Gia Volski: Gürcüstanın regionda təhlükəsizliyi təmin etmək potensialı var
Bu gün, 10:24
Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında maraqlı olan neytral ölkə kimi regionda təhlükəsizliyi təmin etmək potensialına malikdir.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Parlamentinin birinci vitse-spikeri Gia Volski bildirib.
Deputat bu fikri Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Ermənistana rəsmi səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, strateji tərəfdaşlarla münasibətlərin inkişafı Gürcüstan hökuməti üçün xüsusi əhəmiyyət kəsb edir:
“Ümumiyyətlə, bu səfərin daşıdığı simvolizm çox vacibdir. Yeni seçilmiş prezident əvvəlcə Bakıya, indi isə İrəvana səfər edib. Nümayəndə heyətləri bir sıra məsələləri müzakirə edirlər və bu kontekstdə Gürcüstanın neytral oyunçu kimi regionda təhlükəsizliyi təmin etmək və Ermənistanla Azərbaycan arasında problemlərin həllinə dəstək vermək potensialına malik olduğunu vurğulamaq xüsusilə önəmlidir”, – Volski deyib.