Zərifə xanım Əliyeva: Zərif qadın, qayğıkeş ana və mükəmməl ailə dəyərləri
Bu gün, 17:21

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə “Zərif qadın, qayğıkeş ana və mükəmməl ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai birliklərin nümayəndələri, gənclər və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən video film nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli çıxış ediblər.
Qeyd olunub ki, zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş Zərifə xanım Əliyeva geniş elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmış, onun müstəsna xidmətləri və geniş elmi fəaliyyəti sayəsində respublikamızda yüksək ixtisaslı gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti hər zaman yüksək qiymətləndirilmiş, oftalmologiya aləmində ən yüksək akademik Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır.
Vurgulanıb ki, Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla əsil Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən başlıcası isə xalqımıza Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə Zəfər səlnaməsi yazan qətiyyətli sərkərdə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevi bəxş etmişdir.
Milyonların gözlərinə nur verən nurlu İnsan, görkəmli oftalmoloq alim, zərif qadın və qayğıkeş ana Zərifə xanım Əliyevanın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində sonsuz sevgi və böyük ehtiramla əbədi yaşayacaqdır!
Tədbir Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan bədii hissə ilə davam edib.