Ukraynaya SÜRPRİZ HAZIRLANIR - Kiyev razılıq verməsə...

Dünən, 11:16           
Ukraynaya SÜRPRİZ HAZIRLANIR - Kiyev razılıq verməsə...
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin sülh yolu ilə həlli kontekstində Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirir. Bu məlumatı “Semafor” nəşri təqdim edib.

“Məsələ ilə tanış olan iki nəfərin fikrincə, Tramp administrasiyası Moskvanın Kiyevə qarşı müharibəsini dayandırmaq üçün gələcək razılaşmanın bir hissəsi kimi Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir. Ola bilsin ki, Tramp administrasiyası BMT-dən analoji qərar qəbul etməyi xahiş etsin”, - nəşr qeyd edib.

Bu arada, Kiyevin Donald Trampın Odessa limanının Rusiyanın nəzarətinə keçməsinə razılıq verə biləcəyindən ehtiyatlandığı ortaya çıxıb. Bu haqda “Nyu York Tayms” Ukrayna Prezidenti Vladimir Zelenskinin köməkçilərindən birinə istinadla məlumat yayıb.

BMT Ukraynanın izni olmadan onun ərazisinin bir hissəsini Rusiya ərazisi kimi tanıya bilərmi?

Siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a deyib ki, 3 ildir davam edən Rusiya-Ukrayna müharibəsi artıq hərbi müstəvidən siyasi və diplomatik səhnəyə daşınıb: “Gedişat göstərir ki, Tramp bu münaqişənin həllini Ukraynanın ərazi bütövlüyündən güzəştə getməsində görür. Müharibə təkcə döyüş meydanlarında deyil, beynəlxalq diplomatiya masasında da aparılır və görünən odur ki, Tramp administrasiyası Ukraynanı müəyyən güzəştlərə getməyə məcbur edəcək vasitələrə malikdir.

Rusiya üçün Ukrayna və ona bitişik ərazilər sadəcə coğrafi mövqe deyil, tarixi komfort zonadır. Ukrayna müstəqillik qazandıqdan sonra da Rusiya bu bölgəni tam əldən buraxmadı. Krımın 2014-cü ildə ilhaqı, Donetsk və Luqanskın separatçı rejimlər olaraq meydana çıxarılması bu strategiyanın nəticəsi idi. Bu gün baş verənlər də məhz həmin uzunmüddətli strategiyanın tərkib hissəsidir".

Həmsöhbətimizin fikrincə, bu gün dünya siyasətində güc balansı təkcə iqtisadi və hərbi resurslarla deyil, tarixi və geosiyasi irs üzərində də qurulur: “ABŞ və Avropa İttifaqı Ukraynanın Qərbə inteqrasiyası üçün müxtəlif siyasi və iqtisadi dəstək versələr də, bu, Rusiyanın hərbi və tarixi təsirinə qarşı yetərli olmadı. Üstəlik, Qərb ölkələri arasında Ukrayna məsələsində tam yekdil mövqe də yoxdur. Avropanın bəzi aparıcı dövlətləri, xüsusilə Fransa və Almaniya, Rusiya ilə münasibətləri tamamilə kəsmək istəmirlər. Bu isə Ukraynanın tam dəstəksiz qalmasa da, əvvəlki qədər güclü arxa cəbhəyə sahib olmaması deməkdir”.

A.Hüseynovun sözlərinə görə, BMT-nin bir dövlətin razılığı olmadan onun əraziləri ilə bağlı qərar verməsi prinsip etibarilə mümkün deyil: “Ancaq reallıqda beynəlxalq hüququn işləmə mexanizmi çox zaman güc balansına əsaslanır. Məsələn, Krımın 2014-cü ildə Rusiyaya birləşdirilməsinə görə BMT heç bir ciddi praktiki tədbir görmədi. Qətnamələr qəbul edildi, ancaq Rusiya veto hüququndan istifadə edərək prosesi blokladı. Eyni ssenari Donetsk və Luqansk üçün də keçərlidir. İndi isə Ukrayna üçün yeni təhlükə Odessadır. Bu şəhər Ukraynanın Qara dənizə çıxışında əsas limanlarından biridir və Rusiya üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Əgər Moskva Odessanı ələ keçirməyə nail olarsa, bu, Ukraynanın dəniz ticarətinə ciddi zərbə vuracaq və ölkənin iqtisadi potensialını daha da zəiflədəcək”.

Siyasi ekspertin ehtimalına görə, Tramp administrasiyasının Krımı Rusiya ərazisi kimi tanımaq istəməsi və hətta BMT-ni bu qərara sövq etməsi ehtimalı yeni bir mərhələnin başlanğıcı ola bilər: “ABŞ Ukraynanı güzəştə məcbur etmək üçün iqtisadi, diplomatik və hərbi təzyiqlərdən istifadə edə bilər. Xüsusilə də hərbi dəstəyin məhdudlaşdırılması Ukraynanı Rusiya ilə danışıqlara məcbur edəcək. Çünki müharibənin davamlı olması üçün silah və maddi dəstək əsas faktorlardan biridir. Əgər Ukrayna Qərbdən gələn yardımları itirərsə, o zaman Rusiya ilə danışıqlara getməkdən başqa çarəsi qalmaya bilər. Bununla yanaşı, ABŞ və Qərb dövlətləri arasında Trampın bu məsələyə yanaşması ilə bağlı fikir ayrılıqları da yarana bilər”.

A.Hüseynov bildirir ki, Rusiya hazırkı şəraitdə daha çox ərazi qazanmaqdan çox, mövcud nailiyyətlərini rəsmi şəkildə tanıtmağa çalışır: “Krım, Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyaya aid olduğunu beynəlxalq aləmə qəbul etdirmək əsas hədəfdir. Əgər ABŞ bu istiqamətdə addım atsa, bu, beynəlxalq siyasətdə böyük presedent yaradacaq. Çünki bir dövlətin başqa bir dövlətin ərazisini hərbi yolla ələ keçirməsi və sonradan bunun rəsmən tanınması beynəlxalq hüququn təməl prinsiplərinə ziddir. Bundan əlavə, Odessa məsələsi də ciddi təhlükədir. Əgər Rusiya Odessaya nəzarət edərsə, Ukrayna tamamilə dənizə çıxışını itirəcək və iqtisadi baxımdan kritik vəziyyətə düşəcək. Trampın bu məsələdə güzəştə getməsi ehtimalı Kiyevdə narahatlıq doğurur.

Dünya siyasətində güc balansı daim dəyişir, ancaq tarixi faktorlar heç vaxt nəzərdən qaçırılmır. Rusiya artıq öz təsir dairəsini qorumaq və gücləndirmək üçün uzunmüddətli planlar qurub. ABŞ və Avropanın Ukraynaya dəstəyi azaldıqca, bu planlar daha real görünür".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.