Yeni “demokratiya mayakı”: Kreml ABŞ-Ermənistan sazişinə necə cavab verəcək?
Bu gün, 00:04
“Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı İrəvanın suveren hüququdur. Rusiya isə öz növbəsində Ermənistanla əlaqələrini inkişaf etdirməyə davam etmək niyyətindədir”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq haqqında saziş imzalamasını şərh edərkən bildirib.
"Bu, bizim erməni dostlarımızın tamamilə suveren hüququdur. Ermənistanın bütün istiqamətlərdə münasibətlər qurmaq hüququ var. Biz hələ də əsas prinsipdən çıxış edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu münasibətləri yüksək qiymətləndiririk və onları daha da inkişaf etdirmək niyyətindəyik", - Kremlin nümayəndəsi deyib.
Peskov qeyd edib ki, ikitərəfli aspektlərdən əlavə, Moskva üçün inteqrasiya prosesləri, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq çox önəmlidir. "Bütün bunlar Ermənistana və onun xalqına əhəmiyyətli dividentlər gətirən əməkdaşlıqdır. Biz də məhz bu yanaşmadan çıxış edirik", - deyə o əlavə edib.
Aydındır ki, Peskovun sözlərinə o qədər də inanmaq olmaz. Bu səbəbdən də, sual yaranır: Moskva, ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinə əslində necə reaksiya verəcək? Şübhəsiz ki, bu saziş Rusiya tərəfindən ona vurulan zərbə və qıcıqlandırıcı faktor kimi qəbul edilir. Rusiya hansı addımları ata bilər? Bu, Kreml tərəfindən Bakı vasitəsilə İrəvana təzyiq göstərmək cəhdinə çevrilə bilərmi?
Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev Pressklub.az-a açıqlamasında bildirib ki, Moskvanın Ermənistanın Qərb ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları ilə yaxın təmaslarından narahat olduğu açıq-aydın görünür.
"Rusiya Xarici İçlər naziri Sergey Lavrov Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında müqavilə ilə bağlı artıq kifayət qədər mənfi tonda fikir bildirib. Və təkcə Lavrov deyil. Onlar artıq açıq şəkildə eyham vururlar ki, əgər Ermənistan Aİİ-dən çıxsa, bu ölkə enerjidaşıyıcılarını dünya bazarı qiymətləri ilə almalı olacaq. Bundan əlavə, Ermənistandan Aİİ ölkələrinə ixracın 80%-ə qədər məhdudlaşdırılacağı ilə konkret təhdidlər irəli sürürlər.
Məncə, bu sözlər boş təhdid deyil. Bu kontekstdə Peskovun Ermənistanın hər hansı beynəlxalq müqavilə bağlamaq hüququna malik olduğunu bildirməsi və digər fikirləri sadəcə görüntü xarakteri daşıyır", - deyə hüquqşünas bildirib.
Rusiya hansı digər addımları ata bilər? Ağayev bu sualı belə cavablandırıb:
"Fikrimcə, Ermənistan Aİİ-dən çıxmasa (ən azından İrəvan bu barədə açıq danışmır), Rusiya ona qarşı konkret tədbirlər görə bilər. Ermənistanın bu təşkilatdan kənarlaşdırılması onun iqtisadi maraqlarına çox ciddi zərbə olacaq. Biri var, təhdid, biri də var bu təhdidlərin həyata keçirilməsi.
Əgər Ermənistan Rusiya enerjidaşıyıcılarını - məsələn, neft və qazı dünya bazarı qiymətləri ilə almağa məcbur olsa və üstəlik, Aİİ ölkələrinə ixracı bir neçə dəfə azalsa, bu, ölkə üçün böyük zərbə olacaq. Ermənistan belə bir zərbədən sonra özünə gəlməyə bilər.
Kremlin İrəvana təzyiq göstərmək üçün Bakını məsələyə qatmaq cəhdinə gəlincə, məncə, buna ehtiyac olmayacaq. Çünki Rusiya iqtisadi sahədə qeyd olunan tədbirləri həyata keçirsə, bu kifayət edəcək", - deyə Ağayev əminliklə vurğulayıb.
Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili isə Telegram kanalında qeyd edib ki, Cənubi Qafqazda rolların dəyişməsinin şahidi oluruq: Vaşinqton bir neçə ay əvvəl Gürcüstanla Strateji Tərəfdaşlıq Sazişini ləğv etdi, bu gün isə Ermənistanla oxşar saziş imzalayır.
"Vaşinqtonun Tbilisi ilə münasibətlərinin pisləşməsi onun İrəvanla strateji tərəfdaşlıq haqqında xartiyanı imzalamasının əsas səbəblərdən biri ola bilərmi? Əlbəttə, ola bilər. Gürcüstanla strateji tərəfdaşlıqdan imtina edilməsi Vaşinqtonun artıq Cənubi Qafqazda strateji tərəfdaşının olmadığını göstərirdi. Bu, ya ABŞ-ın regionu tərk etməsi, ya da yaranmış boşluğun doldurulması anlamına gəlirdi. Bu boşluq isə məhz bu xartiya ilə dolduruldu.
Bu, Ermənistan üçün də zəruri idi. Çünki Gürcüstanın Avroatlantik icma ilə əlaqələrinin zəifləməsi, Ermənistanın həmin icmaya inteqrasiya yolundakı strateji logistikasını zəiflədir. İndi Ermənistan Avroatlantik icmaya doğru irəliləmək siyasətindən vaz keçməməli və Tbilisinin Brüssel və Vaşinqtonla münasibətlərindəki dəyişikliklərə cavab olaraq Rusiya ilə münasibətini yenidən nəzərdən keçirməli olduğuna daha əmindir", - deyə politoloq bildirib.
O qeyd edib ki, "Cənubi Qafqazda demokratiya mayakı" statusu yerini dəyişir və bu, aydın görünür.
"Çox güman ki, Ermənistan regional vətəndaş cəmiyyəti təşkilatları üçün Gürcüstanın oynadığı rolu da öz üzərinə götürəcək. Bu isə Azərbaycan üçün olduqca mürəkkəb məqamlar yarada bilər.
Brüssel Vaşinqtonun yolunu davam etdirəcəkmi? Çox güman ki, hə.
Eyni zamanda, unutmayaq ki, prezident İlham Əliyev də ötən həftə yerli telekanallara verdiyi müsahibədə Vaşinqtona strateji tərəfdaşlıq haqqında saziş imzalamağı təklif edib.
Və əlbəttə, Ermənistanın Avroatlantik icmaya inteqrasiya yolunun strateji logistika məsələsi açıq qalır. Bu, Gürcüstan vasitəsilə həyata keçiriləcək? Yoxsa Türkiyə vasitəsilə? Ermənistan, Türkiyə və ABŞ arasında bu məsələ ilə bağlı hər hansı plan varmı? Növbəti günlər bu məsələdə daha çox şey aydınlaşdıra bilər", - deyə Əhməd Alili vurğulayıb.
Rauf Orucov