Ərdoğanla Paşinyanın sərhəd açılımı - Bakı nədən narazıdır?

Dünən, 12:40           
Ərdoğanla Paşinyanın sərhəd açılımı -
Türkiyə Ermənistanla quru sərhədi açıb. Bəli, elan edilib ki, 12 günlükdür. Məqsəd İrəvanın Suriya Ərəb Respublikasına humanitar yardım göndərməsinə şərait yaratmaqdır. Lakin bu qədər sadə görünən məsələnin xeyli mürəkkəb siyasi aspektləri var.
Anaxeber.info-nun siyasət şöbəsi yazır ki, Türkiyə ilə Azərbaycan arasında müəyyən soyuqluq yarandığı haqda iddialar dolaşdığı vaxtda, Ankaranın sərhədlə bağlı addımı bu şübhələri daha da artırır. Sanki 2009-cu il, Sürix protokolları dövrünə oxşar ssenari təkrarlanır. O zaman da Ərdoğanın baş nazir, Abdulla Gülün prezident olduğu Türkiyə Ermənistanla quru sərhədləri açmağa hazırlaşırdı. Hətta Bursada keçirilən futbol oyununa baxmağa o dövrkü erməni prezident Serj Sərkisyan da gəlmişdi. Amma o zamankı xarici işlər naziri Əhməd Davudoğlu, prezident Abdulla Gül və iqtisadiyyat naziri Əli Babacanın öndərliyi ilə "Sürix" layihəsi ciddi müqavimətlə qarşılaşdı və geri qaytarıldı. Az qala sərhədləri açmağa hazırlaşan Türkiyə iqtidarına ən ciddi təpki Azərbaycandan olmuşdu. Yəni rəsmi Ankara Bakının bu məsələdə həssaslığını yaxşı bilir.
İndi də Ermənistanla sərhəd açılıb. Bunun 12 günlük olduğu bildirilsə də, əvvəla Azərbaycana heç bir rəsmi məlumat verilməyib. Rəsmi Ankara rəsmi Bakını agah etməmiş bu qərarı verib. Ona görə də siyasi icmalçılar, iqtidara yaxın analitiklər səviyyəsində Türkiyənin bu davranışına səthi narazılıq bildirilməkdədir. Hər halda, Türkiyə sərhədi daimi açmayacaq. Əlbəttə, ABŞ və Avropa Birliyi çox istərdi ki, Türkiyə Ermənistanla sərhədi bağlamasın, daimi açıq qalsın. Xüsusən də əsas hədəf Ermənistanın Rusiyadan asılılığını azaltmaq cəhdidir. Qərb Türkiyənin regiona təsirinin güclənməsini, Rusiyanın azalmasını istəyir. Üstəlik, bu günlərdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanı açıq şəkildə təhdid etdi. İndiyə qədər belə bir hədə olmamışdı. Şoyqu çılpaqlığı ilə hədələdi ki, əgər Ermənistan Avrasiya İqtisadi Birliyini tərk edib Avropa İttifaqına inteqrasiyanı sürətləndirməyə başlasa, ölkə iqtisadiyyatı çökəcək, daxildə ciddi sosial partlayış baş verəcək. Rusiya generalı bununla Paşinyan iqtidarını çevriliş gözlədiyini işarə etmişdi. Belə bir təhdid dolu bəyanat səsləndiyi zamanda, Ermənistanı öz buxovuna alan Qərbin strateji hədəflərindən biri Türkiyə ilə sərhədlərin açıq qalmasıdır ki, hədyanlar təsirli olmasın. Amma Türkiyə Azərbaycanı hər addımda nəzərə almağa məhkumdur. İnandırıcı deyil ki, Suriyaya humanitar yardım üçün 12 günlük açıq saxlanan sərhədlər davamlı şəkildə belə qalacaq. Bu, Ankara-Bakı münasibətlərinə ciddi surətdə mənfi təsir göstərəcək, bölgədə Rusiyanın yeni həmlələrinə, xüsusən də Azərbaycana təzyiqlərinə səbəb verəcək. Çünki Rusiya Azərbaycanla Türkiyənin əlaqələrinin pozulmasından məmnun olardı, bundan istifadə edərək Bakıya təzyiq rıçaqlarını işə salmağa başlamaq istərdi. Ona görə, daxildə son günlər onsuz da ciddi problemlər yaşayan Ərdoğan iqtidarının Ermənistanla sərhəd mövzusunda bir də Azərbaycanı qarşısına qoyacağı real görünmür. Əksinə, burada Ermənistanı şirnikləndirmək, sərhədi 12 günlük açmaqla ağzında şirə buraxmaq taktikası var. Ermənistan bununla görür ki, Türkiyə ilə sərhədin açıq qalması necə faydalı bir məsələnin həllidir. Bu faktdan Paşinyan da daxildə istifadə edəcək, xalqa göstərəcək ki, Türkiyə ilə yolların açılması üçün şərtləri qəbul etmək lazımdır. Şərtlər isə bəllidir: Azərbaycanla yekun sülh sənədi imzalamaq, ərazi iddialarını konstitusiyadan yığışdırmaq və Zəngəzur dəhlizinin açılmasına razılıq vermək...
Yeri gəlmişkən Paşinyan çox çalışır ki, Türkiyə Ermənistan-
Azərbaycan sülh sazişi imzalamadan ölkəsi ilə sərhədi açsın. Ankaranın mövqeyi isə qətidir: İrəvan sərhədin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalıdır. Sülh sazişinin imzalanması ləngidiyindən Paşinyan Türkiyə ilə sərhədin açılması üçün başqa variantlar üzərində düşünür. Paşinyanın təlimatıyla bir neçə gün əvvəl Türkiyənin bir qrup jurnalisti İrəvana dəvət edilir. Ermənistanın baş naziri onların suallarına cavabında Türkiyə ilə münasibətlərin normallaşmasını istədiyi fikrini dönə-dönə təkrarlayır. Bundan sonra Paşinyan Türkiyə istiqamətində ikinci addımını atır. İrəvan Suriyaya humanitar yük göndərmək adıyla Türkiyənin sərhədi müvəqqəti açmasını xahiş edir. Ankara bu xahişə “yox” deyə bilməzdi, çünki söhbət Türkiyənin də dəstək verdiyi Suriyaya humanitar yardımın çatdırılmasından gedir. Beləcə, İrəvandan Suriyaya humanitar yardım aparan 4 yük maşını martın 21-də Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsindən keçib. Bu keçid məntəqəsi martın 31-dək açıq olacaq. Bununla 1993-cü ildən bağlı olan sərhəd məntəqəsi ilk dəfə açılmış oldu. Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib. Paşinyan bu sərhədin açıq qalması üçün Suriyaya kiçik həcmdə olsa belə humanitar yardımlar göndərməkdə davam edəcək.
Azər Talıbov

Anaxeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.