"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:38
ABŞ iki ən güclü xarici dostu ilə Ukrayna prezidenti Volodimir Zelenski və İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı çətin vəziyyətə düşüb. Vaşinqton hər ikisinə, hətta onların hərəkətləri ABŞ-ın uzunmüddətli maraqlarına zidd olsa belə, geniş hərbi dəstək verib. Lakin indi daha ayıq bir yanaşma lazımdır.
Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, keçən il ərzində Netanyahu ABŞ-ın Qəzzada müharibənin gərginliyini azaltmaq səylərinə dəfələrlə etiraz edib. Hətta ehtimal olunur ki, o, keçən ayın əvvəlində atəşkəsi təmin etmək üçün ABŞ-ın diplomatik səylərini qəsdən pozubmuş. Və son bir neçə gündə o, Livanda atəşkəsə razılaşdıqdan sonra Bayden administrasiyasını ictimaiyyət qarşısında rüsvay edərək geri çəkilib.
İndi o, "Hizbullah"a qarşı quru hücumu edərək irəliləyir. Livan rəsmiləri bildiriblər ki, ötən həftə "Hizbullah" lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən silsilə zərbələr 1000-dən çox mülki şəxsin ölümünə səbəb olub.
Vaşinqtonda heç kim Nəsrullahın ölümünə yas tutmayacaq və ya İsrailin İrana və "Hizbullah" kimi İran vəkillərinə qarşı özünümüdafiə hüququna şübhə etməyəcək. Lakin Netanyahunun Livanda müharibəni genişləndirmək qərarı Baydenin təmkin və diplomatiya çağırışları qarşısında baş verir.
Birləşmiş Ştatlar, sadəcə olaraq, Amerikanın qlobal reputasiyasına xələl gətirən, onu terrorçular üçün yeni hədəfə çevirən və ya onu İranla baha başa gələn və qalib gəlməyən müharibəyə cəlb edən münaqişədə İsraili dəstəkləyə bilməz. Hazırda Netanyahunun bu nəticələrdən qaçmaq planı yoxdur və o, münaqişəni cilovlaya biləcək diplomatiyanı sözdə dəstəkləyir.
Nəşr yazır ki, Netanyahu Baydenə Zelenski ilə müqayisədə daha açıq şəkildə meydan oxuyur. Lakin bu günlərdə onun hərbi məqsədləri ilə Amerika maraqları arasındakı uçurum getdikcə daha aydın görünür.
Ukraynanın işi ədalətlidir və onun suverenliyi qorunmalıdır, lakin yenə də Birləşmiş Ştatlar sonsuz müharibəyə, xüsusən də real nüvə riskləri daşıyan müharibəyə cəlb edilə bilməz.
Zelenski real atəşkəs üçün mənalı addımlar atmaq istəmir. Əvəzində israrla guya Ukraynanın bütün itirilmiş ərazilərini silah gücünə qaytarmağa çalışır.
Bu yayın əvvəlində Zelenskinin Rusiyanın Kursk bölgəsinə hücum planı o qədər riskli idi ki, bunu Pentaqondan gizlətmişdi (Netanyahu keçən həftə ABŞ rəsmilərinə Livanla atəşkəsdə maraqlı olduğunu bildirdiyi kimi. Əslində o, müharibədə yeni cəbhə açmağı planlaşdırırdı).
Bu arada, Zelenskinin keçən həftə Baydenə təqdim etdiyi "qələbə planı” daha çox silah tələbi və ABŞ tərəfindən onlara qoyulan məhdudiyyətlərə son qoyulması idi.
Niyə Bayden dostlarını cilovlamaq üçün daha çox şey edə bilmir?
Birincisi, o, demokratiyanı və müttəfiqlərini nəyin bahasına olursa, olsun, müdafiə etmək üçün güclü ideoloji öhdəliyi ilə məhdudlaşır. Bunlar layiqli məqsədlərdir, lakin onların birbaşa ABŞ-ın xarici siyasətinə yönəldilməsi İsrail və Ukraynaya lazım olan vaxtda təsir etməyi çox çətinləşdirib.
Zelenski və Netanyahu isə sərt mövqelərindən geri çəkilsələr, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar. Və nəzərə alsaq ki, onlar indiyə qədər Vaşinqtona məhəl qoymadıqlarına görə bir dəfə də olsun cəzalanmayıblar, niyə kursu dəyişsinlər ki?
Bu problemli dostların öz strategiyalarını ABŞ maraqlarına uyğunlaşdırması üçün Vaşinqton onlara şirinkləşdirici vəd təklif edə bilər - Ukrayna üçün müharibədən sonrakı təhlükəsizlik ehtiyacları üçün real plan;
İsrail üçün - Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasından götürüləcək iqtisadi fayda.
Bu variantların hər ikisi araşdırılır, lakin onlar Vaşinqtondan daha böyük yeni hərbi öhdəliklər tələb edə bilərlər – Ukraynanın NATO-ya tam üzvlüyü və ABŞ-ın Səudiyyə Ərəbistanı ilə müdafiə müqaviləsi.
Beləliklə, bu cür təşviqlər Vaşinqtonun daha sərt sevgisi ilə birləşdirilməlidir.
Başlanğıc üçün Ağ Ev, dostlarının maraqlarından uzaq olsa belə, ABŞ-ın maraqlarını necə gördüyünü açıq şəkildə ifadə etməkdən çəkinməməlidir. Bayden administrasiyası son vaxtlar Netanyahunu daha çox tənqid edir. Lakin o daha da irəli gedə, bəlkə də, daha da nümayişkaranə şəkildə tənqid edə bilər.
Zelenskiyə münasibətdə Bayden zərbələrini xeyli yumşaldıb. Güman ki, bunun səbəbi ABŞ-ın Ukrayana dəstək verməsinin Rusiyanı dayandıra biləcəyinə dair inamdır. Əgər belədirsə, deməli, plan baş tutmayıb.
Digər variant isə hər iki ölkəyə hərbi yardımın səviyyəsi ilə bağlı ola bilər. Ukrayna müahribəni təhlükənin səviyyəsini artırmadan real vaxt çərçivəsində başa çatdırmaq üçün strategiya qəbul etməyə hazır deyilsə, dəstəyin kəsilməsi növbəti sonsuz müharibədən qaçmaq üçün yeganə seçim ola bilər. Respublikaçıların həm Kremlə, həm də Kiyevə təzyiqi artırmaq təklifləri işə yaraya bilər və demokratlar onlara məhəl qoymamalıdırlar.
ABŞ-ın illik 3,8 milyard dollar hərbi yardım etdiyi İsrail Qəzzaya və indi də Livana hücumlarında Amerika bombalarından geniş istifadə edib. Seçilərsə, Harris hücum silahlarının tədarükünü məhdudlaşdırmaqda və Netanyahuya təzyiq göstərməkdə Baydendən daha irəli getməlidir. Eyni zamanda İran və onun etibarlı proksilərinin vintlərini sıxmağa davam edə bilər.
Təəssüf ki, Tramp administrasiyası çox güman ki, vintləri sıxmaqda maraqlı olacaq, lakin Netanyahuya təzyiq göstərməkdən çəkinəcək, necə ki Bayden Zelenski ilə elə edir.
Beləliklə, yanvar ayında Ağ Evə girən şəxs ABŞ-ın xarici siyasətini Amerika dəyərlərinə uyğunlaşdırmalı, eyni zamanda ABŞ-ın maraqlarına daha aydın şəkildə diqqət yetirməli və dostlarımızla çətin söhbətlərdən çəkinməməlidir.