Şərqi Azərbaycan deputatları Pezeşkiana ‘5 əsas nazirliyə türk ziyalıların təyin edilməsini’ təklif edib

2-08-2024, 15:34           
Şərqi Azərbaycan deputatları Pezeşkiana ‘5 əsas nazirliyə türk ziyalıların təyin edilməsini’ təklif edib
İran mətbuatının yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətindən olan millət vəkilləri prezident Məsud Pezeşkianın kabinetində “5 əsas nazirlik üçün türk siyasətçilər arasından adlar təklif ediblər.”

Yarı-rəsmi “Fars” agentliyi bu barədə Şərqi Azərbaycan deputatlar birliyinin sədri və Təbriz millət vəkili Əlirza Novinin sözlərini dərc edib.

Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran Parlamentində keçirilib. Qanuna görə, yeni prezident andiçmə mərasimindən sonra iki həftə ərzində nazirlər kabinetini parlamentə təqdim etməlidir.

Təbriz millət vəkili Əlirza Novin cümə axşamı günü mətbuat nümayəndələrinə deyib ki, “Şərqi Azərbaycan vilayətindən olan deputatlar birliyi Azərbaycanın elitası və bacarıqlı idarəçilərindən olan türk ziyalılardan 5 əsas nazirliyə təyin edilmək üçün adlar təklif edib. Təklif edilən şəxslərin idarəçilik keçmişi və bacarıqları birlik tərəfindən qiymətləndirib. Adlar cənab prezidentin özünə təqdim edilib və ümid edirik ki, diqqətə alınacaq”.

Şərqi Azərbaycan deputatlar birliyi “Sənaye, Mədən və Ticarət”, “Yol və Şəhərsalma”, “Neft”, “Mədəni İrs və Turizm” və “Əmək və Sosial Rifah” nazirlikləri üçün adlar təklif edib.

Əlirza Novin adların yalnız təklif kimi və məşvərətçi mövqedən təqdim olunduğunu vurğulayıb. “Bu təklif pay istəmək və ya prezidentə hər hansı bir təzyiq anlamına gəlməməlidir” - deyə, o bildirib.

Təbriz millət vəkili əlavə edib ki, “sadəcə nazirlər kabineti deyil. Azərbaycanın ziyalıları və idarəçiləri olduqları hər yerdə yaradıcılıq və inkişaf qaynağı olublar və biz ümid edirik ki, onları hökümətin digər bölmələri, o cümlədən, dövlət şirkətləri, baş idarələr, nazirlər müavinlikləri kimi vəzifələrdə də görək.”

Fars xəbər agentliyinin xəbərində təklif edilən adların yalnız Şərqi Azərbaycan vilayətindən olub yoxsa İran Azərbaycanının digər vilayətlərindən də adların təklif olunub-olunmadığına dair məlumat verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.