İsrail qırıcıları İranın HHM sistemini yarıb? - KİV
2-08-2024, 18:39
“HƏMAS”-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən təxminən iki gün keçir. Versiyalardan birinə görə, “SEPAH”-ın qonaq evində ciddi mühafizə altında olan Haniyə və onun şəxsi mühafizəçisi hava hücumu nəticəsində öldürülüb. Lakin bu əməliyyatın dəqiq necə həyata keçirildiyi barədə hələ də dəqiq məlumat yoxdur.
Bu arada, “The New York Times” (NYT) qəzetinin yazdığına görə, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə təxminən iki ay əvvəl Tehrandakı iqamətgahına qoyulmuş bombanın partlaması nəticəsində ölə bilərdi. Nəşrin mənbələrinin dediyinə görə, partlayıcı qurğu Haniyə otağında görünəndən sonra uzaqdan işə salınıb. Qəzetin hadisə yerindən çəkdiyi fotoşəkillərdə partlayış nəticəsində bir neçə pəncərənin sındığı və xarici divarın bir hissəsinin uçduğu görünür.
NYT-nin məlumatına görə, “HƏMAS” liderinə qarşı sui-qəsdə hazırlıq bir neçə ay ərzində planlaşdırılıb və buna Haniyənin Tehran iqamətgahının diqqətlə izlənilməsi də daxildir. Qəzet həmçinin iddia edir ki, binaya dəyən ziyan raket zərbəsi deyil, partlayıcı qurğunun vura biləcəyi zərərə uyğun gəlir.
Qəzetin həmsöhbətləri bəzi ABŞ rəsmilərinin Haniyənin öldürülməsində İsrailin məsuliyyət daşıdığını düşündüklərini bildiriblə. Habelə, İsrail kəşfiyyatının rəsmilərinin də əməliyyat baş verdikdən dərhal sonra ABŞ və digər Qərb hökumətlərinə əməliyyatın təfərrüatları barədə məlumat verdiyi iddia olunur.
Eyni zamanda, İsrail mətbuatında yayılan məlumata görə, baş nazir Binyamin Netanyahu deputatlardan və nazirlərdən İranda yaşananlar bağlı şərh verməməyi və mümkünsə susmağı xahiş edib. Bir neçə saat sonra Knessetdə çıxış edən baş nazir şəxsi nümunə göstərərək, deputatlara İsrailin “HƏMAS” və “Hizbullah” liderlərinə qarşı son uğurlu hərəkətləri barədə danışsa da, İsmayıl Haniyənin qətlini xatırlatmayıb.
Beləliklə, “SEPAH”-ın qonaq evinə raket zərbəsinin haradan endirildiyi sualı prinsipial xarakter alır. Əgər Haniyənin yataq otağı raketlə vurulubsa, onu hansı tip təyyarə atıb? Bu təyyarə İranın hava məkanında olub, yoxsa raket üçüncü ölkədən atılıb? Ümumiyyətlə, bu hava-yer tipli raketdirmi? Bəlkə qonşu evin pəncərəsindən atılan “RPQ” qumbarası “SEPAH”-ın qonaq malikanəsinin pəncərəsinə dəyib? Yaxud, NYT-nin iddia etdiyi kimi, hörmətli fələstinli qonağın gəlişindən əvvəl İsmayıl Haniyənin yatdığı otaqda quraşdırılmış mina partladılıb?
Bu suallara hələ də cavab yoxdur, “HƏMAS”-ın siyasi liderinə qarşı törədilən təxribatın təfərrüatları məxfilik örtüyünə büründüyündən və ipucu olmadığından ekspertlər baş verənlərlə bağlı hər hansı real versiya irəli sürməkdə çətinlik çəkirlər. Hazırda isə ən inandırıcı versiya Haniyənin İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “F-35 Adir” qırıcılarından atılan bir və ya bir neçə raketlə öldürülməsidir.
Amma bu belədirsə, deməli İranın Hava Hücumundan Müdafiə (HHM) sisteminin “yuxuladığı” və düşmən təyyarəsini görmədiyi üzə çıxır. Çünki Tehranın mərkəzində yerləşən hədəfə raket zərbəsi endirmək üçün İsrailin F-35-ləri İranın hava məkanının ən azı 200 kilometr dərinliyinə getməli olub.
Halbuki, İranın eşelonlaşdırılmış çoxlaylı hava hücumundan müdafiə sisteminə Rusiyanın S-300 PMU-2 “Favorit”, “Tor-M1” zenit-raket kompleksləri (ZRK), “Avtobaza”, “Rezonans-N” və “Rezonans-N” radar sistemləri daxildir. “Səma-SVU” , həmçinin yerli hərbi sənaye tərəfindən hazırlanmış və iranlıların fikrincə, Rusiyanın “S-400 Triumf” raket sistemindən heç də zəif olmayan “Bavar-373” HHM sistemi də bu silahların sırasındadır.
Bundan əlavə, İranın HHM sisteminin komponentləri Tehranın Rusiyadan aldığı bir neçə çoxməqsədli və supermanevrli 4++ nəsil Su-35 qırıcıları ilə möhkəmləndirilib.
Açıq mənbələrdə yayılan məlumata görə, İsrail HHQ-nin “F-35 Adir” qırıcıları, öz növbəsində, dünyanın bu tipli ən uzaq mənzilli raketləri olan “Elbit Rampage” hava-yer aeroballistik raketləri ilə təchiz edilib. Onların çəkisi döyüş başlığı ilə birlikdə 580 kiloqram, maksimum hədəf nişanalma məsafəsi isə 200 kilometrdir.
Buradan belə qənaətə gəlmək mümkündür ki, iyulun 3-dan 31-nə keçən gecə İsrailin “F-35” təyyarələrinin hücum qrupu görünməz şəkildə İordaniya və İraqın HHM sistemlərini dəf edərək, İranın hava məkanına azı 200 kilometr daxil olduqdan sonra raket zərbələri endirib.
Qeyd edək ki, İsrail HHQ-nin pilotları İran ərazisində istənilən vaxt və öz seçimləri ilə havadan qəflətən məhv etməyi öyrənmək üçün dəfələrlə və tamamilə açıq şəkildə bu marşrutun istifadəsini təlimlərdə sınaqdan keçiriblər. Məhz bu məqsədlə İsrail son illərdə ABŞ-dan İsrailin ən qabaqcıl gizli texnologiyaları ilə zənginləşdirilmiş 50 “Adir” təyyarəsi alıb və həmçinin yəhudi dövlətinə baha 3 milyard dollara başa gələcək daha iyirmi beş “F-35” təyyarəsinin alınmasını təsdiqləyib.
Yeri gəlmişkən, müxtəlif vaxtlarda xarici mətbuatda “F-35” qırıcılarının İranın hava məkanında kəşfiyyat missiyaları ilə bağlı məlumatlar dərc olunub. Belə ki, 2018-ci ildə Küveytin “Əl-Jarida” qəzeti İsrailə məxsus iki “Adir” təyyarəsinin Suriya və İraqın hava məkanını adlayaraq İran ərazisinə daxil olduğunu və İranın HHM sisteminin tamamilə fəaliyyətsizliyi qarşılığında Bəndər-Abbas, İsfahan və Şiraz rayonları üzərində kəşfiyyat uçuşları keçirdiyini yazıb. İsrail HHQ-nin oxşar reydi ilə bağlı daha bir məlumat 2023-cü ildə dərc edilib.
Nəhayət, bu ilin aprelində İsrailin Dəməşqə endirdiyi hava hücum nəticəsində briqada generalı Məhəmməd Rza Zahedi də daxil olmaqla, 9 yüksək rütbəli SEPAH zabitinin öldürülməsinin cavabında İran raketlər və PUA-larla İsrailəb böyük zərbə endirdi. Lakin İsrail HHQ-nin buna reaksiyası məhdud, lakin çox ağrılı oldu - İranın Natanzdakı nüvə mərkəzi üzərində səmanı qoruyan HHM bazasının radarı vuruldu.
Maraqlıdır ki, həmin əməliyyatın necə həyata keçirildiyi barədə nə İran, nə də İsrail mətbuatında məlumat verilmədi. Lakin Yerusəlimdəki mənbələrin dediyinə görə, israillilər yenə də yüksəksəsli sürətə və dəqiqliyə malik “Elbit Rampage” raketindən istifadə ediblər. Yəni, bu dəfə də “F-35” qırıcıları İranın hava məkanına görünmədən daxil ola bilməsi fərziyyəsi yaranır.
Uzun illər ərzində İsrail HHQ-nin İrana kütləvi hücumuna əsas maneənin iki ölkənin dövlət sərhədlərinin son nöqtələri arasındakı məsafənin (təxminən 1,5 min kilometr) olduğu düşünülürdü. Halbuki, texniki xüsusiyyətlərə görə, “görünməzlik effekti”ndən istifadə edən “F-35” qırıcısının hərəkət diapazonu 1390 kilometri keçmir.
Ancaq bu, yalnız düz xətt üzrə uçuşu nəzərdə tutur. Döyüş əməliyyatları və ya gizli tapşırıqlar zamanı sürpriz faktoru və mürəkkəbliyi ön plana çıxdıqda, mürəkkəb profilli və ərazi konturları olan alçaq, bəzən isə cüzi hündürlüklərdə dolaşıq, “yırtıq” marşrutlardan istifadə edilir ki, bu zaman da təyyarənin yanacaq ehtiyatı ən uzağı 700-800 kilometrə çatır.
Bir sözlə, “Adir” təyyarələri İran ərazisindəki hədəflərə təkbaşına çata bilmək gücündə deyillər. Vəziyyəti düzəltmək üçün İsrail aviasiyası uzun müddət Amerikanın nəhəng “KC-707” tanker təyyarələrindən və ən yeni “KC-46A”-dan hücum edən döyüş qruplarını havada yanacaqla doldurmala bağlı məşqlər keçirib.
Ancaq burada başqa bir problem yarandı. İranlıların və onların müttəfiqlərinin texniki kəşfiyyat avadanlıqlarından İraq və ya Aralıq dənizi üzərində nəhəng “uçan yanacaqdoldurma məntəqələrindən” yanacaq doldurma faktını gizlətmək praktiki olaraq qeyri-mümkün bir iş kimi görünürdü.
Belədə məntiqli sual meydana çıxır: “Bəs o zaman İsrailin “F-35” təyyarələri İranın HHM sisteminin gözünə görünmədən bu maneəni necə dəf edə bildilər?” Amma bu sualın cavabı hələ ki, yoxdur.
Amerikanın nüfuzlu “Military Watch” nəşri Haniyənin ölümündən cəmi bir neçə saat sonra ehtimal edib ki, İsrailin “Adir” təyyarələrinin xarici yanacaq çənlərinin istifadəsi üsulunu işləyib-hazırlaya bilər. Bu zaman öz gizli profilini bərpa etmək üçün düşmən səmasına yaxınlaşdıqda təyyarə xarici yanacaq çənlərini atır.
Nəşrin şərhçilərinin fikrincə, İranın HHM sistemindəki Rusiya istehsalı olan “Rezonans-NE” radar stansiyası sayəsində Tehrana hücum edən İsrail qırıcıları qrupu çox güman ki, hələ yaxınlaşarkən vaxtında aşkarlana bilərdi. Çünki, əvvəllər bu stansiyalar “F-35-ləri tam gizli rejimdə aşkar etməyə qadir hesab olunurdular”.
“Lakin “Rezonans-NE” az nəzərə çarpan qırıcıları izləməyə qadir olsa da, onun hədəf barədə məlumatları İranın HHM sistemləri ilə mübadilə edə biləcəyi hələ də bəlli deyil. İranın HHM-i bu müşahidə məlumatlarından tam istifadə etmək üçün nə dərəcədə inteqrasiya olunub?”, - nəşrdə dərc edilən məqalədə sual verilir.
Yeri gəlmişkən, bu suallar Rusiya və İranın hərbi gücünü, xüsusilə də HHM sisteminin əsasını təşkil edən zenit-raket komplekslərinin nə dərəcədə etibarlı olmasını şübhə altına qoyur.
AzVision.az