niyə bizim ictimai məkanlarda məşhur bəstəkarlarımızın yox, çoxlarının heç tanımadığı əcnəbi bəstəkarların əsərləri səslənsin?

Bu gün, 11:38           
niyə bizim ictimai məkanlarda məşhur bəstəkarlarımızın yox, çoxlarının heç tanımadığı əcnəbi bəstəkarların əsərləri səslənsin?
Özünə, dilinə, mədəniyyətinə, Xalqına, Dövlətinə hörmət etməyənlər başqalarından özlərinə, dillərinə, mədəniyyətlərinə, Dövlətlərinə hörmət gözləməsinlər.
Təbiət etibarı ilə çox tolerant insanam. Ancaq elə şeylər var ki, ondan keçmək olmur. Bu gün Azərbaycanın əksər ictimai yerlərində (istirahət məkanlarında, idman zallarında, mehmanxanalarda, böyük ticarət mərkəzlərində) ancaq əcnəbi musiqilər səslənir, mən hələ öz dillərində danışmağı ayıb, geridəqalmışlıq kimi qəbul edənləri demirəm. İş o yerə çatıb ki, ana dilində danışa bilməyən ölkə rəhbərlərindən biri saxtakarlıq edib guya səlis azərbaycan dilində başsağlığı mətni yazdığını ölkə KİV-lərində tirajlayır. Bu artıq vətəndaşlara hörmətsizlik və onları dolamaqdır.
Xüsusilə, ictimai yerlərdə ancaq əcnəbi bəstəkarların musiqilərinin səsləndirilməsi barədə dəfələrlə həm yazılı, həm də şifahi şəkildə ilk öncə Mədəniyyət Nazirliyinə, daha sonra isə Turizm Agentliyinə müraciət etsəm də bu günə qədər heç nə dəyişməyib.
Bir şeyi heç cür başa düşə bilmirəm ki, özümüzün dünya musiqi xəzinəsinə töhfələr vermiş Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Cövdət Hacıyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Səid Rüstəmov, Ramiz Mirişli və digər çoxsaylı bəstəkarlarımız ola-ola niyə bizim ictimai məkanlarda onların yox, çoxlarının heç tanımadığı əcnəbi bəstəkarların əsərləri səslənsin? Bu həm də öz milli musiqimizin təbliğatı olardı. Əminəm ki, ölkəmizdə olan əcnəbi qonaqlar da adlarını çəkdiyim dahilərin bəstələrini məmnuniyyətlə dinləyərdilər.
Bu problemin Dövlətimizin suverenliyi və müstəqilliyinə birbaşa təsir etdiyini heç kim unutmamalıdır.
Aslan Ismayilov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.