"Orta aylıq əməkhaqqı"nın özü haqqında deyilənlərdən xəbəri yoxdur - Statistik "şou" davam edir...

21-06-2024, 18:36           
"Orta aylıq əməkhaqqı"nın özü haqqında deyilənlərdən xəbəri yoxdur -
Azərbaycanda orta aylıq əməkhaqqının məbləği 1000 manatı keçib. İddia olunur ki, ölkədə işçilərə ödənilən ümumi vəsaiti məvacib alanların sayına bölsək, 1007 manat 50 qəpik alınır. Bundan əvvəl təxminən 22 manat az məbləğ göstərilirdi. İndi sosial platformalarda yazılanları təsəvvür edirsiniz? Bu xəbərə nə qədər lağ olunub. Çünki ölkədə böyük əksəriyyət bu qədər qazanmır. Ən azı median əməkhaqqı reallığı ortaya qoyur. Ölkədə işləyən kəsimin yarısı 460 manatdan az gəlir əldə edir. Vəziyyət acınacaqlı olmasını ən yaxşı median əməkhaqqı göstərir. Yəni ölkədəki bütün işləyənlərin siyahısında ən ortada yer alanın maaşı əsaslı qiymətləndirməyə imkan yaradır.
Bizimyol.info əvvəllər bu movzuya az yer ayırmayıb. Orta aylıq əməkhaqqı, əslində, çox şey ifadə etmir. Yəni bu qazanc istiqamətində rəqəmlərin artması hələ əhalinin sosial rifah halının yüksəlməsi anlamına gəlmir. Orta aylıq əməkhaqqı elə anlayışdır ki, yuxarı təbəqədə maaş artımı burada rəqəmlərin yüksəlməsinə səbəb olur. Aşağı təbəqə üçün isə heç nə dəyişmir.

Əlbəttə, orta aylıq əməkhaqqının açıqlanması normaldır. Burada qəbahətə yol verilməyib. Pis odur ki, median əməkhaqqı ilə böyük fərq var. Daha pisi minimum əməkhaqqının orta aylıq əməkhaqqının cəmi 34 faizini təşkil etməsidir. Bu məsələ də vəziyyətin acınacaqlı olmasına işarə vurur. Çünki beynəlxalq standartlar deyir ki, minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə bərabər olmalıdır. Bizdə isə işləyən kəsimin nəzərəçarpan hissəsi hər ay minimum əməkhaqqına yaxın vəsait əldə edir. Hələ daha az qazananlar da var.

İnsanların istehsazı isə başa düşüləndir. Böyük əksəriyyət orta aylıq əməkhaqqı qədər qazanmır. Məsələn, ölkədə böyük müəllim ordusu bu məvacibi görmür. Xidmət sektorunda bu qazancı yalnız yuxuda görmək mümkündür.

Nə olmalıdır? Hər şeydən əvvəl minimum əməkhaqqının məbləği azı 50 faiz artırılmalıdır. Söhbət var ki, artım olacaq, amma 20 faiz civarında. Özü də ən yaxşı halda gələn ilin əvvəlindən. Belə olmaz, ölkədə minimum əməkhaqqının məbləği çox aşağıdır. İkinci addım ayrı-ayrı sektorlarda verilən əməkhaqqına nəzarət edilməsi olmalıdır. İşçilərə minimum əməkhaqqından daha aşağı məbləğ təklif olunmamalıdır. Təklif olunursa, daha bunun harası minimum oldu? Bu halda median əməkhaqqı da yüksələ bilər. Orta aylıq əməkhaqqı da daha gülməli görünməz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.