Gözləyirik
Bu gün, 17:24

Qızıl Ordada 1290-cı ildə Noqay xanın taxta oturtduğu Toxta xan yerini möhkəmləndirir. Öz dövlətinin coğrafiyasını gücləndirmək üçün Şərq üzərində yürüşlərə hazırlaşırdı. Onun ən böyük rəqibi isə, 1295-ci ildə Təbrizdə "elxan" elan edilən Mahmud Qazan xan idi.
Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə şimaldan Azərbaycana basqınlar yenidən başlanmış idi. Toxta xan hər nə olursa olsun onun ərazilərini ələ keçirməyi qarşısına məqsəd qoymuş idi. Bunun üçün ilk olaraq o Sultan Mahmud Qazan xanın yanına elçilərlə birgə məktub da göndərir.
Məktubda yazılır:
"Babam, Ulu Xaqan Çingiz xan bölgüdə Batu xana Azərbaycan üzərində suverenlik verib. Və onun varislərinə məxsus olan bu bölgənin illərdir haqsız olaraq əlinizdə olmağını xatırladıram. Xəbərdarlıq edirəm ki, bizə məxsus torpaqlar geri verilməsə və tələb yerinə yetirilməsə, tapşırığımı 100 mindən çox yaxşı silahlanmış əsgər zorla yerinə yetirəcək"
Elçilər öz qoşunlarının sayını göstərmək üçün özləri ilə gətirdikləri, "quş yemi" adlanan darı kisələrini açaraq yerə səpirlər və deyirlər ki, Toxta xanın ordusunun qüdrətini görün
Sultan Mahmud Qazan xan Toxta xanın elçilərini dinləyir və əmr edir ki, bir toyuq gətirsinlər. Onun hüzuruna gətirilən bir toyuq darı dənələrinin hamısını yeyir. Bunu elçilərə göstərən Xan deyir:
"Toxta bilir ki, Toyuq darının çoxluluğuna, Yırtıcı quş göyərçinlərin çoxluğuna, Qurd sürülərin çoxluğuna sevinir. Gözləyirik".
Prof.Dr. Zaur Aliyev