37-nin 37 yaşlı qurbanı: İlk repressiya olunan qadın Umgülsüm Sadıqzadə

Bu gün, 08:14           
37-nin 37 yaşlı qurbanı: İlk repressiya olunan qadın Umgülsüm Sadıqzadə
O, repressiya qurbanı olmuş ilk azərbaycanlı qadındır.
Həyat yoldaşı yazıçı Seyid Hüseyn də güllələnərək dənizə atılmışdı.
İllərlə uşaqlarından ayrı düşür, həbs düşərgəsində çox ağır günlər keçirir, məzarının yeri unudulur.
Oğlu isə 24 yaşında xəstəlikdən vəfat edir.
Azərbaycanın ilk istiqlalçı şairəsi Ümmügülsüm Sadlqzadə.

1920-ci ildə ailə quran Seyid Hüseyn və Umgülsümün dörd övladı dünyaya gəlir: Cığatay, Toğrul, Oqtay və Qumral.
Umgülsümün həyat yoldaşı Seyid Hüseyni 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər. 1938-ci ilin yanvar ayında Seyid Hüseyn güllələnir. 1937-ci ilin noyabr ayında onu “xalq düşməni”nin arvadı kimi həbs edib Bayıl həbsxanasına salırlar. Beləcə, 37-nin 37 yaşlı qurbanı olur Umgülsüm Sadıqzadə. Həm də ilk repressiya olunan Azərbaycan qadını. Ona səkkiz il iş kəsərək 1938-ci ildə Mordova Muxtar Respublikasının Yavas qəsəbəsindəki Temlaq əmək islah düşərgəsinə göndərirlər.

O, Mikayıl Müşfiqin sevimli Dilbəri ilə eyni düşərgədə olub, onun vəziyyətini acı ilə qələmə alıb. Umgülsüm xanım 1943-cü ildə SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək, azadlığa buraхılmasını хahiş edir. Onun azad olunmasına yalnız 1945-ci ilin aprel ayında qərar verilir. Artıq sürgün günlərinin geridə qaldığına, uşaqlarına və evinə qovuşduğuna yenicə sevinmiş bu əzabkeş qadına iyirmi gün sonra Bakıda qalmaq yasaqlanır. O, Vətənində də sürgün olunur. Bakıdan Şamaxıya köçməli olur. Burada da uzun müddət yaşaya bilmir və üç ay sonra qızı Qumralın qolları arasında gözlərini əbədi olaraq yumur.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu
/yazarlar.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.