İflasa uğrayan “islahatlar” – Paşinyan ən yaxınlarını qurban verir

Bu gün, 08:16           
İflasa uğrayan “islahatlar” –
Tiqran Köçəryan: “Bundan sonra növbəti addım hakim partiya üzvlərinin bəzilərinin həbsi olacaq”

Edmon Marukyan: “Nə vaxtsa Paşinyan özünə yaxın olanları qurban verməyə başlayacaq, həbslər olacaq”

Ermənistan Baş naziri Nikol Paşinyanın kadr dəyişiklikləri erməni ictimaiyyəti tərəfindən tənqid olunur və belə fikirləşilir ki, hökumət bu addımlarını islahat adı ilə cəmiyyətə təqdim etsə də, məqsəd başqadır.

Qeyd edək ki, Paşinyanın tələbi ilə noyabrın 18-i 6 yüksək vəzifəli məmur istefaya göndərilib. Bunlar Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan, İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan, Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan və Ali Şuranın sədri Karen Andreasyandır.

Erməni media eksperti, “Alpha News” agentliyinin redaktoru Tiqran Köçəryan istefaların səbəbləri barədə danışarkən deyib ki, Paşinyanın addımları Ukrayna Prezidenti Volodimir Zelenskinin 2-3 ay əvvəl atdığı addımlarla eynidir: “Zelenski narazılığı yumşaltmaq, insanları əsas mövzulardan bir az yayındırmaq üçün nazirləri işdən çıxartdı, amma sonra yenidən vəzifələndirdi. Əslində onları kifayət qədər yaxşı vəzifələrə təyin etdi. Eyni şey indi də Ermənistanda baş verir”.

“Burada başa düşmək lazımdır ki, önəmli olan kimin işdən çıxarılması deyil, kimin və niyə vəzifədə qalmasıdır. Armen Abazyan, Armen Qriqoryan, Anna Vardapetyan, Andranik Köçəryan və Suren Papikyan vəzifələrində qalıb. Yəni qlobal mənada ya Paşinyanın yaxın çevrəsinə daxil olanlar vəzifədə qalıblar, ya da Paşinyan hələ də onlarla bağlı istədiyi qərarı verə bilmir”, - deyə Köçəryan bildirib.

Paşinyanın növbəti addımlarından danışan ekspert vurğulayıb ki, yaxın aylarda hakim “Mülki Müqavilə” Partiyası üzvlərinin bəzilərinin həbsi gözlənilir: “İşdən çıxarılan bu altı məmurdan heç biri Paşinyanın başçılıq etdiyi inqilabda iştirak etməyib, lakin çox güman ki, bu altı məmurdan ən azı 3-4-ü yenidən dövlət idarəetmə aparatında vəzifə tutacaq. Çünki Vahe Qazaryan məsələn, nə pis iş görüb ki?! Nikol onu vəzifəsiz qoysun? Hesab edirəm ki, bu, cəmiyyətdə gərginliyin azaldılmasına yönəlmiş növbəti addımdır. Onu da qeyd etmək lazımdır ki, bu, siyasi nöqteyi-nəzərdən başa düşülən addımdır. Çünki ilk növbədə əvvəlki hakimiyyət və Rusiya Federasiyası olan ümumi və xarici düşmənə qarşı birləşmək lazımdır. Amma “keçmişlər” mövzusu keçmişdə qalıb, çünki onların heç biri 7 il yüksək vəzifə tutmayıb. İndi daxili düşmənləri tapmaq vaxtıdır. Bundan sonra növbəti addım hakim partiya üzvlərinin bəzilərinin həbsi olacaq. Sonra 2026-cı il seçkiləri gəlir. Burada Paşinyanın yeni komanda toplaması və xalqa göstərməsi mümkün olacaq ki, nə istəsə, onu da edəcək, kimisə vəzifədən uzaqlaşdıra və təyin edəcəm”.

“Ermənistanda başlanmış bütün islahatlar, hökumətin xarici siyasət təşəbbüsləri, korrupsiyaya və “keçmişin” qanunsuz varlanmasına qarşı mübarizə iflasa uğradı”. Bu sözləri isə “Parlaq Ermənistan” Partiyasının lideri, Ermənistanın xüsusi təyinatlı keçmiş səfiri Edmon Marukyan deyib.

Marukyan hesab edir ki, uğursuzluqlar fonunda hökumətin reytinqi sürətlə aşağı düşməyə başlayıb: “İndi hökumət reytinqi bərpa etmək üçün öz komanda üzvlərini qurban verir. Məhz bu adamların hakimiyyət aparatında olması ilə hakimiyyət bu gün müşahidə olunan total uğursuzluğa haqq qazandırmağa çalışır. Bu, Baş nazirin heç bir şeydə günahkar olmadığını göstərmək cəhdidir. Paşinyan hesab edir ki, bu məmurları qurban verməklə hökumətin imicini bərpa edə biləcək. Amma insanlar başa düşməlidirlər ki, sabah eyni vəzifələrə yeni adamlar təyin olunanda onlar da bu islahatların uğurunu təmin edə bilməyəcəklər. İslahatları başa çatdıra bilməyəcəklər və buna görə də onları bacarmadıqlarına görə işdən çıxaracaqlar. Amma bu, 2026-cı ildə keçiriləcək seçkilərə qədər ediləcək. İstənilən halda onlar vəd edilənləri yerinə yetirməyəcəklər”.

Marukyanın sözlərinə görə, islahatların həyata keçirilməsində irəliləyişin olmamasının məsuliyyəti Baş nazirin üzərindədir: “Paşinyan göstərməyə çalışır ki, Baş nazir tapşırıq verib, lakin tapşırıq icra olunmayıb, problemlər həll edilməyib, səbəb də məmurlardır. Amma bu belə deyil, əslində problem həm də tapşırıqların tərtibindədir. Məsələn, Paşinyan Gümrüyə gedən yolla maraqlanır, ona hesabat verirlər ki, yol hazırdır. Efirə çıxır, bu xəbəri deyir və cavab olaraq ona məlumat göndərilir ki, bu doğru deyil. Mən inanıram ki, bunu Paşinyana xəbər verən şəxs əslində məsələnin necə olduğunu bilmir. Bu, mütləq problemdir, amma ən böyük problem deyil. Problem Paşinyanın öz ətrafında elə bir atmosfer yaratmasıdır ki, ona pis xəbər deməkdən çəkinirlər. İnsan pis xəbər eşitmək istəmirsə, ona yalan danışacaqlar”.

“2018-ci il inqilabı korrupsiya və qanunsuz varlanma ilə mübarizə şüarları altında baş verdi və məhz bu neqativ halların kökünü kəsmək vədləri ilə indiki hakim komanda hakimiyyətə gəldi. Amma indi Baş nazir şəxsən bəyan edir ki, o, nəinki ölkəni talayanları məsuliyyətə cəlb edə bilməyib, yəni verdiyi vədləri yerinə yetirməyib, həm də ölkəni soyanların sırasına öz komandasının üzvləri də qoşulub. Yəni o, nəinki talanın qarşısını aldı, həm də ölkəni talamaq prosesinə yeni adamlar cəlb etdi”, Marukyan vurğulayıb.

Partiya sədri qeyd edib ki, məmurlara oğru demək asandır, lakin onlara qarşı heç bir tədbir görülmür. Eyni zamanda, Marukyanın proqnozlarına görə, hakim qüvvənin - “Mülki Müqavilə”nin reytinqi o həddə düşə bilər ki, nə vaxtsa Baş nazir öz yaxın adamlarını qurban verməyə məcbur ola bilər: “Səs-küylü həbslər ola bilər ki, bütün bunlar hakimiyyətin reytinqin yüksəldilməsi maraqları üçün olacaq. Bu, Paşinyanın çevrəsindən olan hər kəsin başına gələ bilər. Hətta Nikol ən yaxın adamlarını da qurban verə bilərş”.

Müəllif: Turan Abdulla
ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.