Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 10:25
Bir neçə gün öncə Milli Qəhrəman Hökumə Əliyevanın ailəsindən oğurlanan pullar geri qaytarıldı. Cinayətdə iştirak edən şəxs isə dərhal saxlanıldı.
Azərbaycanda, demək olar, hər gün bank kartlarından külli miqdarda vəsait çəkilir. Belə çıxır, banklar və hüquq mühafizə orqanları kibercinayətkarları tez bir zamanda ifşa edə bilir. Üstəlik, vətəndaşa dəyən zərər ödənir.
Bu nümunə başqa cinayətlərin də üstünün açılmasına səbəb olacaqmı? İkinci məsələ, banklar vəsaiti oğurlanan digər vətəndaşların da pulunu geri qaytaracaqmı?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, kibercinayətkarlıq dünyanın bütün ölkələrində mövcuddur.
O, təəssüflə qeyd edib ki, bunun miqyası getdikcə genişlənir:
“Bu sırada bank hesablarına hücumlarla bağlı baş verən kibercinayətkarlıq daha sürətlə artır. Məsələn, şimal qonşumuz Rusiyada son bir ildə kibercinayətkarların bank hesablarına hücumları iki dəfə artıb. Son illər Azərbaycanda kibercinəyətkarlıqla mübarizənin səmərəli təşkili istiqamətində bir çox mühüm işlər görülüb. Elə bunun nəticəsidir ki, məlum hadisədən dərhal sonra vətəndaşın hesabından vəsait oğurlamış şəxslər aşkar edildi.
Bu işlərin daha uğurla aparılması və öz fəaliyyətini mütəmadi “təkmilləşdirən” kibercinayətkarlara qarşı daha səmərəli mübarizə aparmaq üçün hüquq-mühafizə orqanları yanında fəaliyyət göstərən aidiyyəti qurumların fəaliyyətinin yaxından əlaqələndirilməsi zərurudir. Daha yaxşı olardı ki, kibercinayətkarlıqla mübarizə bir mərkəzdən idarə edilsin – bu mənim şəxsi fikrimdir”.
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, Hökumə Əliyevanın oğurlanmış vəsaitinin geri qaytarılması və cinayətkarın saxlanılması kibercinayətkarlıqla mübarizədə müsbət bir nümunədir:
“Bu, hüquq-mühafizə orqanlarının və texnoloji infrastrukturun birgə effektiv fəaliyyəti nəticəsində mümkün olub. Ümumiyyətlə, bu tipli hadisələrdə cinayətkarın hərəkətlərinin izlənməsi üçün xüsusi kibertəhlükəsizlik alətlərdən və s. süni intellekt texnologiyalarından istifadə olunur. Cinayətkarların hərəkəti dedikdə IP ünvanlarının izlənməsi, şəbəkə analizləri və şübhəli tranzaksiyaların təhlili bu prosesin əsas hissəsidir. Bu da müasir texnologiyanın hüquq-mühafizə sahəsində necə böyük rol oynadığını bir daha göstərir. Lakin çox vaxt kibercinayətkarlar beynəlxalq şəbəkələrdən istifadə edirlər, buna görə də müxtəlif ölkələr arasında hüquqi əməkdaşlıq da vacibdir. Bu tip dələduzluğa məruz qalmış vətəndaşlar əlbəttə ki, bankların onların vəsaitlərini geri qaytarılması ilə bağlı məsuliyyətinə dair cəmiyyət arasında narazılıq yaranır”.
Elvin Həsənovun sözlərinə görə, banklar kibercinayət qurbanı olan müştərilərə dəstək göstərməli və onların vəsaitlərinin qaytarılmasına şərait yaratmalıdır:
“Əksər hallarda bu, bankın daxili qaydalarına və ölkə qanunvericiliyinə əsaslanır. Vətəndaşlar birmənalı olaraq kibertəhlükələrdən qorunmaq üçün məlumatlı olmalı, əməliyyat təsdiqləri üçün iki faktorlu autentifikasiya, güclü şifrələrdən istifadə və şübhəli əməliyyatlardan çəkinməlidirlər. Düşünürəm ki, bu konkret hadisənin uğurla həll olunması digər oxşar cinayətlərin açılmasına müsbət təsir göstərə bilər. Lakin unutmamalıyıq ki, kibercinayətkarlıq dinamik və daima dəyişən bir sahədir. Cinayətkarlar yeni texnologiyalardan istifadə edərək daha mürəkkəb metodlar tətbiq edirlər. Buna görə də vətəndaşların hər zaman ehtiyatlı davranmasında fayda var”.
Globalinfo.az bildirir ki, Hökumə Əliyevanın ailəsinə qarşı törədilmiş dələduzluq hadisəsindən sonra digər vətəndaşlar da ələ keçirilən vəsaitlərinin qaytarılması ilə bağlı hərəkətə keçib. Artıq yüzlərlə bank müşatərisi oğurlanan pulunun geri qaytarılması üçün aidiyyəti üzrə müraciət edirlər. İnsanlar sevinir ki, polis və bank bu cinayətin üstünü tez bir zamanda açdı, dələduz ifşa edildi. Demək, istək olanda bunu digər vətəndaşlar üçün də edə bilərlər. Yəqin ki, son hadisə kiberdələduzluqla bağlı baş verən proseslərdə dönüş nöqtəsi olacaq.