“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir?

25-10-2024, 07:47           
“Kürd açılımı”na terrorla zərbə:
Mərkəz rəhbəri: “PKK-nın içində fərqli qüvvələr heç də tərksilah olunmaq marağında deyillər”

Analitik: “Ərdoğanın BRİKS sammitinə qatıldığı vaxt terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər”

Ötən gün Türkiyənin paytaxtı Ankarada terror aktı həyata keçirib. Paytaxtın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub. Hadisə yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib. Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.

Yerlikaya qeyd edib ki, terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Rəsmi məlumatda qeyd olunub ki, TUSAŞ-a hücum həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib. Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

Ankara Baş Prokurorluğu paytaxtın Qahramankazan rayonunda TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal edilir. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır. Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir.

Analitiklər bildirirlər ki, Ankarada baş verən terror Türkiyəyə bir mesajdır. Bununla yanaşı, terror aktının PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi şübhələri azdır. Amma terrorun başqa bir təşkilat tərəfindən törədilməsi ehtimalı da öz aktuallığını qoruyur.

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da AYNA-ya bildirib ki, terror aktını böyük ehtimalla PKK törədib: “Maraqlıdır ki, bundan bir gün əvvəl Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı qrup tolantısındakı çıxışında PKK lideri Abullah Öcalanın əfvinə işarə edən nitq söyləmişdi. Türkiyə hakimiyyəti PKK-çıların tərksilah olunması qarşılığında 25 il həbsdə yatan terrorçu başçı 75 yaşlı Abdullah Öcalanın sərbəst buraxılmasını istisna etmir. Ancaq bugünkü terror aksiyasi məsələnin bu qədər sadə həll olunmayacağını göstərir. PKK-nın içində fərqli qüvvələr heç də tərksilah olunmaq marağında deyillər”.

“PKK-nın Qəndil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın “silahı yerə qoyun” əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır”. Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu PKK-nın həmin razılığa uyğun olaraq tərksilaha əməl edəcəyi anlamına gəlməyəcək”, - deyə Şahinoğlu vurğulayıb.

“Türkiyədə son terror hadisəsini xarici qüvvələrlə əlaqələndirənlər də var və bu zaman Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın BRİKS toplantısında iştirak etmək məqsəsilə Kazan şəhərinə səfərinə işarə ediblər. Ankarada terror hadisəsi baş verərkən türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşırdı. Yəni Türkiyədəki bəzi siyasi və ekspert dairələrinin fikrincə, Qərbdə - yəni ABŞ-da Türkiyənin BRİKS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkiatına üzvlük istəyindən narahatlıq keçən qüvvələr var və bu qüvvələr PKK-çılar son terror aksiyasi vasitəsilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər”, - deyə Mərkəz rəhbəri fikrini tamamlayıb.

Analitik Asif Nərimanlı isə hesab edir ki, törədilən terror aktının iki məsələ ilə bağlantısı görünür: “Birincisi, Baxçalının məlum Öcalan açıqlaması və Türkiyənin "kürd açılımı" siyasətində yeni mərhələni başlatmaq planıdır. Öcalan-DEM üzərindən edilən bu həmlə PKK-nın Qəndil və siyasi qanadında parçalanmaya da yol açacaq. Görünür, kənarda qalmaq riski ilə üzləşən qruplar bu terror aktı ilə Türkiyənin həmləsini effektsiz etməyə çalışır, bu məsələdə PKK kartından istifadə edən ölkələr də maraqlıdır”.

“İkincisi, Türkiyənin Qərb qarşısında ciddi alternativ olmaq imkanları güclənən BRİKS-ə - "Qlobal Cənub"a yaxınlaşmasıdır. Ərdoğanın BRİKS sammitinə qatıldığı vaxt Ankarada terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.