Azərbaycanın idxalı ixracına çatdı: Bədbin proqnozlar reallaşır - İqtisadiyyat addım-addım geriyə doğru...
Dünən, 11:17

Hələ 2024-cü ilin sentyabrında Bizimyol.info yazırdı ki, ixracın bu sürətlə azalması, idxalın belə həcmdə artması tezliklə bərabərləşməyə aparır. Proqnoz özünü tam doğruldub. Azərbaycanın idxalı ixracına, demək olar, çatıb. 2025-ci ilin yanvarında ölkənin xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bunun artıq 49,7 faizi idxalın payına düşür.
Fevralda ümumi mənzərə dəyişməyib. İlin ilk iki ayındakı 8,9 milyard dollarlıq xarici ticarət dövriyyəsinin yenə təxminən yarısı idxalın hesabınadır. Ticarət dövriyyəsinin 4 milyard 766 milyon dolları ixracın, 4 milyard 138 milyon dolları isə idxalın aktivinə yazılıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın 0,3 faiz azaldığını görürük. İdxal isə 69 faizdən çox artıb.
Ölkə iqtisadiyyatında idxalın zamanla daha böyük çəkiyə malik olması narahatlıq yaratmaya bilməz. İstehsal imkanlarının həmişə məhdud görünməsi, bu istiqamətdəki sahələrin müstəqil ola bilməməsindən başqa mənzərə gözləməyə dəyməzdi.
Təkcə meyvə-tərəvəz idxalının həcminə nəzər yetirərək bədbinliyə qapılmaq olar. Hər halda, Azərbaycan əsasən kənd təsərrüfatı ölkəsi kimi tanınıb. Rusiya bazarları bizə həmişə ehtiyac duyub. İndi isə kənd təsərrüfatında da idxal payı artır.
Niyə belə vəziyyət yaranması barədə dəfələrlə yazmışıq. Susuzluq, əkin sahələrinin zəbt olunması, kəndlinin, fermerin, bu sahə ilə məşğul olan kiçik sahibkarın əzilməsi başqa ölkələrə möhtac qalmağa vadar edir. Yaradılan aqroparklar yalnız oliqarxlara xidmət göstərir.
Ərzaq məhsullarının idxaldakı böyük payını görmək də kədərlidir. Özümüzü heç nə ilə təmin edə bilmirik. Hansı sahəyə baxırsan, idxalsız addım ata bilmir.
Çay idxalı iki dəfədən çox artırsa, necə kədərlənməyə bilərik?! İqtisadiyyat elə sürətlə geriləyir ki, çatdırıb baş verənləri doğru-düzgün analiz etmək də olmur. Hansı bədbin proqnozu veririksə, gözləniləndən də tez özünü doğruldur. Yenə gələcəyə nikbin baxmaq olmur.
Bizimyol.info