Absurd qərara Ali Məclisdən Talıbovsayağı cavab və ya Fuad Nəcəfliyə bir neçə sual
1-11-2024, 18:52
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xidməti avtomobili olan “Mercedes-Benz S 500” markalı bahalı maşın Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin balansına verilib.
Qeyd edək ki, ciddi bir funksiyası olmayan nümayəndəliyin balansında hazırda bir ədəd “BMW”, bir ədəd “NAZ-Lifan” markaları avtomobil var. Cəmi 7-8 aktiv işçisi olan daimi nümayəndəliyə 3-cü, özü də bahalı avtomobilin verilməsi başadüşülən deyil.
TNS Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə bu məsələ ilə bağlı sorğu göndərib və aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunub:
“İddia olunur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xidməti avtomobili olan “Mercedes-Benz S 500” markalı avtomobil Naxçıvanın Bakı şəhərindəki Daimi Nümayəndəliyinin balansına verilib. Bu, doğrudurmu? Əgər bu məlumat doğrudursa, daimi nümayəndəliyə bu qədər bahalı avtomobilin verilməsini nə ilə izah edirsiniz?
Niyə Ali Məclis sədrinin müavinləri nisbətən daha ucuz xidməti avtomobillə təmin olunub, daimi nümayəndəliyə isə daha bahalı və lüks avtomobil verilib?
Cəmi 6-7 nəfər aktiv işçisi olan nümayəndəliyə bu qədər bahalı avtomobilin verilməsi hansı zərurətdən doğub?
Ali Məclisin sədri seçiləcəyi təqdirdə Ali Məclisin balansında ali vəzifəli şəxsin istifadə edə biləcəyi avtomobil varmı?”
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi TNS-in sorğusuna cavabında faktı təsdiqləyib. Ali Məclisdən bildiriblər ki, qeyd olunan məsələ qurumun daxili işidir.
Ali Məclisin sabiq sədri Vasif Talıbov da məhz belə edirdi. Qanunsuz qərarlar qəbul edir və deyirdi ki, bu, bizim daxili işimizdir, heç ki bizim işimizə burnunu soxa bilməz. Vasif Talıbovun belə absurd qərarlarına görə necə cəzalandırıldığını bütün Azərbaycan xalqı gördü.
İndi isə keçək Ali Məclisin daxili işinə. Həmin bahalı avtomobil dövlət vəsaiti hesabına alınıb və qurumun vəzifəli şəxsləri ondan kefi istədiyi kimi istifadə edə bilməz. İndi dövlətin hansısa əmlakından, bahalı avtomobilindən kiminsə ailəsi öz şəxsi məqsədləri üçün istifadə edəcək, siz də deyəcəksiniz ki, gedin işinizlə məşğul olun, bu, bizim daxili işimizdir?
Deyəsən, Naxçıvan Ali Məclisində sorğuları başa düşəcək vəzifəli şəxs yoxdur. Ali Məclis həmin bahalı avtomobilin Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə verilməsinin hansı zərurətdən doğduğunu izah etməli idi.
“Mercedes-Benz S 500” markalı avtomobilin qiyməti 300 min manatdan bahadır. Bu avtomobildən paytaxt Bakıda yüksək vəzifəli şəxslər istifadə edir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin məsul vəzifəli şəxslərinin xidməti istifadəsi üçün belə bahalı avtomobillər verilməyib. Məsələn, Milli Məclisin komitə sədrləri “Mercedes-Benz E 300” markalı xidməti avtomobildən istifadə edir. Bu zaman belə bir sual ortaya çıxır. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinə niyə belə bahalı maşın verilib? Belə bahalı avtomobil daimi nümayəndəliyin nəyinə lazımdır? Bax bu suallara cavab verilməlidir. Ali Məclis isə Vasif Talıbovsayağı demək istəyir ki, əcəb eləməşik, gedin işinizlə məşğul olun.
Bu dəfə Ali Məclisə açıq sual ünvanlayırıq. 70 AA 150 nömrəli həmin avtomobil Bakı şəhərinə göndərilərkən onun Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin xidməti istifadəsi üçün olduğu bildirilib. Belə çıxır ki, həmin avtomobil Fuad Nəcəflinin xidməti istifadəsi üçün göndərilib? O, bu avtomobildən istifadə edə bilərmi?
Əgər bu məlumat doğrudursa, o zaman hörmətli Fuad Nəcəfliyə bir neçə sualımız var.
Sizin statusunuzda olan heç bir vəzifəli şəxs Bakıda belə bahalı avtomobildən istifadə etmir. Siz özünüzü Prezidentin digər nümayəndələrindən, köməkçilərindən daha üstün hesab edirsiniz? Naxçıvanda yerli hakimiyyətin qanunsuz qərarlarının qarşısının alınmasına məsul, onlara nəzarət edən vəzifəli şəxs kimi özünüz qanunları pozanda nə düşünürsünüz?
Naxçıvanda çox ciddi problemlər var. Məhz sizin Naxçıvana rəhbərlik etdiyiniz dövrdə Hesablama Palatasının apardığı yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Məhz sizin rəhbərlik etdiyiniz komandanın bacarıqsızlığı ucbatından dövlət başçısı Naxçıvana ayrılmış 179 milyon manat vəsaiti geri qaytarıb. Məhz sizin dövrünüzdə Naxçıvanda 60 mindən çox iş yeri bağlanıb, əhalinin sosial vəziyyəti daha da ağırlaşıb. Bu problemlərin həlli istiqmətində hansı addımları atacaqsınız?
Naxçıvanlılar hesab edirdi ki, siz bu barədə düşünür, ölkə başçısının etimadını doğrultmaq üçün əlinizdən gələni etməyə çalışırsınız. Ancaq yuxarıda qeyd etdiyimiz məlumat doğrudursa, deməli, siz Naxçıvan barədə, ölkə rəhbərinin etimadını doğrultmaq barədə deyil, Bakıda bahalı avtomobildə gəzmək haqqında düşünürmüşsünüz. Əgər belə deyilsə, Prezidentin nümayəndəsi kimi, bu məsələyə müdaxilə edin, Ali Məclis sədrinin bahalı avtomobilinin niyə Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə verildiyini aydınlaşdırın və tədbir görün. Naxçıvan ictimaiyyəti sizdən əməli addımlar gözləyir. Bu məsələyə münasibətiniz sizin Naxçıvanı, yoxsa özünüzü düşündüyünüzü sübuta yetirəcək.