvvələri” birləşdirmək lazımdır. Bu kontekstdə Araikin qondarma “dövlət naziri” Qurgen Nersisyanın yerinə Samvel Şahramanyanı gətirməsi və ona geniş “səlahiyyətlər” verməklə separatçıların faktiki yeni “rəhbəri” edilməsi təsadüfi deyil.

Martın 1-də Xocalıda keçirilən görüşdə Şahramanyan ermənilərin “nümayəndəsi” kimi iştirak etmişdi. Araikin yerinə Şahramanyanın gətirilməsi Bakı ilə danışıqlara hesablanmış addım kimi görünür. Bu həm də Xocalı görüşündə iştirak etmiş Şahramanyanın timsalında separatçıları erməni əhalisinin “təmsilçisi” olaraq qəbul etdirmək istəyirlər.

- Arutunyan "istefa" mətnində bildirib ki, xaricdəki münasibətdə olduğu siyasilərlə məsləhətləşib və bu qərarı verib. O xaric deyəndə hansı ölkəni, kimləri nəzərdə tutur?

- Onun dediyi “xarici ölkə”nin Ermənistan və Rusiya olduğu sirr deyil. Moskva və İrəvan separatçıların Bakı ilə danışıqlarda “tərəf” kimi qəbul edilməsi məsələsində ortaq mövqedən çıxış edir, lakin Laçın və Ağdam yolu məsələsində fikir ayrılığı var. Rusiya Laçın yolunun açılmasına çalışır, çünki bu məsələ Fransanın timsalında digər güclərin bölgəyə müdaxiləsi üçün əsas istinad nöqtəsinə çevrilib. Lakin anlayır ki, təzyiqlə Bakını buna məcbur edə bilməyəcək. Buna görə Ağdam və Laçın yolunun paralel açılmasını qəbul edir. Ağdam yolu açılarsa, bu, təmasların qurulmasını da labüd edir. Məhz bu məqamda Araikin "vəzifəsindən" getməsi, yerinə Şahramanyanın gətirilməsi separatçıların de-fakto “tərəfə” çevrilməsinə hesablanıb.

- Sizcə, Arutunyanın bundan sonrakı taleyi necə olacaq? Məlumdur ki, Azərbaycan cinayət işi açıb, İnterpol axtarışına verib...

- Araik Qarabağda qalacağını açıqlayıb, o, “istefa” versə də, qondarma “parlament”də çoxluq təşkil edən “siyasi qüvvənin lideri” kimi qalır və proseslərdə müəyyən təsirləri olacaq. Anlayır ki, Qarabağdan çıxacaqsa, Laçın postunda həbs olunacaq. Ona görə də hələ ki, Xankəndidə qalmağa məcburdur.

- Arutunyanın "postuna" kim gələ bilər? Ümumiyyətlə, qondarma rejimi bundan sonra nələr gözləyir?

- İndi Araikin "vəzifəsini" Samvel Babayan, Ruben Vardanyan kimi götürmək istəyənlər var, lakin burada iki məqam həlledici ola bilər. Birincisi, qondarma rejimin yeni “prezidentinin” "seçilməsi" prosesidir. Bunu qondarma “parlament seçəcək" və orada əsas çoxluq Araikin dəstəsinə məxsusdur. İkincisi, Ağdam yolu məsələsi üzərindən Bakı ilə danışıqların aparılmasıdır.

Bu baxımdan, separatçı rejimin başına elə Samvel Şahramanyanın gətiriləcəyi gözləntisi daha çoxdur. Az ehtimal olsa da, versiyalardan biri də qondarma “parlamentin rəhbəri”, daşnak David İşxanyandır. İşxanyan erməni diasporunun dəstəklədiyi fiqurdur və onun gətirilməsi Azərbaycana qarşı “müqaviməti” gücləndirmək məqsədi daşıyır. Fikrimcə, bu iki separatçıdan birinin “rəhbər” olması gözləntisi var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.