4 nəfərlik ailənin yaşaması üçün 3 min manat lazımdırsa... - Deməli, əksəriyyətimiz YAŞAMIRIQ...
18-06-2024, 09:23
Ölkədə meyvə-tərəvəzin ən bol mövsümü olmasına baxmayaraq, hazırda bazarda kifayət qədər bahalıqdır.
Məsələn, gilasın kiloqramı 7-8 manata belə satışa çıxarılıb.
Məhsulların qiymətində artım olmasına baxmayaraq, minimum əməkhaqqı dəyişməz olaraq qalır. Maraqlıdır, bahalaşma ilə pararlel olaraq əməkhaqqı artımını kifayət edirmi və 4 nəfərlik ailənin dolanışığı üçün nə qədər vəsait lazımdır?
İqtisadçı-ekspert Akif Nəsirli "Cebhe TV"-yə bildirib ki, 2024-cü ildə vətəndaşların gəlirlərinin artım tempi çox aşağı oldu və hökumət də bunu inflyasiyanın sabitləşməsi ilə izah ettməyə çalışdı:
"Ancaq bu inflyasiya bizim gördüyümüz qiymət artımına sanki aid deyil. Əslində qiymət artımı inflyasiyanı stimullaşdıran bir amildir. Kütləvi qiymət artımı elə inflyasiya deməkdir.
Statistikaya baxsaq, hazırda inflyasiya 1 faizin altındadır. Ancaq elə deyil. Hesab edirəm ki, Dövlət Statistika Komitəsi öncə öz hesabatına hörmət etməlidir. Hətta bu yaxınlarda açıqladılar ki, guya rayonlarda mal ətinin maya dəyəri 1 kiloqram üçün 3-4 manata başa gəlir. Bunu hansı metodla hesabladıqları məlum deyil. Mən bununla bağlı DSK-ya məktub ünvanlamışam ki, bu metodologiyanı mənə təqdim edin. Çünki mən özün də hesablamışam, istənilən metodologiya ilə hesablayanda mal ətinin maya dəyəri 10 manatdan aşağı düşmür. Hazırda onun 4 manatı fermerin mənfəətidir, qalan hissəsi onu alıb gətirib Bakıda bizə qəssabxanada satan sahibkarın xeyrinədir.
Sahubkarın mənfəəəti kəndlidən daha çoxdur”.
O, bunun səbələrini belə izah edib:
“Şərait yaratmırıq ki, fermer yetişdirdiyi dananı rahat şəkildə gəlib Bakıda satsın. Əslində fermerə, istehsalçıya şərait yaradılmalıdır. Məsələn, Beyləqanda marketlərə meyvə-tərəvəz "Meyvəli"dən gedir.
Çünki marketin onlarla müqaviləsi var. Rayonda marketdən pomidor, xiyar, ət alan yoxdur. Ən azından belə anormal şəraiti aradan qaldırmaq lazımdır. Marketlərin rəqibi olsa, qazancları kəskin azalar və buna görə başqa tədbir görmək məcburiyyətində qalarlar. Heç kim alıcı üçün çalışmır, hami öz mənfəətini güdür".
İqtisadçınını sözlərinə görə, hazırda minimum əməkhaqqı 345 manatdır:
"Bu gün 4 nəfərlik ailədə böyüklər üçün adambaşına 1000 manat, kişikyaşlılar üçün bir qədər az götürsək, təxminən Azərbaycan şərtlərinə görə minimum 3000 manat lazımdır ki, orta səviyyədə yaşaya bilsin. Özünə geyim ala bilsin, qidalansın, kirayə versin, benzin, səhiyyə xidməti alsın, ildə bir dəfə istirahətə gedə bilsin.
Elə vətəndaş var ki, 5 ildir həkimə getmir. Bu gün xəstəxanalara yalnız kəskin ağrılarla gedənlər olur. Mədəniyyət formalaşdırmaq lazımdır ki, vətəndaş 6 aydan bir müayinədən keçsin və xərci çıxmasın. Məsələn, Almaniyada 6 aydan bir vətəndaş müayinəyə gəlməyəndə ona xəbərdarlıq edilir, 50 yaşdan sonra 3 aydan bir müayinə edirlər. Bu gün istədiyimiz həyat şəraitini yaşamırıq. Ölkədə təxminən 10-15 faiz yüksək səviyyədə yaşayan insanlar var. Məsələn, 5 nəfərlik bir ailədə hərənin 100-150 min manatlıq bir maşını var. Ancaq 5 nəfərlik ailə var ki, hamısı avtobusdan istifadə edir. Vətəndaş marketə gedir və 20, 18, 3 manata da kərə yağı var. Yəni 2 min manat alan 20 manata kərə yağı alır, 400 manat alan 3 manatlıq "kərə yağı" alır. Əslində kərə yağınıın maya dəyəri 10 manatdır. Beləcə insan həyatını riskə qoyaraq yaşayır".