Demokratiya “siçan” tuta biləcəkmi?!
Dünən, 15:14

Dünyada indi “N” qədər problem var, amma təməl bir məsələ getdikcə daha aydın görünməyə başlayır və hələ ki, bu diskurs ciddi müzakirə olunmur.
Məsələ odur ki, avtoritarizm demokratiyadan daha effektiv olduğu üzə çıxır – bir daha, daha yaxşı olduğu yox ha, daha effektiv olduğu təsdiqlənir. Problem də budur ki, demokratiyanın effektivsizliyinin səbəbləri araşdırılmır, kökünə gedilmir, hətta bu tezis özünə demokratiya deyən ölkələr tərəfindən qəbul edilmir. Məsələ odur ki, “xəstə” öz “xəstəliyini” qəbul etməyəndə, “müalicə” həmişə uğursuz olur.
Demokratiya son illər “sosializmləşdi”, hətta SSRİ-ləşdi – sosializmin, SSRİ-nin ən böyük səhvlərindən biri o idi ki, problemləri görmürdülər, hətta problemləri görənlərə, onlar haqqında danışanlara qarşı aqressiv davranır, həbs edir, dəlixanalara salırdılar. Demokratik sayılan ölkələr də eyni yolla getdilər, hələ ki, getməkdə davam edirlər. Tezisləri belə yanlış ifadə edib yanlış da həyata keçirirdilər. Miqrasiya, gender, iqlim dəyişikliyi, “pandemiya” və s. “həssas” məsələlər haqqında əks fikir, tezis söyləyənləri gözümçıxdıya salıb siyasi səhnədən, ictimayi diskusiyadan silməyə, əsl SSRİ yanaşması və metodları ilə davranmağa başladılar.
Bunun ən böyük örnəklərindən biri Rusiyanın Ukraynaya təcavüzü oldu – səhv bir tezis irəli sürüldü ki, Ukrayna demokratiya, Rusiya avtoritardır, müharibə demokratiya ilə avrotitarizmin müharibəsidir. Absurd yanaşmadır – Rusiya aqressor, işğalçıdır, Ukrayna öz ərazi bütövlüyü uğrunda mücadilə edir, suverenliyini qoruyur, bu iki ölkənin hansı formada idarə olunmasının məsələyə nə dəxli var axı?! Bəyəm Ukrayna avtoritar olsaydı haqsız, ya da Rusiya demokratik olsaydı haqlımı olacaqdı?! Bu kökündən yanlış tezis müharibəyə münasibətə də təsir göstərdi, Qlobal Cənubun müharibədən kənar qalmasına, hətta Rusiyaya yaxınlaşmasına səbəb oldu. Çünki, onurğasız Avropa və ABŞ (Demokratların Amerikası, qlobalistlər) Ukraynanın beynəlxalq hüquq çərçivəsinə uyğun suverenlik uğrunda apardığı mücadiləni “demokratiya və avrotirazim” müharibəsinə çevirməklə absurdcasına Qlobal Cənubu bu müharibədən kənar qoydular və bu da ən çox Putinin, Kremlin işinə yaradı. Faktiki olaraq Qərbin “standartlarına” uyğun olmayan ölkələri elə həmin Qərb özü Rusiyanın yanına itələdi.
Eyni səhvi kollektiv Qərb Ermənistan məsələsində edir, absurdcasına Ermənistanı “demokratiya”, Azərbaycanı isə “avtoritarizm” elan edib məsələ baxmağa çalışdılar - əlaqəsi yox, mənasız yanaşma idi. Azərbaycan surerenliyini, ərazi bütövlüyünü qoruyurdu, beynəlxalq hüquqa uyğun davranırdı, öz torpaqlarını işğaldan azad edirdi – belədirsə, Azərbaycanın avrotitar üsullarla idarə edilməsinin məsələyə nə dəxli var idi axı?! Bax elə bu cür absurd yanaşdılar deyə, onların dili ilə desək, “avtoritarizm” olan Azərbaycan daha effektiv və uğurlu oldu, yenə onların yanaşması ilə söyləsək, “demokratik” Ermənistana qalib gələrək bir daha avtoritarizmin demokratiyadan daha üstün olduğunu göstərdi. Yəni, elə öz axmaq yanaşmaları ilə demokratiya sözünü gözdən salıb avtoritarizmin effektivliyini qəbul etdirdilər.
Həzarat, bu məsələ çox ciddidir, demokratiya böhran və hüsran içindədir, əgər insanlıq, bəşəriyyat demokratik təsisatların daha effektiv olduğunu sübut edəcək (söyləmək yox ha, sübut etmək) addımlar atmasa, avtoritarizm daha da güclənərək böyük problemə çevriləcək. Demokratiyanın effektiv olması üçün formal prosedurların mövcudluğu yetərli deyil, sözlərlə, içiboş tezislərlə, bəyanatlarla çıxış etmələri azdır, problemləri həll etməyin yollarını tapmaq lazımdır – yəni, problemləri effektiv həll edə bilmirsənsə, özünə demokratik deməyin nə anlamı var ki?!
Çin islahatlarının banilərindən biri Den Syaopinin maraqlı bir deyimi var: “Pişiyin hansı rəngdə – ağ və ya qara olması heç də əhəmiyyətli deyil, başlıcası odur ki, o siçanları tuta bilsin”, yəni, demokratiya problemləri həll etməyi, “siçanları tutmağı” öyrənməlidir...
Natig Cəfərli
TEREF