Azərbaycanda bankların şübhəli saydığı əməliyyatların sayı kəskin artıb - Səbəb nədir?
26-10-2024, 10:44
Ötən il bankların şübhəli saydığı əməliyyatların ümumi məbləği 8,1 milyard manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 3,8 dəfə çoxdur.
Keçən il Azərbaycan bankları şübhəli hesab etdikləri 1393 əməliyyatla bağlı Maliyyə Monitorinqi Xidmətinə hesabat təqdim edib.
Sputnik Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin maliyyə hesabatına istinadla xəbər verir ki, bu göstərici 2022-ci illə müqayisədə 31,8 faiz çoxdur.
Ötən il bankların şübhəli saydığı əməliyyatların ümumi məbləği isə 8,1 milyard manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 3,8 dəfə çoxdur.
Bundan başqa, ötən il investisiya şirkətləri şübhəli hesab etdikləri və ümumi məbləği 152,1 milyon manat olan 15 əməliyyat barədə Maliyyə Monitorinqi Xidmətini məlumatlandırıb. Bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 760,5 dəfə və 15 dəfə çoxdur.
Maliyyə Monitorinqi Xidməti bəyan edib ki, şübhəli əməliyyatlar bağlı hesabatların sayında müşahidə olunan artımın başlıca səbəbi "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulmuş aylıq nağdlaşdırma limitini pozan vergi ödəyiciləri ilə bağlı hesabatların 2023-cü ildən şübhəli hesabat kodu altında Xidmətə təqdim edilməsidir.
Aylıq nağdlaşdırma limiti nə qədərdir?
Qeyd edək ki, "Nağdsız hesablaşmalar haqqında" qanunun məqsədi Azərbaycan ərazisində aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.
Bu qanuna əsasən, ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız həyata keçirilməlidir.
Qanunvericilikdə 30 min və 15 min manatlıq aylıq limit nəzərdə tutulur. Məsələn, dövriyyəsindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri üçün nağd məxaric əməliyyatları üzrə aylıq limit 30 min manat müəyyən edilib. Yəni dövriyyəsindən asılı olmayaraq bütün ƏDV ödəyiciləri təqvim ayı ərzində 30 min manata qədər nağd ödənişlər həyata keçirə bilər.
Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti Azərbaycan Prezidentinin 2009-cu il 23 fevral tarixli Fərmanı ilə yaradılıb. 2016-cı il 3 fevral tarixində yeni publik hüquqi şəxs – Maliyyə Bazarlarına Nəzarət Palatası – yaradılıb və Maliyyə Monitorinqi Xidməti onun tərkibinə daxil edilməklə Palataya maliyyə monitorinqi orqanı funksiyası verilib.
Azərbaycan Prezidentinin 2018-ci il 25 may tarixli Fərmanına uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsi və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılması məqsədi ilə Maliyyə Monitorinqi Xidməti publik hüquqi şəxs yaradılıb.