MƏNZİL MÜLKİYYƏTÇİLƏRİNİN MÜŞTƏRƏK CƏMİYYƏTLƏRİ QANUNSUZ YARADILIR

1-04-2024, 09:27           
MƏNZİL MÜLKİYYƏTÇİLƏRİNİN MÜŞTƏRƏK CƏMİYYƏTLƏRİ QANUNSUZ YARADILIR
(tikinti şirkətlərinin yeni oyunu barədə Ədliyyə nazirinə müraciətim)
Məlum olduğu kimi, tikinti şirkətləri çoxmənzilli binaların mütləq əksəriyyətini idarə etməyə davam edir və onları mənzil mülkiyyətçilərinin sərəncamına verməkdən yayınır. O cümlədən saxta mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərini (MMMC) yaratmaq yolu ilə.
Xatırladıram ki, MMMC-ləri mənzil mülkiyyətçiləri təsis etməli, Ədliyyə nazirliyi isə qeydiyyata almalıdır. Reallıqda isə bir qayda olaraq MMMC-ləri elə tikinti şirkətləri təsis etdirir. Təsis sənədlərindəki imzaların mənzil mülkiyyətçilərinə mənsubluğu isə böyük şübhə altındadır. Əslində, hər bir mənzil mülkiyyətçisi iradəsini notariat qaydasında təsdiq edilmiş imzası ilə bildirməlidir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsinə əsasən MMMC-nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə nazirliyinə ərizə bütün təsisçilər tərəfindən imzalanmalı və notariat qaydasında təsdiqlənməlidir.
Lakin reallıqda MMMC-lərin dövlət qeydiyyatı təsisçilərin hamısının notariat qaydasında təsdiq olunmuş ərizəsi əsasında həyata keçirilmir. Bu da ona şərait yaradır ki, tikinti şirkətləri saxtalaşdırılmış imzalar əsasında MMMC-nin qeydiyyatına nail olsun və Mənzil Məcəlləsinə zidd olaraq binanı faktiki idarə etməyə davam etsin.
Məsələ ilə əlaqədar Ədliyyə nazirinə müraciət etmişəm (dərc edirəm). Məktubda həmçinin yaşadığım bina üzrə qüvvəyə minmiş iki məhkəmə qərarının (ətraflı əvvəllər dəfələrlə bu barədə yazmışam https://www.facebook.com/1130710918/posts/10230472082842443/) icrasız qaldığı problemini də vurğulamışam. Faktiki olaraq bu problem eyni zamanda nazirliyin üç qurumu ilə bağlıdır: Ədliyyə sahəsində xidmətlər baş idarəsi, İcra baş idarəsi və Bələdiyyələrlə iş mərkəzi. Ümid edirəm ki, öz aralarında məşvərət edib ölkəmiz üçün bu ciddi problemləri nəhayət aradan qaldıracaqlar...
Əkrəm Həsənov
TEREF














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.