Orta məktəblərdə Azərbaycan dilinin təbliği problemləri: "Rus bölməsinin bəzi şagirdləri Azərbaycan dilində kitab oxumağı belə
Bu gün, 17:38

Azərbaycan dilinin tədrisi və təbliği ölkəmizdə milli kimliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Lakin xüsusilə rus bölmələrində bu sahədə müəyyən çətinliklər müşahidə olunur.
Müəllimlərin və ailələrin yanaşmaları, şagirdlərin dilə münasibəti məsələnin mürəkkəbliyini göstərir.
Bakı şəhəri, Yasamal rayonu, 286 saylı tam orta məktəbin tarix müəllimi Təranə Salahova Gununsesi.info-ya verdiyi müsahibədə bu məsələlərə toxunub.
– Siz bir müəllim kimi orta məktəblərdə, xüsusilə rus bölməsində Azərbaycan dilinin təbliği ilə bağlı nələri müşahidə edirsiniz?
– Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, orta məktəblərdə, xüsusilə də rus bölməsində Azərbaycan dilinin təbliğinə demək olar ki, yetərincə diqqət yetirilmir. Bu, həm sinif rəhbərlərinin, həm də şagirdlərin ailələrinin dilə yanaşmasında özünü büruzə verir.
– Rus bölməsi müəllimləri arasında hansı yanaşmalar müşahidə olunur?
– Təəssüf ki, bəzi rus bölməsi müəllimlərində müəyyən eqoist yanaşma hiss olunur. Onlar sanki Azərbaycan bölməsi müəllimlərindən üstün olduqlarını düşünür və özlərini bir pillə yuxarıda görməyə çalışırlar. Halbuki bu, onların üstünlüyünü deyil, əksinə, milli dəyərlərə və dilə qarşı laqeyd münasibətin, daxili boşluğun və bir növ acizliyin göstəricisidir.
– Şagirdlərin milliyyət və dilə münasibəti necədir?
– Mən dəfələrlə şagirdlərə sual vermişəm: “Ananız, atanız və ya ümumiyyətlə, soy-kökünüzdə başqa millət varmı?” Cavab isə adətən belə olur: “Yox, müəllim, atamız da, anamız da azərbaycanlıdır.” O zaman yenə sual edirəm: “Bəs sən niyə öz dilinə, öz millətinə bu qədər laqeyd yanaşırsan? Ola bilər ki, rus bölməsində təhsil alırsan – bu, problem deyil. Əsas məsələ milliyyətindir. Sən azərbaycanlısan və bu, sənin dilindir. Niyə öz dilində sərbəst danışmırsan, oxumursan, maraqlanmırsan?”
– Rus bölməsi şagirdlərinin Azərbaycan dili səviyyəsi necədir?
– Təəssüf ki, rus bölməsində elə şagirdlər var ki, ümumiyyətlə, Azərbaycan dilində kitab oxumağı belə bacarmırlar. Mən zəfər tariximizlə bağlı dərsləri rus bölməsində də Azərbaycan dilində keçirirəm və orada elə şagirdlər var ki, dərs zamanı açıq şəkildə deyirlər: “Müəllim, başa düşmürəm.” Hətta bunu da rus dilində ifadə edirlər. Onların oxuma, anlama və qavrama səviyyəsi, təəssüf ki, çox aşağıdır. Bu isə birbaşa ailədən gələn münasibətin nəticəsidir. Evdə Azərbaycan dilində danışılmır, uşağa dilin önəmi aşılanmır. Bu da gələcəkdə milli kimlikdən uzaqlaşma, köklə bağın zəifləməsi ilə nəticələnir.
– Bəs ailə mühiti öz təsirini göstərirmi?
– Əlbəttə göstərir. Mən dəfələrlə Azərbaycan dilində danışa bilməyən şagirdlərə sual vermişəm: “Anan, atan azərbaycanlıdırmı?” Cavab adətən belə olur: “Bəli, hər ikisi azərbaycanlıdır.” O zaman yenə soruşuram: “Bəs evdə Azərbaycan dilində heç danışmırsınız?” Cavab çox vaxt susqunluq və ya etiraf olur: “Yox, danışmırıq.” Bu isə problemin mənbəyini açıq göstərir – ailədən gələn laqeydlik.
Əgər ailədə öz ana dilinə hörmət göstərilmir, başqa bir dil – məsələn, rus dili – daha üstün tutulursa, təbii ki, uşaq da gözünü açandan bu münasibəti görür, onu mənimsəyir və nəticədə öz dilinə yadlaşır. Bu, sadəcə dil problemi deyil, milli kimliklə bağlı ciddi bir məsələdir.
– Yəqin ki, Rusiyadan Azərbaycana köçən şagirdlərin vəziyyətini də görürsüz?
– Əlbəttə. Rusiyadan Azərbaycana köçən bəzi azərbaycanlı ailələr var. Bu ailələrin uşaqları Rusiyada orta məktəbdə oxuyub gəlirlər, ancaq Azərbaycana qayıtdıqdan sonra da eyni münasibəti davam etdirirlər. Öz doğma mühitinə uyğunlaşmağa, dili öyrənməyə maraq göstərmirlər. Halbuki, bu dil onların öz doğma dilləridir.
Ən azı bu uşaqlar evdə anaları və ataları ilə Azərbaycan dilində heç bir ünsiyyət qurmurlar. Uşaq məktəbə gedir, rus dilində təhsil alır – buna sözümüz yoxdur. Amma evə qayıdanda, ailə mühitində, valideynləri ilə azı gündəlik söhbətləri Azərbaycan dilində aparmalıdır. Təəssüf ki, bir çox hallarda bu da baş vermir.
– Bu vəziyyətin cəmiyyətə təsiri necədir?
– Bilirik ki, bu məsələ yalnız təhsillə və məktəblə məhdudlaşmır. Ətraf mühitə – cəmiyyətin müxtəlif sahələrinə nəzər salsaq, bu tendensiyanı açıq şəkildə müşahidə edə bilərik. Sadə bir parkda, küçədə, ictimai məkanlarda bir az qulaq kəsilsək, görərik ki, rus dilində danışanların sayı xeyli artıb. Sanki rusdilli cəmiyyət yenidən dirçəlir. Halbuki illər öncə bu qədər nəzərə çarpmırdı.
Bu vəziyyət isə bir millətin öz dilinə və kimliyinə olan münasibətini sorğulamağa vadar edir. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, milli şüurun və vətəndaş mövqeyinin əsas dayağıdır. Əgər biz bu dayağı sarsıdırıqsa, gələcək nəsillərin kimlik böhranı ilə üzləşməsi qaçılmaz olacaq.
– Bu kimi halları daha hansı təbəqələrdə müşahidə etmisiniz?
– Bunu tək mən yox, elə hamımız görə bilirik. Məsələn yüksək səviyyəli məmurlarımıza baxsaq, görərik ki, onların bir çoxu öz ailələrində rus dilində danışırlar. Bu da cəmiyyətə mesaj kimi ötürülür və nəticədə rus dilinə yönəlmə artmağa başlayır. Və yaxud onların övladları rus dilində təhsil alırlar. Qoy alsınlar, biz demirik ki, almasınlar. Amma bizim öz millətimizə hörmətsizlik bax, elə buradan başlayır.
Mən hələ indiyə qədər bir rus insanı görməmişəm ki, o, kiməsə Azərbaycan dilində cavab versin. Onlar, məsələn, ünsiyyət yaradırlar, Azərbaycan dilində çox gözəl başa düşürlər. Lakin cavab verəndə öz dillərində danışırlar. Bu isə onların öz dillərinə, öz millətlərinə olan hörmətindən irəli gəlir.
– Ailə və cəmiyyət bu məsələdə necə davranır?
– Təəsüf ki, bəzən ailələr bir o qədər önəm vermir. Ailələr nə edir? Öz uşaqlarını aparıb rus bölməsinə qoyurlar, evdə rus dilində danışırlar, hara gedirlər, rus dilində danışırlar. Artıq bu, ailələrdən başlayan bir prosesdir – öz dilimizə, öz millətimizə, öz mentalitetimizə qarşı yönəlmiş təzyiqlərdir, hörmətsizlikdir.
Cəmiyyətimiz bu baxımdan demək olar ki, ciddi şəkildə korlanıb. Vəziyyət çox acınacaqlıdır. İmtahan nəticələrinə baxsaq görərik ki, rus bölməsində oxuyan uşaqların Azərbaycan dili üzrə göstəriciləri sıfıra bərabərdir. Hətta öz sektorumuzda – Azərbaycan bölməsində təhsil alan uşaqlar arasında da təhsilin səviyyəsi demək olar ki, aşağı düşüb.
Ümumiyyətlə, dilimizə olan hörmət son zamanlar xeyli azalıb. Rus bölməsi, ümumiyyətlə, Azərbaycan bölməsini və Azərbaycan dilini saymır. Azərbaycanlı uşaqlar isə hər yerdə rus dilində danışırlar, bir-birilə də rus dilində ünsiyyət qururlar.
Bu o demək deyil ki, sən rus bölməsində oxuyursansa, artıq başqalarından üstünsən və hər kəsin başına çıxmalısan. Bu, düzgün yanaşma deyil. İnsan hər şeydən əvvəl öz millətinə, öz dilinə hörmətlə yanaşmalıdır.
– Bu məsələnin həlli nə yerdən başlamalıdır?
– Bu halların kökü yuxarıdan başlayır. Çünki əgər rəhbər vəzifədə olan şəxslərin özləri ana dillərinə hörmətsiz yanaşırlarsa, təbii ki, digərləri də buna baxır və onlardan nümunə götürür. Dəfələrlə sosial şəbəkələrdə videolara rast gəlmişəm: yüksək təbəqənin insanları öz aralarında, uşaqları və ailələri ilə birlikdə rus dilində ünsiyyət qururlar. Halbuki onların hamısı azərbaycanlıdır.
Bəs başqaları buna baxıb nə düşünəcək? Onlar da elə başa düşürlər ki, yəqin rus dili və ya digər xarici dillər bu qədər yüksəkdədir ki, öz ana dilimizin qarşısında üstün sayılır. Nəticədə digərləri də bu davranışı təkrar etməyə başlayır. Belə-belə dilimizə olan hörmətin səviyyəsi azalır.
Mən bu yaxınlarda bir əməkdar artistin “Instagram” səhifəsində paylaşdığı statusa və videolara baxdım. Öz övladı ilə video çəkib paylaşmışdı. Həm özü, həm ailəsi, həm də dostunun ailəsi uşaqları ilə birlikdə rus dilində danışırdılar. Bu nə dərəcədə doğrudur, sual altındadır.
Azərbaycanda yaşayırsan, bu ölkənin “Xalq artisti”, “Əməkdar artisti” adını almısan. Belə olan halda, sən öz övladına vətəni sevdirməli, dilini, dinini, mentalitetini təbliğ etməlisən. Uşağın rus dilində təhsil alsın – buna etiraz yoxdur. Amma küçədə, bayırda, ictimai yerlərdə ailəliklə rus dilində danışmaq düzgün deyil.
– Sizcə, bu məsələdə dövlət nə etməlidir?
– Düşünürəm ki, bu məsələlər dövlət səviyyəsində qorunmalı və təbliğ olunmalıdır. Orta məktəb müəllimləri bu istiqamətdə əlindən gələni edir, lakin cəmiyyətin də bu prosesə dəstək verməsi vacibdir.
Təəssüf ki, son illərdə ölkədə rusdillilik çox formal bir hal alıb. Bu, vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Əvvəlki illərlə müqayisədə bu tendensiya artıb və sanki ayrıseçkilik yaranıb.
Əgər biz öz dilimizə və mədəniyyətimizə hörmət etməsək, digər millətlər də bizə hörmət etməyəcəklər. Dilimizə hörmətlə yanaşmaq həm milli həmrəyliyin, həm də dövlətimizin güclənməsinin əsas amillərindən biridir.