İcra başçılarının “bələdiyyə aləti” – Ləğv edilsin, ya da…

16-02-2025, 00:07           
İcra başçılarının “bələdiyyə aləti” – Ləğv edilsin, ya da…
Ölkədə bələdiyyələrin fəaliyyəti elə də ürəkaçan deyil. Zaman-zaman bu orqanların təsir mexanizmlərinin sıfıra bərabər olduğu bildirilir, hətta ləğv edilməsi istiqamətində fikirlər səsləndirilir. Qeyd olunur ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər.

Digər tərəfdən dünən Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərar qəbul edib. Yeni dövrə ümid edənlər də var, vəziyyətin dəyişməyəcəyini düşünənlər də…

Bələdiyyələrlə bağlı hansı dəyişikliklər edilməlidir? Növbəti mərhələ necə olacaq?

Globalinfo.az-a danışan REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, yerli özünüidarəetmə oqranlarının, bələdiyyələrin səlahiyyətləri və məsuliyyəti artırılmalıdır:

“Bunun yeganə yolu icra hakimiyyəti institutunun ləğvi, bütün səaliyyətlərin bələdiyyələrə ötürülməsidir. Bu baş verməsə, bələdiyyə arabanın beşinci təkəri kimi qalacaq. Ona görə də ümid edirik ki, yaxın zamanlarda Konstitusiya dəyişiklikləri yolu ilə Azərbaycanda yerli özünüidarətmə orqanlarının güclənməsinin şahidi olacağıq”.

Deputat Naqif Həmzəyev isə bildirib ki, xarici dövlətlərlə müqayisədə ölkəmizdə bələdiyyələrin sayı çoxdur:

“Sonuncu seçkilərdə əldə edilmiş say onu deməyə imkan verir ki, növbəti dönəm üçün bələdiyyələrin fəaliyyətində böyük dönüşün şahidi olacağıq. Bilirsiniz, bələdiyyə üzvləri də təsdiqləndi, yəqin yaxın günlərdə sədr və müavinlərin seçimlərini, həm gənclərin, həm də xanımların rəhbər vəzifədə təmsil olunmasını görəcəyik. Bələdiyyələrin qarşısında duran bir çox problemli məsələlər var. Ümid edirəm, onların həllinə bu dönəmdə nail ola biləcəyik. Xüsusilə növbəti illərdə bələdiyyələrə verilən səlahiyyətlərin düzgün istifadəsi mümkün olacaq. Həmçinin inanırıq ki, mövcud boşluqların dolması, vətəndaşlar və bələdiyyələr arasında koordinasiyalı fəaliyyət mümkün olacaq. Bələdiyyə universitetləri, avtobusları kimi bir çox məsələlərin hələ də həyata keçirilmədiyini görürük. Bu sahədə yeni yanaşmalar vacibdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.