Gəncəyə ikinci raket hücumundan dörd il ötür

Bu gün, 12:37           
Gəncəyə ikinci raket hücumundan dörd il ötür
Bu gün Vətən müharibəsi zamanı Gəncəyə ermənilərin ikinci raket hücumundan dörd il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci il oktyabr ayının 5-də Gəncənin raket atəşinə tutulması barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yaymışdı.

Saat 21 radələrində Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinin yaxınlığına düşdüyü üçün partlayışın təsirindən bina tamamilə yararsız hala düşür.


Həmin gün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, 5 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb. Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.