İstanbul Konvensiyasının əhəmiyyəti nədir və üzv dövlətlər üçün hansı öhdəliklər qoyur?
11-09-2024, 09:44
Avropa Şurasının İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyası qadınları zorakılığın bütün formalarından qorumaq məqsədi daşıyan, qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə üzrə dövlətlərin üzərinə öhdəliklər qoyan ən əhatəli beynəlxalq-hüquqi sənəddir.
Konvensiya 2011-ci ildə imzalanma üçün açıq elan edilmiş və qəbul edildiyi tarixdən üç il sonra – 2014-cü ildə qüvvəyə minmişdir.
İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və ailə daxili zorakılığının aradan qaldırılması və qarşısının alınması üçün beynəlxalq səviyyədə ən mühüm sənədlərdən biridir. Konvensiya onu ratifikasiya etmiş dövlətlərdən tələb edir ki, qadınlara qarşı zorakılığın və məişət zorakılığının bütün formaları ilə mübarizə sahəsində hərtərəfli kompleks tədbirlər qəbul etsinlər. Konvensiyanın hər bir müddəası zorakılığın qarşısının alınmasına, qurbanlara yardım göstərilməsinə və təqsirkarların ədalət mühakiməsinə cəlb olunmasının təmin edilməsinə yönəlib. O, qadınlara qarşı zorakılığın, məsələn, məişət zorakılığının, təhdid etmənin, seksual təqibin və psixoloji zorakılığın müxtəlif formalarınn kriminallaşdırılmasını və qanunla cəzalandırılmasını tələb edir.
Konvensiyada aydınlıq gətirilir ki, qadınlara qarşı zorakılıq və məişət zorakılığı daha şəxsi məsələ sayıla bilməz və dövlətlər hərtərəfli və kompleks tədbirlər siyasəti vasitəsilə zorakılığın qarşısını almaq, qurbanları müdafiə etmək və təqsirkarları cəzalandırmaq öhdəliyini daşıyırlar. Konvensiyanı qəbul etməklə hökumətlər qadınlara qarşı zorakılığa və məişət zorakılığına “sıfır dözümlülük” yanaşmasının qəbulu üçün qanunvericiliklərində dəyişiklik etmək, praktiki tədbirlər görmək və resurslar ayırmaq öhdəliyini götürüblər.
İstanbul Konvensiyasında qadınlara qarşı zorakılığın “gender xarakterli” olmasından və ya “gender əsaslı zorakılıq” olmasından bəhs edilir və onların anlayışı verilir. Gender hər hansı bir cəmiyyətin qadın və kişilər üçün müvafiq hesab etdiyi sosial rollar, davranışlar, fəaliyyət və atributlardır. (maddə 3.c). “Gender” termininin izahının verilməsi həm də qadınlara qarşı gender əsaslı zorakılıq” anlayışını başa düşməyə kömək edir: “qadın olduğu üçün ona qarşı yönələn və ya qadınların qeyri-mütənasib olaraq zərər çəkdikləri zorakılıq” (maddə 3.d).
İstanbul Konvensiyası qadınlara qarşı gender əsaslı zorakılığın kriminallaşdırılmalı (və ya müvafiq hallarda digər şəkildə cəzalandırılmalı) olan bir neçə formasını müəyyən edir:
psixoloji zorakılıq;
davamlı təqib;
fiziki zorakılıq;
cinsi zorakılıq (o cümlədən zorlama);
məcburi nikah;
qadın sünnəti;
cinsi qısnama;
məcburi abort və məcburi sterilizasiya.
İstanbul Konvensiyasına əsasən, mədəniyyət, adət, din, ənənə və ya “şərəf (namus)” kimi anlayışlar bu zorakılıq növlərinin heç birinə bəraət qazandıra bilməz (maddə 42).
Konvensiyanın üzvləri yuxarıda qeyd olunmuş əməllərin törədilməsinə qəsdən kömək və ya təhrik etmə, cəhd hallarına görə cinayət təqibinin nəzərdə tutulması üçün zəruri qanunvericilik və digər tədbirlər görürlər (maddə 41).
Konvensiya dörd əsas fəaliyyət prinsipini əhatə edir:
qadınlara qarşı zorakılığın qarşısının alınması (qabaqlama);
qurbanların müdafiəsi;
qanunpozucuları barəsində cinayət təqibinin aparılması;
əlaqələndirilən siyasətlərin həyata keçirilməsi.
Bu dörd prinsip milli səviyyədə qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və bununla mübarizə üçün hərtərəfli tənzimləmə təşkil edir. Prinsiplər üzv dövlətlərin öhdəliklərini müəyyən etməyə kömək edir.
QABAQLAMA
Qanunpozucuları üçün islahedici proqramların hazırlanması və gender stereotiplərinin aradan qaldırılmasında medianın rolunun nəzərdən keçirilməsi;
Tərəflərin üzərinə məlumatlılığın artırılması kampaniyalarına və təhsilə vəsait qoymaq öhdəliyini qoymaqla zorakılığın qarşısının alınması;
Qadınlar və kişilər arasında bərabərliyin təbliğ olunması, qarşılıqlı hörmətin və ya münaqişələrin qeyri-zorakı həllinin təşviq edilməsi və gender stereotiplərinin şübhə altına alınması.
MÜDAFİƏ
Kifayət qədər və əlçatan sığınacaqların təklif edilməsi;
Qurbanların kompensasiya tələb edə bilməsinin təminatı;
Fasiləsiz (7/24 saat) xidmət göstərən qaynar xətlər, zorlama halları ilə bağlı böhran mərkəzləri, konsultasiya və sığınacaq kimi xidmətlər barədə məlumatların və həmin xidmətlərə çıxışın təmin edilməsi.
CİNAYƏT TƏQİBİ
Qadınlara qarşı zorakılığın müxtəlif formalarına anlayış verilməsi və onların kriminallaşdırılması;
Dövlət tərəfindən səmərəli cinayət təqibi aparılmaqla və ağırlaşdırıcı hallar nəzərə alınmaqla qanunpozucuları üçün mütənasib cinayət sanksiyalarının və ya digər hüquqi sanksiyaların tətbiq edilməsi;
İbtidai istintaq və məhkəmə prosesi zamanı qurbanların hüquqlarının, o cümlədən qurban uşaqların müdafiəsi üçün xüsusi tədbirlərin görülməsi.
ƏLAQƏLƏNDİRİLMİŞ SİYASƏTLƏR
Qadınlara qarşı zorakılıqla daha yaxşı mübarizə aparmaq üçün məhkəmə, prokurorluq, hüquq-mühafizə orqanları, yerli və regional hakimiyyət orqanları və QHT-lər arasında qurumlararası əməkdaşlığın təmin edilməsi;
İnsan hüquqlarına əsaslanan, qurbanların ehtiyac və hüquqlarının prioritet təşkil etdiyi siyasətlərin qəbul edilməsi;
Qadınlara qarşı zorakılığın bütün formalarının yayılma səviyyəsi ilə bağlı məlumatların toplanması və tədqiqatların aparılması.
Konvensiyasını ratifikasiya etmiş dövlətlər hüquqi cəhətdən onun müddəalarını həyata keçirməyə borcludurlar. Konvensiya iştirakçı dövlətlər tərəfindən onun icrasına nəzarət etmək səlahiyyətinə malik monitorinq mexanizmini belə müəyyən etmişdir.
Benefisiar.org