İndi gəl, bu “sirri” çöz: Ax Marqo - Simonyan nə dediyini özü başa düşürmü?

25-11-2023, 00:08           
İndi gəl, bu “sirri” çöz: Ax Marqo -
2022-ci il fevralın 24-də Rusiya bütün beynəlxalq hüquq normalarını pozaraq Ukraynaya hərbi təcavüz etdi. İşğalın başlamasına bir neçə saat qalmış Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edərək, Ukraynaya hücumun, yaxud, Kremlin dili ilə desək, “xüsusi hərbi əməliyyat”ın əsas məqsədlərini açıqladı: Donbasda “soyqırımını” dayandırmaq və Ukrayna hökumətini “denasifikasiya” etmək.

Rusiyada təkcə hərbi-siyasi isteblişment deyil, həm də ukraynafobiyanın şok dozası vurulmuş Rusiya ictimaiyyəti (ən azı, əksəriyyət) Ukrayna ilə müharibənin asan gəzinti olacağına inanırdı. Kreml ideologiyasının bəzi alovlu tərəfdarları isə ağızlarından tüpürcək fışqıraraq, hətta iddia edirdilər ki, işğalçı qüvvələr üç günə Kiyevi ələ keçirəcəklər.

Demək olar ki, iki il keçdi, lakin rus qoşunları xüsusi uğurları ilə öyünə bilməz. Vahid Ukrayna xalqı, qeyri-bərabər qüvvələrə baxmayaraq, işğalçılara layiqli cavab verir, Rusiyaya hər gün daha çox “200 nömrəli yük” göndərir. Müharibənin əvvəlində zombiləşdirilmiş rusların əksəriyyəti optimist idisə və “nasizmə” qarşı mübarizəyə inanırdısa, bu gün o qədər də həvəsli görünmürlər.

Bütün Rusiya kanallarının təbliğatçılarının gündəlik qələbə hayqırtıları belə, xalqı sevindirə bilmir. Bəli, sorğulara görə, ruslar Prezidentin daxili və xarici siyasətini, xüsusən də Ukrayna ilə müharibəni yekdilliklə dəstəkləyirlər. Amma bunların hamısı uydurma bir şeydir.

Ürəklərində Stalin dövrünün 1937-ci ilinin ruhu hələ də yaşayan “Homo Sovetikusun” nəsilləri partiyanın və dövlətin xəttini hərtərəfli dəstəkləyərək, qətiyyətlə hər şeylə razılaşırlar. Əks halda, bir Sovet mahnısında oxunduğu kimi, “səni Mandela kimi həbs etməsələr də, ştat üzrə ixtisar edəcəklər”.

Yeri gəlmişkən, dövlət siyasətinə zidd olan fikir ayrılığına görə bir çox incəsənət və mədəniyyət xadimləri, aktyorlar, müğənnilər və ictimai xadimlər “cadugər ovu”nun qurbanı olublar. Bəziləri həbs olunub, bəziləri xaricə üz tutub, bəziləri də lənətlənib.

Rusiya təbliğatçıları isə “xüsusi hərbi əməliyyat”ın müstəsna nəcib məqsəd güddüyünü - Ukraynanı "nasistlərdən" təmizləmək olduğunu iddia edərək, Kremlin xətti ilə getməyə davam edirlər.

Amma bu, həqiqətən belədirmi? Təbii ki, hər bir ağlı başında olan insan başa düşür ki, bütün bunlar böyük uydurma və yalandır. Məqsəd tamam başqadır. Ancaq etiraf etməlisiniz ki, Rusiyanın işğalının əsl səbəbini jurnalist mühitindən “Kremlin balaca küçüyü”nün dilindən eşitmək başqa şeydir.

Belə ki, məşhur təbliğatçı Marqarita Simonyan Rusiya lideri Vladimir Putinin Ukrayna ilə nə vaxt “atəşkəs”ə gedəcəyini açıqlayıb. Rusiya kanallarından birində Sominyan Kremlin əsas tezislərini sadalayıb və deyib ki, nə vaxt və hansı şəraitdə sülh bağlayacağına Rusiyanın özü qərar verəcək.

Bu kontekstdə o, ABŞ Prezidentinin 2024-cü ildə yenidən seçiləcəyi təqdirdə, Rusiyanın “hərbi” kursunu dəyişə biləcəyini şərh edib: “Yaxşı, bu, nə axmaqlıqdır?! Putin güzəştlərdə maraqlı deyil, ona görə deyil ki, Tramp gələcək, ya Vasya Pupkin, ya da Roman Babayan ABŞ Prezidenti olacaq... Bunun heç bir əlaqəsi yoxdur! Putin heç nə etməyəcək. Ümumiyyətlə, güzəştlərə getməyəvək!”.

Simonyan aydınlaşdırıb ki, Putin yalnız Rusiya öz sərhədlərinin təhlükəsizliyini təmin etdikdə “atəşkəs”ə hazır olacaq və Rusiya bu sərhədlərin harada bitəcəyinə özü qərar verəcək.

Maraqlıdır, Simonyan özü nə dediyini başa düşür? Axı o, əslində Donbasda “nasizmə”, “denasifikasiyaya” qarşı mübarizənin və “soyqırımının” qarşısının alınmasının bir şirma olduğunu demək olar açıq şəkildə bildirdi - Rusiya Prezidentinin imperiya planlarının zəif gizləndiyi şirma.

Simonyanın fikrincə, Rusiyanın hansı sərhədlər daxilində olmasına yalnız Moskva qərar verir. Bu, o deməkdir ki, Kreml Kiyevin məğlubiyyəti halında dayanmaya və sərhədlərini genişləndirməyə, eyni zamanda Polşanı, Estoniyanı və Finlandiyanı “denasifikasiya” edə bilər.

Və bu halda, heç olmasa, görüntü üçün “bu, Simonyanın şəxsi fikridir”, üslubunda "bəhanə" işləməyəcək. Nə çoxsaylı siyasi tok-şouların rusiyalı aparıcıları, nə də bu “söhbət klublarının” daimi nümayəndələrinin öz fikirləri yoxdur və ola da bilməz. Bəli, onların hamısı müxtəlif formalarda danışır, lakin bütün bu “şifahi axınlar” bir dərin “Kreml çayına” axır.

Beləliklə, ortaya maraqlı bir dilemma çıxır. Bir tərəfdən, Simonyan bütün digər “Kreml ruporları” kimi, “yuxarıdan” direktiv olmadan bir kəlmə də danışmır. Digər tərəfdən, Putinin sözlərini təkzib edir və “denasifikasiya” mifini ifşa edir. Bəli, Marqo elə bir sual ortaya qoydu ki, şeytanın özü belə, onun həlli üçün baş sındırmalı olacaq...

Müəllif: Fed Bakinski - Mənbə: AYNA.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.