“1990-cı ilin yanvarında mən də, xalq da hər şeyi düz etmişik” –ETİBAR MƏMMƏDOV

17-01-2024, 11:44           
“1990-cı ilin yanvarında mən də, xalq da hər şeyi düz etmişik” –ETİBAR MƏMMƏDOV
“Bütün hallarda 20 Yanvar hadisələri Azərbaycanda yeni bir milli ideyanın – müstəqil milli dövlətçilik ideyasının formalaşmasına bir güclü təkan verdi və sonda bunu konkret olaraq formalaşmasına gətirib çıxardı…”

“Mən elə 20 Yanvar hadisələri ərəfəsində də o vaxtkı sovet imperiyasına qarşı öz mövqeyimi bildirmişəm. Və bu yalnız mənim mövqeyim olmayıb, bütün xalqın mövqeyi olub. On minlərlə insan küçələrə çıxıb, sovet imperiyasına qarşı öz etirazını bildiribsə və həmin hadisədən sonra Azərbaycanın müstəqillik qazanması bir milli ideyaya çevrilibsə, buna görə heç zaman peşiman olmaq olmaz”.
Bunu Moderator.az-a açıqlamasında “34 il öncə sovet imperiyası tərəfindən törədilmiş 20 Yanvar qətliamı ərəfəsində o dövrkü milli azadlıq hərəkatının fəalı kimi atdığınız hansısa addımla bağlı peşimançılıq çəkmirsiz ki; məsələn, filan addımı başqa cür atsaydım, daha doğru olardı?” sualını cavablandırarkən istiqlalçı deputat, Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov söyləyib.
“Bəli, 20-30 il sonra, çox şeylər haqda demək olar ki, mən filan gün, filan saatda filan işi etməsəydim, hadisələr başqa cür inkişaf edərdi… Amma o dövrdə mən Moskva müstəntiqləri tərəfindən sorğu-suala çəkiləndə də soruşurdular ki, filan hərəkəti sən eləmisən, cavab verirdim ki, bəli, mən eləmişəm, özü də doğru etmişəm. Və arxivlərdə həmin istintaq, məhkəmə materialları da qalır. Yəni mən heç vaxt öz mövqeyimdən geri çəkilməmişəm… Bu gün də deyirəm ki, 1990-cı ilin yanvarında mən də, xalq da hər şeyi düzgün edib, müqavimətə də haqqı var idi. Azərbaycana qarşı açıq təcavüz olmuşdu və xalqın da təcavüzə müqavimət göstərmək üçün yetərincə haqqı-hüququ vardır. Və o vaxtkı sovet rəhbərliyi, Qorbaçov sübut eləməliydilər ki, biz, Azərbaycan xalqı olaraq hansı qanunu pozmuşuq və hansı cinayəti etmişik ki, üzərimizə qoşun yeridirlər”,- deyə davamında siyasətçi bildirib.
“İndiyədək Azərbaycanda Rusiyaya bağlı bəzi vəzifəli şəxslər tərəfindən 20 Yanvar qətliamına tamam başqa cür qiymət verməyə çalışanlar da oldu… Xalqı ruhdan salmaq istəyənlər də oldu. Ancaq bir şey var ki, bütün hallarda həmin hadisələr Azərbaycanda yeni bir milli ideyanın – müstəqil milli dövlətçilik ideyasının formalaşmasına bir güclü təkan verdi və sonda bunun konkret olaraq formalaşmasına gətirib çıxardı”,- deyə istiqlalçı deputat vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.