Ermənistan seçim qarşısında:
16-02-2025, 11:48

Xəbər vedriyimiz kimi, 12 fevral 2025-ci il tarixində Ermənistan Respublikasına Azərbaycan Respublikası tərəfindən Avropanın Vəhşi Təbiətin və Təbii Yaşayış Yerinin Mühafizəsi üzrə 1979-cu il Bern Konvensiyasına əsasən başlanmış arbitraj işi üzrə iddia ərizəsi daxil olub.
Lakin Ermənistanın Azərbaycanın təzminat tələbini rədd etdiyi bildirilir.
Erməni mediasının xəbərlərinə əsasən, rəsmi İrəvan bu mübahisədə öz mövqeyini müdafiə etməyə davam edəcək.
Bəs bundan sonra nə olacaq? Ermənistan təzminat üçün pul verə bilmirsə, onun əvəzinə torpaq verilməsi gündəmə gələ bilər?
Bununla bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebheinfo.az"-a danışıb.
O bildirib ki, əslində Azərbaycan indiyə kimi rəsmi qaydada Ermənistandan təzminat olaraq torpaq istəməyib:
"Amma cəmiyyətdə belə bir fikir var ki, Ermənistan Azərbaycana təzminat ödəyə bilmirsə, onun əvəzinə torpaq verməlidir. Bu, Zəngəzur və ya başqa istiqamətə Azərbaycanın tarixi torpaqları ola bilər.
Çünki həmin torpaqlar sadəcə 100 il bundan əvvəl qeyri-qanuni şəkildə Rusiya tərəfindən Ermənistana verilib. Buna görə də onların kompensasiya kimi istəyə bilərik.
Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən 30 il ərzində torpaqlarımız işğal olunub və Azərbaycana həddindən artıq böyük ziyan vurulub. Ona görə də Ermənistan müharibənin qaydalarına uyğun olaraq bu təzminatı ödəməlidir. Artıq bununla bağlı rəsmi sənədlər beynəlxalq təşkilatlara da təqdim olunub".
Onun sözlərinə görə, Ermənistan təzminat ödəyə bilməsə, rəsmi Bakı tarixi torpaqlarını tələb etmək hüququna malikdir:
"Azərbaycan Ermənistandan təzminat istəyərək beynəlxalq qurumlar qarşısında üzərinə düşəni edib. Beləliklə, qarşı tərəf pul ödəyə bilmir, o zaman bunun müqabilində tarixi torpaqlarımızı geri qaytarsın.
Əgər İrəvan hakimiyyəti bu variantların hər ikisini də rədd etsə, o zaman Azərbaycan hərbi yolla özünün müəyyən etdiyi ölçüdə əraziləri təzminat əvəzi geri qaytara bilər.
Üstəlik, bu halda beynəlxalq təşkilatlar da ölkəmizə qarşı hansısa ittiham irəli sürə bilməyəcəklər. Yəni Ermənistan yaxşı düşünsün, ya təzminatı qaytarsın, ya da hərbi yolla alarıq".