Bayden: Mən haqsız yerə həbs edilmiş hər bir amerikalı ailəsinə qovuşmayınca dayanmayacağam
2-08-2024, 15:54
Prezident Co Bayden Rusiya həbsxanalarından Pol Uilan, Evan Gerşkoviç, Alsu Kurmaşeva və Vladimir Kara-Murzanın azad edilməsi ilə bağlı bəyanat yayıb.
“Bu gün Rusiyada haqsız yerə həbs edilmiş üç Amerika vətəndaşı və ABŞ-ın bir daimi sakini nəhayət vətənlərinə qayıdırlar: Pol Uilan, Evan Qerşkoviç, Alsu Kurmaşeva və Vladimir Kara-Murza. Onların azad edilməsinə nail olmağa imkan verən razılaşma diplomatik sıçrayış idi.
Ümumilikdə, Rusiyadan 16 nəfərin, o cümlədən öz ölkəsində siyasi məhbus olan 5 Almaniya vətəndaşı və 7 Rusiya vətəndaşının azad edilməsi ilə bağlı danışıqlar apardıq. Bu qadın və kişilərin bəziləri illərdir haqsız yerə həbsdə olub. Onların hamısı ağlasığmaz əzablara və qeyri-müəyyənliyə dözüblər. Bu gün onların əzabları bitdi”, Baydenin bəyanatında deyilib.
Bayden ABŞ-ın müttəfiqləri- Almaniya, Polşa, Sloveniya, Norveç və Türkiyə də daxil olmaqla, bu nəticəyə nail olmaq üçün çətin və mürəkkəb danışıqlarda birlikdə olanlara təşəkkür edib.
“Bu, güvənə biləcəyiniz dostlara sahib olmağın bu dünyada niyə bu qədər vacib olduğunun ən yaxşı nümunəsidir. Bizim ittifaqlarımız amerikalıları daha təhlükəsiz edir. Açıq deyim: dünyanın hər hansı bir yerində haqsız yerə həbs edilmiş və ya girov saxlanılan hər bir amerikalı öz ailəsinə qovuşana qədər səylərimi dayandırmayacağam” - deyə, prezident bildirib.
“Mənim administrasiyam indiyə qədər 70-dən çox amerikalını vətəninə qaytarıb, onların çoxu mən vəzifəyə başlamazdan əvvəl həbsdə olub. Bununla belə, həddən artıq çox ailə əziyyət çəkir və öz yaxınlarından ayrılır və mənim prezident kimi bu amerikalıları evə gətirməkdən daha üstün prioritetim yoxdu. Bu gün biz Pol, Evan, Alsu və Vladimirin qayıdışını qeyd edir və ailələri ilə birlikdə sevinirik. Biz dünyanın istənilən yerində hələ də haqsız yerə tutulan və ya girov saxlanılanların hamısını xatırlayırıq. Biz onların ailələrinə verdiyimiz sözü bir daha təsdiq edirik: sizi xatırlayırıq. Biz sizinləyik. Biz heç vaxt yaxınlarınızı evə gətirmək üçün işi dayandırmayacağıq”- deyə, Co Bayden qeyd edib.