Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR

Bu gün, 10:30           
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə dair qərar çıxarıb.

Məhkəmə sözügedən qərarı Bakıda “Qış parkı”nın inşası zamanı evdən çıxarılan sakinlərin ifadələri əsasında verib.

Qeyd olunub ki, 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən çox yaşayış və qeyri-yaşayış sahəsi sökülüb, sakinlər isə köçürülüb. Sakinlər mülkiyyət hüquqlarına müdaxilədən şikayət edərək ədalətli məhkəmə prosesinin aparılmasını tələb ediblər.

Məlumata görə, AİHM hələ 2022-ci ildə sözügedən işlə bağlı əksər sakinin hüququnun pozulmasını müəyyən edib və təzminatla bağlı məsələnin həlli üçün vaxt verib.

Beləliklə, məhkəmə yanvarın 14-də qərarını elan edib və bu qərara əsasən hökumət 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro həcmində təzminat ödəməlidir.

Ödəniş isə 3 ay ərzində həyata keçirilməlidir.

Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən yeraltı avtodayanacağın üstündəki ərazidə salınan Qış bulvarı - Park və fəvvarələr kompleksinin açılışı 10 may 2013-cü ildə baş tutub. 7 hektar ərazini tutan bu nəhəng park bakılıların açıq havada aktiv istirahəti üçün nəzərdə tutulub.

Tikinti zamanı məcburi şəkildə sökülən evlərin sahiblərinə qərar verilmiş məbləğdən az ödənilən kompensasiya (hər kvadratmetrə görə 1500 manat) sakinlər arasında narazılıq yaratmışdı.

2009-cu ildə başlanan sökmələrə görə yüzlərlə insan evini tərk etməli olub. Mənzillərindən köçürülən sakinlərdən 52 nəfər AİHM-ə şikayət ərizəsi göndərib. Məhkəmənin 22 oktyabr 2015-ci ildə çıxardığı qərara əsasən evindən zorla çıxarılmış sakinlərdən biri olan Nuriyyə Xalıqovanın şikayəti təmin edilib və Azərbaycan hökumətinin ona ümumilikdə 62.500 avro təzminat ödəməsi tələb olunub. 2022-ci ildə AİHM 14 ərizəni birləşdirərək ərizəçilərin mülkiyyət hüququnun pozulduğuna qərar vermişdi. Məhkəmə eyni zamanda 4 ərizəçi ilə bağlı Avropa İnsan Haqları Konvensiyanın 6-cı maddəsinin pozulduğuna da qərar vermişdi. Lakin məhkəmə ərizəçilərə ədalətli təzminatların ödənilməsi barədə qərar verməyə hazır olmadığını vurğulayaraq, hökumətdən 3 ay ərzində uyğun təqdimat göndərməsini tələb etmişdi.

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Hacıbala Abutalıbov 2019-cu ilin oktyabrından baş nazirin müavini vəzifəsindən də azad edilib. 2001-ci ilin yanvar ayından 2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Abutalıbov haqda bu illər ərzində ziddiyyətli xəbərlər yayıb, korrupsiyada ittiham edilib. O cümlədən Bakıdakı söküntü işlərində ən çox narazılıq Abutalovdan olub. Tutduğu vəzifələrdən uzaqlaşdırılandan sonra onun səs-sorağı da kəsilib.

Bəzi iddialara görə, Hacıbala Abutalıbov əsasən Qaxda tikdirdiyi villada yaşayır, Bakıda Qaraçuxur qəsəbəsindəki evinə isə az-az hallarda gəlir.

Uzun illərdir Abutalıbovun ucbatından evsiz qaldığını deyən Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərin siyahısında onun adı yoxdur: “Mən özümə sığışdırıb, Avropa Məhkəməsinə müraciət etmədim. Hətta vəkilim ölkədə bir nömrəli vəkil, professor idi, mənə təklif etdi ki, Avropa Məhkəməsinə müraciət edim, ancaq razılaşmadım. Çünki bizim öz Azərbaycanımızın məhkəmələri, hakimləri var, mən niyə Avropa Məhkəməsini qatıb-qarışdırmalıyam? Üstəlik, əlimdə 3 məhkəmə qətnaməsi var, sadəcə, Abutalıbov onu icra etmək istəmir. Qanuna əsasən, sıravi vətəndaşlar məhkəmə qərarını icra etməzsə, 3 ilə qədər, dövlət məmurları isə 7 ilə qədər həbs oluna bilərlər. Bildiyiniz kimi, mənim Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən, həyəti parka açılan çox gözəl evim var idi. Mən orada böyümüşəm. O məhəllədə köhnə bakılılar yaşayırdı. Lakin illər öncə həmin ərazidə "Qış parkı" salınarkən milyonlar qazanmaq üçün başladılar ərazinin yeraltı strukturları nəzərə almadan tikinti işləri aparmağa. Nəticədə evim çökdü. Abutalıbov işdən çıxandan sonra başımı aldadıb, digərləri kimi məni də müvəqqəti yerdə yerləşdirdilər, dedilər ki, 5-6 aya yeni tikilən evə köçəcəksiniz. Evi tikən də Tamella adlı xanımdır, qalıb ortada. Məhkəmədə Quran gətirib and içdi ki, ərazidə ev tikmək üçün Abutalıbova rüşvət verib. Bildirdi ki, ya pulunu geri qaytarsınlar, ya da tikilinin baş çatmasına icazə verilsin. Evləri tikib, lakin sonra yarımçıq saxlayıblar, nəticədə Tamellanın banklara 10 milyondan çox borcu yaranıb. “Baksovet”də yaşayan bir oğlanı həbs etmişdilər, o da 5-6 ay həbsdə yatandan sonra dedilər günahı yoxdur, azadlığa buraxdılar. Əlbəttə ki, günahkar Abutalıbovdur. Beləliklə, 9 ildir ki, Abutalıbovun ucbatından evsiz qalmışam. Müvəqqəti verdikləri yer də “krişnaya” oxşayır. Karlson kimi indi damda-bacada yaşayıram.

Hacıbalaya yeni məktub yazmışam, göndərəcəm özünə. Məktubumda bildirmişəm ki, mən Şeyx Əbdül düzələn səmti tuturam, mərdimazar deyiləm, amma əlimdə məhkəmə qətnaməsi var, onu icra etməlisən. Ya evimi verməlisən, ya pulumu, ya da türməyə getməlisən, başqa yolun yoxdur.

3 ay əvvəl Hacıbalanı İlisuda istirahət edərkən gördüm. Mənə dedilər ki, onun burada villası var. Bir villası da Bakıda NZS qəsəbəsindədir. Mən istəsəm, onu evindən çıxardıb ataram bayıra, pulumu tələb edərəm. Amma adım, nüfuzum var. Üstəlik, dövlətin qanunları var, onu icra etmək lazımdır.

Ay Hacıbala, sənin övladlarının İstanbulda villaları, obyektləri var, özünün də kifayət qədər mülklərin var, mənim öz evimi qaytar mənə, ya da pulumu ver. Bunu etmək sənin üçün heç çətin deyil. Bu məsələnin sonuna qədər gedəcəm və sən mütləq həbsə gedəcəksən.

Yaşlı insanam, ömrüm başa çatanda məni heç olmasa normal bir evdən çıxartsınlar, yoxsa ki, damdan-bacadan deyil..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.