Rusiya benzin ixracına qadağaları təzələdi: Aİİ ölkələrinə təsir etməyəcək
2-08-2024, 17:34
Ekspertlər hesab edir ki, Rusiya Federasiyasında yanacağın ixracına qoyulan qadağanın bərpası Azərbaycanda o qədər də narahat etməyəcək.
Rusiya avqustun 1-dən xaricə yerli istehsal benzininin tədarükünə embarqonu yeniləyib, məhdudiyyətlər oktyabr ayına qədər davam edəcək.
Xatırladaq ki, martın 1-dən altı ay müddətinə - sentyabrın 1-dək Rusiya hökuməti Aİİ ölkələri istisna olmaqla, benzinin xaricə ixracına qadağa qoyub. Lakin sonradan, mayın sonunda məhdudiyyətlər aradan qaldırılıb. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak embarqonun avqustun 1-dən bərpa olunacağını bildirib.
Bir gün əvvəl Rusiya Federasiyası Energetika Nazirliyinin rəis müavini Pavel Sorokin bildirmişdi ki, Rusiya hökuməti yerli bazarı sabitləşdirmək, onun tələbini ödəmək və kəskin qiymət artımının, o cümlədən topdansatış qiymətlərinin qarşısını almaq üçün qadağanın müddətini uzatmaq qərarına gəlib. Eyni zamanda, o qeyd edib ki, Rusiya Federasiyasından dizel yanacağının ixracına qadağa yoxdur, lakin qeyri-istehsalçılar tərəfindən ixrac potensialının məhdudlaşdırılması istiqamətində işlər aparılacaq.
Xatırladaq ki, ötən il Rusiya Nazirlər Kabineti artıq benzin və dizelin ixracına qadağa qoyub. Hakimiyyət bu yolla treyderlərin neft məhsullarını daxili bazar üçün baha qiymətə alıb ixraca daha baha satdıqları zaman "boz" yanacağın ixracı sxemini dayandırmağa ümid edirdi.
Azərbaycanın idxal olunan benzindən asılılığı azalır
İqtisadçı-ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan idxaldan asılılığın azaldılması və ümumiyyətlə, idxalın diversifikasiya olunması strategiyasını yanacaq məhsullarına, o cümlədən benzinə də şamil edib:
"Biz bunu əvvəlki illərin statistikasında davamlı olaraq görürük. Məsələn, Azərbaycan Rusiyadan 2021-ci ildə 148000 tona yaxın, 2022-ci ildə 100000 tona yaxın, 2023-cü ildə isə 40,2 min ton "Aİ-95" premium markalı benzin idxal edib. Deməli, 2022-ci ildə 40 faizədək, 2023-cü ildə isə 60 faizədək Rusiyadan idxal azalıb. 2023-cü ildə Rusiyadan "Aİ-92" markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27 faizinə bərabər olub. Bu, o deməkdir ki, Azərbaycan bu istiqamətdə idxaldan asılılığı azaldır. 2024-cü ildə də Azərbaycanda eyni tendensiya ilə benzin idxalında azalma planlaşdırılırsa, Rusiyada benzin ixracına qadağa qoyulması ölkəmiz üçün narahatçılıq yaratmır".
Daxili bazarda yanacaqla bağlı heç bir problem yoxdur
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanın Rusiyadan idxal etdiyi yüksək oktanlı benzinin bu idxalın ümumi həcmində xüsusi çəkisi 47 faiz təşkil edir.
Rusiyadan Azərbaycana idxal olunan yüksək oktanlı benzinin ümumi benzin idxalındaki xüsusi çəkisi 47 faiz təşkil edir:
"Azərbaycan bir çox ölkələrdən benzin idxal edir, bunların içərisində Belarus, Rumıniya, Yunanıstan, Gürcüstan və digərləri var. Ona görə də bu istiqamətdə Azərbaycan üçün hansısa problem yoxdur, bu, şaxələndirilmiş idxaldır. Digər tərəfdən, bu il ötən illə müqayisədə daha az həcmdə yüksək oktanlı benzin idxalı olmalıdır. Çünki təxminən bu ilin dördüncü rübü üçün artıq Azərbaycan yüksək oktanlı benzinin istehsalını həyata keçirəcək. Ona görə də daxili bazarda problem olmayacaq".
Azərbaycan Rusiyadan nə qədər benzin idxal edib?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycan Rusiyadan 17387 ton "Aİ-92" markalı, 40261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.
Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.
"Aİ-92" benzinin qiymətini Tarif Şurası müəyyən edir
Xatırladaq ki, iyulun 1-dən Azərbaycanda Aİ-92-nin qiyməti 1 manatdan 1,10 manata, dizelin qiyməti isə 0,80 manatdan 1 manata qalxıb. Bundan başqa, 2024-cü il iyulun 15-dən yerli istehsal olan Aİ-95 markalı avtomobil benzininin qiyməti 0,40 manat azalaraq 1,60 manat təşkil edib.