Bir tunelin SİRRİ: İki nəfərin ölümünə SƏBƏB nə olub?
25-10-2024, 09:52
Oktyabrın 21-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağıb, yarımadanın bəzi yerlərində yağıntılar intensiv olub. Bildirilir ki, yağıntının miqdarı aylıq normanın 3,5 misli qədər olub.
Güclü yağış Bakı və Abşeronda fəsadlara səbəb olub, bəzi tunelləri su basıb. Sabunçuda yerləşən tuneldə subasma iki nəfərin həyatına son qoyub. Kürdəmir rayonundan olan 48 yaşlı Elnur Şirinov və 1995-ci il təvəllüdlü Köçəri Abbasov “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər. Yeri gəlmişkən, onların ölümü barədə sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilir. Belə ki, bəziləri onları “tok” vurduğunu, bəziləri avtomobildə yuxuya getdiklərini yazır. İddiaların bir qismi isə onlara hər hansı yardımın edilməməsi barədədir.
Sosial şəbəkələrdə yayılan başqa videoda isə vəziyyət tam fərqli görünür. Belə ki, deyib-gülən ikilinin lap yaxınlığına evakuator və xilasetmə qüvvələri gəlsə də, onların özlərinin çıxmaq istəmədiyi deyilir. Rəylərdə bildirilib ki, onlar çörək maşınını qoyub çıxmaq istəməyiblər.
Bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub. Qeyd edək ki, hadisənin baş verdiyi tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir. Məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tikinti zamanı nöqsanlara yol verildiyini istisna etməyib. “İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda, birmənalı qiymət vermək hələ tezdir”, - Eldar Əzizov jurnalistlərə açıqlamasında vurğulayıb.
Tunelin su ilə dolması onu deməyə əsas verir ki, nasoslar işləməyib. “Körpü Bina Tikinti” MMC nöqsanlara yol verilmədiyini açıqlayıb. MMC-nin direktor müavini Rüfət Göyüşov bildirib ki, Sabunçuda inşa edilən tunel tikinti norma qaydalarına uyğun inşa olunub. “Biz tuneli inşa edib başa çatdırdıqdan sonra sifariş verən quruma təhvil vermişik. Həmin vaxt tuneldə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə inşa olunan nasosxana, nasoslar və transformator işlək vəziyyətdə olub”, - o, “Sputnik”ə verdiyi açıqlamada deyib. Göyüşov məsuliyyətin sifarişçidə olduğunu bildirib.
Tikinti üzrə mütəxəssis Elnur Azadov isə deyir ki, sifarişçi təşkilatın bu kimi yol tikintisinin, yaxud körpünün qəbul olunmasında birinci funksiyası onun nə dərəcədə düzgün işlənilməsini qəbul etməkdir: “İkinci funksiya müəyyən dövr, yağıntılar zamanı bunlara nəzarət etmək və nə dərəcədə keyfiyyətli olmasını yoxlamaqdır. Əgər qüsurlar varsa, aidiyyəti qurumlar məlumatlandırılaraq qabaqlayıcı tədbirlər görülməlidir. Son baş verən hadisə onu göstərir ki, bu kimi işlərin aparılmasında boşluqlar var”.
Ölkəmizdə ən çox tunel və keçid sifariş edən qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Qurumun mətbuat katibi Anar Nəcəfli kanala bildirib ki, AAYDA tərəfindən sifariş verilən körpü, tunel və keçidlərdə mütəmadi olaraq monitorinqlər aparılır: “Suların kənarlaşdırılması üçün nəzərdə tutulan nasosxanalar növbətçilər tərəfindən daim nəzarətdə saxlanılır. Xüsusilə paytaxt ərazisində tunel və keçidlərdə olan rezervuarlara təkcə yağış suları deyil, həm də qrunt suları da yığılır. Suyun yığılma sürətindən və səviyyəsindən asılı olaraq oradakı nasoslar işə salınır. Hər bir keçiddə və tuneldə bir neçə nasos var. Həmin sistem şəhərin ümumi kollektorlarına qoşulu olur. Güclü yağışlar nəticəsində tunel və keçidlərdən suyun çəkilməsini təmin edən sistemlərin qoşulduğu kollektorlar suyu tam həcmdə ötürə bilmir nəticədə isə yağış suları tunel və keçidlərə dolaraq yığılıb qala bilir”.
Yada salaq ki, baş nazir Əli Əsədov bununla bağlı hökumət üzvlərinin iştirakı ilə toplantı keçirib, yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulayıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.
İclasda hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.
“Yeni Müsavat”