“Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...”
Bu gün, 16:52

Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Naxçıvandan avtobusla İran ərazisindən keçməklə Azərbaycana gələn sərnişinlər Biləsuvar gömrük-keçid məntəqəsində təzyiqlərə məruz qalır. Anxeber.az bildirir ki, bununla bağlı sürücü Qartal Mehraci sosial media hesabında Prezident İlham Əliyevə müraciət edib. O, dövlət başçısından xahiş edib ki, Biləsuvar gömrüyünün rəisi İlkin Qafarovu fəaliyyəti araşdırılsın.
Onun sözlərinə görə, gömrük əməkdaşları sərnişinlərlə kobud davranır, gətirdikləri malları əsassız yerə müsadirə edirlər.
Qarabağ müharibəsində kəşfiyyatçı olduğunu deyən Qartal Mehraci iddia edir ki, Beyləqan, Füzuli, Ağcabədi ərazilərində düşmən ona diz çökdürə bilməsə də, Biləsuvar Gömrük İdarəsinin əməkdaşları bunu bacarıb:
“Haqq-ədalət yoxdur. Kim tanış tapır, rahat keçir, kasıb vətəndaşa isə “qan uddurur”lar. Bu gün ailəm evdə kartof-soğan yeyə bilmir, amma gömrük işçilərinin soyuducuları doludur”.
Şikayətçi Biləsuvar Gömrük İdarəsinin növbə rəisi, baş leytenant İlkin Qafarov və digər vəzifəli şəxslərin vətəndaşlara qarşı qanunsuzluq etdiyini iddia edib.
O, Prezident İlham Əliyevə müraciət edərək məsələnin dövlət səviyyəsində həll olunmasını xahiş edib:
“Cənab Prezident, siz çıxışlarınızda deyirsiniz ki, məmurlar xalqı incitmədən xidmət etməlidirlər. Lakin burada xalq deyil, məmur hökmranlıq edir. Məni erməni çökdürə bilmədi, amma Biləsuvar gömrüyü çökdürdü”,
Dövlət Gömrük Komitəsinin və Biləsuvar Gömrük İdarəsinin mövqeyini işıqlandırmağa hazırıq.