Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi

Bu gün, 00:06           
Çin-Azərbaycan əlaqələrində Moskva detalı –
Çin-Azərbaycan əlaqələrində Moskva faktoru son dövrlərdə diqqət çəkən məsələlərdən birinə çevrilib. Pekinin Bakı ilə daha sıx əməkdaşlıq qurması, birbaşa təmasları, Rusiyanın arxa plana keçməsi, bölgədəki geosiyasi vəziyyəti yeni bir kontekstdə dəyərləndirməyə imkan verir. Bu, bir tərəfdən Çin və Azərbaycanın qarşılıqlı maraqlarının daha da dərinləşdiyini, digər tərəfdən isə Rusiyanın təsirinin əvvəlki dövrlərlə müqayisədə azalmasını göstərir.

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, bu gün dünyada hərbi, iqtisadi qüdrət baxımından iki qlobal güclərdən biri Çindir:

“Çin dövləti artıq iqtisadi gücü ilə, dünyada hegemonluq iddiası edən ABŞ-ı narahat etməyə başlayıb. Donald Trampın hakimiyyətə gəlişindən sonra isə əsas mübarizə hədəfi məhz Çin seçildi. Qurulan oyunların böyük əksəriyyəti, xüsusilə ticarət anlaşmaları və tətbiq olunan rüsumların əsas hədəfi məhz Çindir. Rusiyayla münasibətlərin tənzimlənməsi siyasətinin arxasında da Çin dayanır. Çin dövləti qlobal iqtisadiyyata liderlik edən gücə çevrilməkdədir. Rusiya isə indiki vəziyyətdə bu rəqabətə davam gətirə bilmir.

Bu gün Rusiyanın Uzaq Şərq bölgəsi demək olar ki, Çinin iqtisadi və maliyyə təsiri altındadır. Bu, əvvəllər ümumiyyətlə, təsəvvür edilə bilməzdi. Yəni, Rusiya Uzaq Şərqdə öz iqtisadi siyasətini tam olaraq həyata keçirə bilmədiyindən və bu əraziləri insanlarla doldurmağı bacarmadığından Avropanın sərhədlərində özünə yeni ərazilər müəyyənləşdirmək istəyir. Ukrayna ilə müharibənin səbəblərindən biri də məhz budur”.

Politoloqun sözlərinə görə, belə bir vəziyyətdə Çin-Azərbaycan yaxınlaşması çox önəmlidir və strateji xarakter daşıyır:

“Bu yaxınlaşmanın Rusiyadan kənar baş verməsi bir tərəfdən Çinin siyasəti ilə bağlıdırsa, digər tərəfdən Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzu və bir dövlət olaraq güclənməsi ilə bağlıdır. Çünki bu çətin dövrdə ərazi bütövlüyünü təmin edən ölkələrin başında Azərbaycan gəlir və bu da rəsmi Bakının nüfuzunu artırır.

Digər tərəfdən, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyi və yeni siyasi prioritetlərində çox mühüm rol oynayır. Paralel olaraq, müharibələr fonunda bu gün bir çox regionlardan keçən ticarət yolları və kommunikasiya xətləri böyük zərər görür. Nəticədə “Bir Kəmər, Bir Yol” təşəbbüsü xüsusilə ön plana çıxır və Azərbaycan bu ideyanı dəstəkləyir. Sadəcə sözlə yox, real infrastruktur layihələri həyata keçirir və region dövlətləri ilə loqistika sahəsində əməkdaşlıq mexanizmləri qurur. Söhbət orta dəhlizdən gedir.

Çindən başlayan yol Qazaxıstandan Xəzər dənizi vasitəsilə Azərbaycana qədər uzanır. Azərbaycanın coğrafi mövqeyi və geostrateji əhəmiyyəti ona imkan verir ki, Gürcüstan, Qara dəniz, Türkiyə və Aralıq dənizi arasında körpü rolunu oynasın”.

Natiq Miri qeyd edir ki, Zəngəzur dəhlizinin açılması məsələsi də ciddi şəkildə müzakirə edilir:

“Bu, həm Azərbaycanın, həm də maraqlı tərəflərin logistika imkanlarını genişləndirir. Azərbaycanın bu sahədə ciddi nailiyyətləri var və bu proses davam etdikcə, ölkə infrastrukturunu daha da inkişaf etdirir. Bu da gələcəkdə yüklərin həcmini dəfələrlə artırmağa imkan verəcək.

Ona görə də, əgər Çin Azərbaycanla birbaşa əlaqə qurursa, bu, Azərbaycanın regional və qlobal səviyyədə oynadığı rol və Avropa ilə Asiyanı birləşdirən mühüm körpü olması ilə əlaqədardır. Çünki bu dünyada əhəmiyyətsiz heç bir şey diqqət çəkmir.

Azərbaycana münasibət fərqlidir. Bu da ona görə baş verir ki, Azərbaycanla bağlı sadaladığımız bütün məsələlər artıq reallığa çevrilib. İndi Azərbaycanla münasibətləri hansısa ölkə üzərindən və ya böyük güclərin vasitəsilə deyil, birbaşa qurmaq zərurəti yaranıb. Bu isə münasibətlərdə bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında formalaşır. Əgər əvvəllər münasibətlər birtərəfli şəkildə qurulurdusa, indi qarşılıqlı maraqlara əsaslanır.

Buna görə də Rusiyanın bu prosesdə iştirakına ehtiyac qalmayıb. Əvvəllər hər məsələdə Rusiyayla razılaşmaq məcburiyyəti var idisə, indi Azərbaycanın öz maraqlarına uyğun, müstəqil şəkildə qərar vermək imkanı mövcuddur. Artıq Azərbaycan heç kimə hesabat vermək məcburiyyətində deyil.

Bu şəraitdə düşünürəm ki, Azərbaycan və Türkiyə ilə birlikdə, türk dövlətlərinin birgə addımlar atmasının vaxtı çatıb. Bu isə ondan ibarətdir ki, kənarda dayanıb gözləmək yox, birlikdə güc nümayiş etdirmək və fəal siyasət yürütmək lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.