İranın "Azərbaycan" siyasəti dəyişmir... - "Siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil"
Bu gün, 00:10

Bu gün İran prezidenti Məsud Pezeşkian Bakıya səfər edəcək. Səfər zamanı bir çox məsələlərin müzakirəsi gözlənilir. Artıq hamıya məlumdur ki, İranla Azərbaycan arasında uzun müddətdir ki, bir gərginlik hökm sürür. İranın Ermənistan yanlısı olması, Zəngəzur dəhlizini qırmızı cizgisi adlandırması, Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı və s. bu kimi neqativ halların baş verməsi İranla münasibətlrimizi sözün əsl mənasında zədələmişdi. Məsud Pezeşkian əslən azərbaycanlıdır və müxtəlif kürsülərdə Azərbaycan dilində danışır, şeirlər səsləndirir.
Bəs xarici siyasətdə Məsud Pezeşkian Azərbaycanın tərəfindədirmi?
Məsud Pezeşkianın səfəri iki ölkə arasında olan münasibətə necə təsir edəcək?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istənilən halda, qonşu ölkə İranın prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri müsbət bir hadisədir: “Azərbaycanda və İranda bu səfər uzun müddətdir gözlənilən bir səfər idi. Çünki İranın regionda Azərbaycana qarşı aqressiv davranışlarından, Zəngəzur dəhlizini qırmızı xətti elan etməsindən, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən Azərbaycan səfirliyinə edilən hücumlardan sonra və bu gün də İran ərazisindən Ermənistana Hindistanda istehsal olunan silahların daşındığı bir vaxtda, əlbəttə ki, bu səfər mühüm əhəmiyyət kəsb edir.
Deputatın fikrincə, bütün baş verənlərin müzakirə olunması üçün bu səfər yaxşı fürsətdir: “Məsələ ondadır ki, gözlədiyimiz nəticə əldə olunacaqmı? İran prezidenti Məsud Pezeşkian Azərbaycan televiziyasına verdiyi qısa müsahibədən sonra aydın oldu ki, İran prezidenti İranın Azərbaycan siyasətində köhnə tezisləri yenidən təkrar etmiş oldu. Bəlli oldu ki, çox təəssüf ki, siyasət Şəhriyarın şeirləri qədər aydın, gözəl və birmənalı deyil”-deyən deputat hesab edir ki, belə mövqedən sonra, yəni İran prezidentinin Azərbaycan televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən sonra Azərbaycan və İran münasibətlərində yeni və fövqəladə nəyinsə baş verəcəyini gözləmir.
Hikmət Babaoğlu vurğulayıb ki, bütün hallarda müzakirə olunmalı çoxlu məsələlər var. Deputat ümid edir ki, bu məsələlər müzakirə ediləcək və hər iki ölkə üçün konkret nəticələr üçün zəmin yaradacaq.