Gömrük Komitəsində rüşvət tükənmir, son günlər 3 halda rüşvət alan vəzifəli şəxslər həbs edilib

2-09-2023, 11:54           
Gömrük Komitəsində rüşvət tükənmir, son günlər 3 halda rüşvət alan vəzifəli şəxslər həbs edilib
Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxs həbs edilib. Bu, son 20 gündə Gömrük Komitəsində üçüncü dəfədir ki, rüşvət ittihamı ilə vəzifəli şəxslər həbs edilir.

Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir ki, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev və digər şəxslərin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

“Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan (İranla sərhəd-red) ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, əldə edilmiş ilkin sübutlarla Malik Əliyevin rəhbərlik etdiyi strukturun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdurəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb”, məlumatda qeyd edilir.

Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma), Ramin Məmmədzadəyə isə həmin məcəllənin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib, Malik Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan öncə, avqustun 16-da və 29-da Azərbaycan Gömrük Komitəsinin vəzifəli şəxsləri eyni ittihamlarla həbs edilib.

Artıq illərdir gömrük orqanlarının çoxsaylı vəzifəli şəxsləri rüşvət almaq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbsə məhkum edilir. Bununla yanaşı müşahidəçilər bu sistemdə neqativ halların hələ də davam etdiyini bildirir.

Təhliçilər gömrük strukturunda ciddi islahatlara, şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirlməsinə ciddi ehtiyac duyulduğunu bildirir.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.