Azərbaycan və Çin arasında yekdil mövqe mövcuddur
Dünən, 16:18

Azərbaycan-Çin münasibətləri bugünkü gündə yüksək səviyyədədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, qarşılıqlı maraqlara cavab verən ikitərəfli münasibətlər ildən-ilə daha yüksək səviyyəyə çatır.
Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Çin Respublikası dövlətimizlə yaxşı münasibətlər qurmaqda maraqlıdır. Bu gün Azərbaycan və Çin arasında hər hansı anlaşılmazlıq və ya narahatçılığa səbəb olacaq məsələ yoxdur. İqtisadi sahədə əməkdaşlığımız getdikcə artır. Bu iki dövlət arasında ticarət dövriyyəsinin həcmi böyüməkdə davam edir. Birgə layihələrimiz həyata keçirilir. Eyni zamanda, Çin Azərbaycan iqtisadiyyatına investisiya qoymaqda davam edir.
Bu gün Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi, hər iki tərəfin maraqlarına cavab verəcək səviyyəyə yüksəlməsi üçün hər cür potensial var. Çin Azərbaycanın onun “Vahid Çin” konsepsiyasını dəstəkləməsini hər zaman məmnunluqla qarşılayır. Azərbaycan Tayvan adasını Çinin bir hissəsi hesab edir və vahid dövlət yaradılmasını həmişə dəstəkləyir. Dünya birliyində siyasi məsələlərdə bizim yekdil mövqeyimiz mövcuddur. Bundan sonra da bu əlaqələrin genişlənməsi üçün hər cür zəmin var. Azərbaycan Prezidentinin Çinin aparıcı media qurumlarının birinə verdiyi müsahibə iki dövlət arasındakı münasibətləri çox yaxşı xarakterizə edir.
Qeyd edilən və bir çox digər məsələlərə Prezident İlham Əliyevin aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfəri günlərində Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində toxunulub. Ölkə Başçısı öz geniş müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. Münasibətlərin tarixinə toxunan Prezident İlham Əliyev bu münasibətlərin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu qeyd edərək bildirib ki, Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib.
Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.
Müsahibədə iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivlərinə xüsusi yer ayrılıb. Çinin modernləşmə və burada aparılan islahatlara toxunulub, Çinin keçdiyi tərəqqi yolundan, bu təcrubədən yararlanmalardan danışılıb.
Qeyd edilib ki, Azərbaycanın iqtisadiyyatı günügündən güclənir. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Ölkənin mübadilə olunan valyuta ehtiyatları xarici borcundan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsi 5 faizə endirilib, iqtisadiyyatın şaxələndirilməsi davam edir. Yaşıl enerjiyə keçid Azərbaycan üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.
Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, imzalanan və icra fazasında olan müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək.
Hazırda Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Cənab Prezidentin müsahibədə bildirib ki: “Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik”.
Müsahibəsində müxtəlif sahələrə aid sualları cavablandıran Prezident İlham Əliyev Çin Xalq Respublikasınını Prezidenti Si Cinpinlə görüşlərinə toxunaraq bildirdi ki, “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm”.
“Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik.
“Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız”, - dövlət başçısı vurğulayıb.
Tufan Məmmədov – iqtisadçı ekspert