Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası müzakirə edilib

24-10-2024, 16:58           
Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası müzakirə edilib
Oktyabrın 22-23-də Astana şəhərində Xəzər Dənizi Məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) doqquzuncu iclası keçirilib.

Danışıqlarda Azərbaycanın , İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdirib.

İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını həyata keçiriblər, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda növbəti görüşünə hazırlıq məsələlərini, habelə beştərəfli sənəd layihələri üzrə danışıqlar prosesinin gedişatını müzakirə ediblər.

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya"ya görə, “düz çıxış xətləri” - sahil xəttinin girintili-çıxıntılı olduğu və ya sahilboyunda və onun bilavasitə yaxınlığında adalar sırasının mövcud olduğu yerlərdə sahillərin müvafiq nöqtələrini birləşdirən və çıxış xəttini yaradan düz xətlər nəzərdə tutulur.

Sənədə görə, düz çıxış xətlərinin çəkilməsi metodikası bütün tərəflər arasında ayrıca saziş ilə müəyyən edilir. Əgər sahilyanı dövlət daxili suların müəyyən edilməsi baxımından onu açıq-aşkar əlverişsiz vəziyyətə salan sahil konfiqurasiyasına malikdirsə, bu hal qeyd olunan metodika üzərində iş aparılarkən bütün beş tərəfin razılığının əldə olunması məqsədilə nəzərə alınır.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında "Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya" imzalanıb.

Konvensiyaya əsasən Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.

Sənədə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq.

Konvensiyaya görə, dənizlərin sektorlara bölünməsi materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə tutulmaqla aparılacaq. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq.

Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.